Weather Data Source: havadurumuuzun.com

Firuzə Məmmədli – 85

Firuzə Məmmədli – 85
Dəyərli şair, dəyərli pedaqoq Firuzə Məmmədlini 85 illik yubileyi münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.

FİKİRLƏR

Deyən, darısqaldı fikrimin yolu,
Odur ki, dilimdən fışqırıb çıxır.
Ahıl duyğuların əsarətindən
Deyərsən, kəlmə yox, muşduluq çıxır.

Başımda tükümdü, dayanır biz-biz,
Beynimdə, zehnimdə oyanır biz-biz.
Qızarır, bozarır, boyanır biz-biz,
Tıxnaşır, tıncıxır, hıçqırıb çıxır.

Dil də tapammıram barı yaşımla,
Dərd-sər – yarıbayarı yaşımla.
Didişə-didişə qarı yaşımla
Boş söz də, xoş söz də qışqırıb çıxır.

Öldürmür, diriltmir, canım deyildir,
Damarda durası qanım deyildir.
Ay Allah, bu sözlər mənim deyildir,
Niyə gözlərimdən püskürüb çıxır?!

Düşdüyü torpaqdan dikəlməsi yox,
Dən kimi cücərib yekəlməsi yox,
Düşməni yendirən bir kəlməsi yox,
Özümü özümdən küsdürüb çıxır.
2013

SƏBR ELƏ

Doğmalarını tərk edib, bəxt ardınca diyar-diyar düşənlərə

Bəhanə yox inciməyə, küsməyə,
Nəkarədir bizlə kəlmə kəsməyə!
Ha deyirəm durub özüm səsləyəm,
Kimsə çəkir ətəyimdən, “səbr elə”.

Ay Allahım bəxtəvəri, hardasan?
Bir qalanın şax divarı, hardasan?
Hər keçən gün vaxta varır, hardasan?
Tut ömrünün yedəyindən, səbr elə.

Sənlik deyil bu od-alov, yana dur,
Əl uzatma, barmaqların yanar, dur.
Balı bizə düşən deyil, kənar dur
Bu dünyanın pətəyindən, səbr elə.

Bəxt ardınca gör nə qədər qoşan var,
İndi ha çox heçə-puça coşanlar!
Üz-üzədi silahlılar-qoşunlar,
Daldalan daş-kəsəyindən, səbr elə.

Bu Gün ki var, hər dan üzü çırtlamır,
“Meydanları” meydan özü çırtlamır.
Sirr deyil a… Zaman sözü çırtlamır,
Çəkin də söz düzəyindən, səbr elə.

Küsüb gedən, bezib gedən, dön geri,
Şər-xatanı göndərənlər göndərir.
Heç bilirsən nə çəkir öz səngərin
Kəsəyəndən, küsəyəndən, səbr elə!
2013

NƏ YAXŞI

Yaddaşımda nə ki vardı, cəm etdim,
Gündüzləri gecələrə şam etdim.
Vərəqləri qələmimlə şum etdim,
Sözüm bitib-tükənmədi, nə yaxşı!

Çətinliyi dağdan aşan günlərin,
Ümidləri aşıb-daşan günlərin,
Duyğulara süfrə açan günlərin
Varağını bükəmmədim, nə yaxşı!

Mənə doğru şərin dizi qırıldı,
Ömrə-günə düşən izi qırıldı,
Vaxtın mizan-tərəzisi qırıldı,
Çəkdiyimi çəkəmmədi, nə yaxşı!

Səbrin əli ətəyindən uzunmuş,
Vaxt deyilmiş, itirdiyim qızılmış.
Daş-qaş olub taleyimə düzülmüş
Dərdi-sərdən çəkilmədim, nə yaxşı!

Nə biləydim, amansızdı çərx belə,
Tərs damarda Yeri-Göyü çalxalar.
Çox üzlərə astar olur arxalar,
Arxalıdan çəkinmədim, nə yaxşı!

Mağar qurdu taleyimdə bir səda,
Pərt etmədim ürəyimi qırsa da.
Yolsuzluğu yolum üstdə dursa da,
Duruşuna təpinmədim, nə yaxşı.
2013

Mənbə və təqdimat: Xəyal RZA

AYB Mətbuat Xidmətinin rəhbəri

>>>> DAHA ÇOX MƏLUMAT AŞAĞIDA <<<<

International Turkic Culture and Heritage Foundation

FİRUZƏ MƏMMƏDLİNİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ANARIN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

AZƏR TURANIN YAZILARI

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top