ŞƏHİDLƏR XİYABANINDA
Bu lal xiyabandan keçirəm sakit,
Keçirəm fikirli, qüssəli, qəmli.
Müqəddəs şəhidlər bu yerə sakin,
Burdan yaz da keçir payız qədəmli.
Bura gələnləri sükut qarşılar,
Burdan gedənləri yola salan yox.
Bu daş qapıları döyər yağışlar,
Açıb kimliyini xəbər alan yox.
Dünənki gülüşlər, dünənki səslər,
Donub, şəkil kimi hopub daşlara.
Yarımçıq arzular, sonsuz həvəslər,
Pərvanə eşqini çapıb daşlara.
Hələ şəhidlərin yarası qanlı,
Hələ də torpaqda qan ləkəsi var.
Bu dağ üstü “Parkın” başı dumanlı,
Kökündə zəlzələ təhlükəsi var.
Vətənin ucalan başının üstə,
Bu ölüm şimşəyi haradan çaxıb?
Baki, hər qranit daşının üstə,
Nə qədər qərənfil yağışı yağıb.
Oğul qeyrətinə sığınmış torpaq,
Bu gün göz yaşına , al qana təşnə.
Ha sinəyə çırpaq, ha dizə çırpaq,
Düşmən sevinəcək döyüb döşünə.
Şəhid məzarının ağırlığından,
Burda yer inləyir, göy ağı tutub.
Bu yurd zarımayıb sağırlığından,
Bu xalq əyilməyi çoxdan unudub.
Bura and yeridir, inam qibləsi,
Sınaq imtahanı, qeyrət dərsidir.
Burda hakim olub hər ruhun səsi,
Bu haray tarixin ibrət dərsidir.
Bir az asta yeri, asta gəz burda,
Yarası göynədir Ana torpağın.
İçirt göz yaşı da, içirt vüqar da,
Qoyma qəlbi dərddən yana torpağın.
Bu lal xiyabandan keçirəm sakit,
Keçirəm fikirli, qüssəli, qəmli.
Müqəddəs şəhidlər bu yerə sakin,
Burdan yaz da ötür payız qədəmli…