“Kitabçı” kitab evində Nicat Həşimzadənin yeni nəşr olunmuş “Sərhədsiz yazılar” kitabının möhtəşəm təqdimati

11.01.2025-ci ildə “Kitabçı” kitab evində Nicat Həşimzadənin yeni nəşr olunmuş “Sərhədsiz yazılar” kitabının möhtəşəm təqdimati məndə əminlik yaratdı ki:
Nicat gənc olmasına baxmayaraq, ədəbi mühitdə, diqqətli oxucu auditoriyasında, pedaqoji fəaliyyət göstərdiyi Azərbaycan Dillər Universitetinin rəhbərliyi, müəllim və tələbələri içərisində, elm adamlarının əhatəsində özünün sadələyi, cəsarəti, hədəfi, inamı ilə nüfuz qazanıb. Bunu təqdimatda iştirak edənlərin əhval-ruhiyyəsindən, çıxışçıların səmimi sözlərindən, 3 saat yorulmadan ayaqüstə dayanıb imzalama növbəsi gözləyənlərin simasından hiss etdim.
Yaşlı nəsillərin uzun illər “gənclər kitab oxumur” kimi arqumentsiz fikrini Nicat bu görüşdə alt-üst elədi. Yeni kitabında Azərbaycan klassik və çağdaş ədəbiyyatının, eləcə də 15-ə yaxın dünya ədəbiyyatı nümayəndəsinin əsərlərini sətir-sətir oxuyub, oxuduqlarını fikir süzgəcindən keçirib yanaşma tərzi, baxış bucağı ilə özünəxas mülahizələrini oxucularına təqdimi uğurludur.
Cəsarət uğurun təməlidir. Nicat cəsarətlidir. İki ədəbi düşüncəsinin adı bunu sübut edir: “Faciələrimiz nağıllardan başlayır” və “Kitablar bizi aldadırmı?” Niyə Nicat bəzi nağıllarımızın qəhrəmanlarını qınayır? Kitabı oxusanız bu maraqlı suala cavab taparsınız. Bir də onu əminliklə bildirirəm ki, “Sərhədsiz yazılar” sizi aldatmayacaq.
Nicatın bir neçə ay bundan əvvəl “dəm qazı” adlı kəmfürsət kabusun qurbanına çevrilən 23 yaşlı gənc istedad, poeziyamızın gələcəyi kimi təqdim etdiyim Rauf Ranın xatirəsinə ehtiramla çap etdirdiyi kitab onun dosta sadiqliyinin, sayğısının, ehtiramının, qədirbilənliyinin bariz nümunəsidir.




Gənc olsa da 8-dən çox kitabı, çoxlu ədəbi təssüratları müxtəlif mətbu orqanlarda işıq üzü görən Nicatı kaş şöhrətin şirinliyi, cazibədarlığı özünə dost eləyə bilməyə. Nicatın gələcəyinə və yeni-yeni uğurlarına inamım mənə diqtə edir ki, o, şöhrətə boyun əyməyəcək, həmişə qalib gələcək.
12.01.2025
Təbrik etdi: VAQİF OSMANLI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru