Lev Tolstoyun “‘Kreyser Sonatası’ novellasındakı Fəlsəfi Aspektlər: Mənəvi Çatışmazlıqlar və Əxlaqi Çökmənin Fəlsəfəsi

Lev Tolstoyun “‘Kreyser Sonatası’ novellasındakı Fəlsəfi Aspektlər: Mənəvi Çatışmazlıqlar və Əxlaqi Çökmənin Fəlsəfəsi
Lev Tolstoy, 19-cu əsr Rus ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olaraq, insanların daxili dünyasını, mənəvi dəyər və əxlaq prinsiplərini dərin təhlil edən əsərlər yazmışdır. Onun “Kreyser Sonatası” novellası, insan münasibətləri, sevgi, ailə və sənət anlayışlarını irəliləyərək müzakirə edir.”Kreyser Sonatası”, adi bir sərnişin qatarında baş verən dialoq ətrafında cərəyan edir.Tolstoy oxuculara cəmiyyətin təzyiqi altında yaşayan fərdlərin psixoloji və mənəvi çırpıntılarını göstərir. Əsas qəhrəmanı olan Posdnişev, həyat yoldaşı ilə münasibətlərini və insan duyğularını dərin şəkildə müzakirə edir. Əsərin fəlsəfəsi, sevginin yalnız fiziki tərəflərinin deyil, həm də mənəvi bağlılığın əhəmiyyətini vurğulayı. Onun xatırlamaları, sevgi və ehtiras haqqında geniş bir fəlsəfi çərçivə təqdim edir. Əsər, lirik bir parçanın, Beethovenin “Kreyser Sonata”sının təsiri altında cərəyan edir; bu musiqi əsəri, sevginin, kədərin və heysiyyatın narahatlıqlarını yansıdır Posdnişev obrazı, cəmiyyətin və evliliyin çürümüş dəyərlərini simvolizə edir.Onun xatirələri vasitəsilə Tolstoy, müasir dünyadakı insanların bir-birinə olan soyumasını və istehlakçı münasibətlərin artmasını vurğulayır. Lev Tolstoyun “Kreyser Sonatası” əsərinin başlanğıcı olduqca təsirli bir səhnə ilə oxucunun diqqətini çəkir. Hadisələr bir qatar səyahəti zamanı baş verir. Bu təkcə povestin məkanı deyil, həm də əsərin fəlsəfi atmosferini yaradan simvolik bir elementdir.Qatar — daimi hərəkətdə olan, keçmişdən gələcəyə doğru gedən, lakin məkan olaraq məhdudiyyətlər qoyan bir mühit kimi — Pozdnişevin həyatındakı dönüş nöqtələrini əks etdirir. Bu giriş oxucunu əsərin mərkəzində dayanan sevgi, ehtiras, cəmiyyət və mənəviyyat mövzularına hazırlayır. Qatar səyahəti sadəcə fiziki bir məkan deyil, həm də psixoloji və fəlsəfi bir simvoldur. Bu səyahət Pozdnişevin həyatında bir növ “daxili səyahət” kimi başa düşülə bilər. Onun keçmişini açıb paylaşması və həyat yoldaşı ilə bağlı faciənin hekayəsini danışması bu hərəkəti mənəvi bir təmizlənmə prosesinə çevirir.
Pozdnişev qatar vaqonundakı sərnişinlərin sevgi haqqında etdiyi ümumi söhbətlərə qarışır. Bu dialoqlar əsərin ilk fəlsəfi suallarını ortaya qoyur. Söhbətlərdən belə qənaətə gəlmək olar ki, cəmiyyət sevgini müəyyən çərçivələrə salır, onu ideallaşdırır, lakin əslində bu, çox vaxt yalnız ehtirasın və instinktlərin maskalanmış formasıdır. Pozdnişev isə bu mövzuda fərqli bir perspektiv təqdim edir. Pozdnişev qadınların geyimləri və davranışlarının kişiləri cəlb etmək üçün məqsədli olduğunu iddia edir.Onun fikrincə, qadınlar kişilərin ehtiraslarını oyandırmaqla, əslində, onlara hökm edirlər. Bu, cinslər arasındakı mürəkkəb güc münasibətlərini və cəmiyyətin qadına necə obyekt kimi baxdığını əks etdirir. Pozdnişev öz gənc illərindəki əyləncələrindən danışır. Bu xatirələr onun həyatında baş verən hadisələrin fonunu təşkil edir və onun xarakterindəki zəiflikləri göstərir. O, qadınlarla münasibətini yalnız ehtirasın idarə etdiyi bir təcrübə kimi təsvir edir. Pozdnişevin sərnişinlərlə söhbəti əsərin fəlsəfi və dramatik əsasını qoyur. Lakin əsərin daha sonra inkişaf edən hissələri onun öz həyat hekayəsini paylaşdığı bir sərnişinlə fərdi dialoq formasını alır. Bu sərnişin haqqında məlumat verilməsə də, onun varlığı hekayənin inkişafı üçün vacibdir. Pozdnişevin həyat hekayəsini paylaşdığı şəxs bir növ passiv dinləyici rolunu oynayır. Bu, Tolstoyun hekayənin fəlsəfi aspektini ön plana çıxarmaq üçün istifadə etdiyi bir ədəbi üsuldur. Oxucu, bu sərnişin vasitəsilə Pozdnişevin keçmişini, düşüncələrini və faciələrini dərk edir. Pozdnişev həyat yoldaşı ilə münasibətindəki səhvləri, qısqanclığın necə faciəyə səbəb olduğunu və öz davranışlarının məsuliyyətini qəbul etməyə çalışır. Onun monoloqları, keçmişdə etdiyi səhvlərin, qısqanclığın və ehtirasın necə ailəsini və özünü məhv etdiyini açıq şəkildə ortaya qoyur. Pozdnişev, bir tərəfdən, öz qəzəbini və qısqanclığını bəraətləndirməyə çalışır, digər tərəfdən isə etdiklərinə görə dərin peşmanlıq hissi keçirir.

Pozdnişevin həyat yoldaşı əsərin ən tragik obrazıdır. Onun haqqında məlumatı yalnız Pozdnişevin prizmasından əldə edirik, bu isə onun necə bir insan olduğunu tam anlamağı çətinləşdirir. O, ailə daxilində həm ehtirasın, həm də qısqanclığın qurbanına çevrilir. Həyat yoldaşının sakit və təmkinli xarakteri onun daxili dünyasını ört-basdır edir, lakin bu səssizlik qadınların o dövrdəki məhdudiyyətlərini simvolizə edir. Onun həyat yoldaşı, musiqiçi ilə olan münasibəti sayəsində azadlıq və şəxsiyyətini ifadə etməyə çalışsa da, bu cəhdlər onun üçün faciəli nəticələr doğurur. Muzikant — Skripkaçı obrazı, Pozdnişevin qısqanclığının əsas mərkəzində dayanır. O, həyat yoldaşı ilə heç bir açıq münasibət içində olmadığı halda, Pozdnişevin gözündə ailəni dağıdan bir simvola çevrilir. Onun obrazı daha çox Tolstoyun musiqiyə və sənətə münasibətini ifadə etmək üçün istifadə edilir. Tolstoy skripkaçı obrazı vasitəsilə musiqinin insanın hisslərini necə gücləndirdiyini göstərir. Pozdnişev üçün musiqi həyat yoldaşı ilə skripkaçının yaxınlaşmasının və ehtirasın oyandırılmasının bir vasitəsidir. Bu isə onun faciəsinin katalizatoru olur.
Lev Tolstoyun “Kreyser Sonatası” əsərindəki obrazlar bizi insan təbiəti, sevgi, ehtiras və mənəviyyat haqqında düşünməyə məcbur edir. Bu obrazlar vasitəsilə Tolstoy sadəcə hekayə danışmır, həm də oxucunu öz daxili ziddiyyətləri ilə üzləşdirir. Əsər bizi ehtirasın və qısqanclığın həyatımızı necə məhv edə biləcəyini dərk etməyə və ailə münasibətlərindəki əxlaqi məsuliyyətlərimizi sorğulamağa çağırır. Tolstoyun obrazları, sadə sözlərlə desək, cəmiyyətin güzgüsüdür Lev Tolstoyun “Kreyser Sonatası” əsəri, yalnız bir ailə faciəsinin hekayəsi deyil, həm də insan münasibətləri və cəmiyyətin əxlaqi çöküşü haqqında dərin fəlsəfi bir təhlildir.Tolstoy oxucunu mənəvi dəyərləri sorğulamağa və daha təmiz, əxlaqi həyat tərzinə doğru yönəlməyə çağırır. “Kreyser Sonatası” bu baxımdan həm ədəbi, həm də fəlsəfi dəyərini qoruyub saxlayan nadir əsərlərdən biridir.
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru