Weather Data Source: havadurumuuzun.com

KAMAL ABDULLANIN “ÖLÜLƏR”İ DİRİLTDİYİ “ELƏ BIL QORXA-QORXA” PYESİ HAQQINDA

KAMAL ABDULLANIN “ÖLÜLƏR”İ DİRİLTDİYİ “ELƏ BIL QORXA-QORXA” PYESİ HAQQINDA: Təkcənəlik – Kamal Abdulla ilə
20-ci əsrin ortalarında yaranmış çoxşaxəli cərəyan olan postmodernizm mədəniyyətin müxtəlif aspektlərinə, o cümlədən ədəbiyyat, incəsənət, memarlıq və ən başlıcası, teatra nüfuz etmişdir. Azərbaycan dramaturgiyasının kontekstində postmodernizm Azərbaycanın inkişaf edən şəxsiyyətini, tarixini və ictimai dinamikasını araşdırmaq üçün valehedici obyektiv təqdim edir.
Kamal Abdulla, müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Onun əsərləri, bədii dili, dramatik təsir gücü və insan psixologiyasına dərin nüfuz etməsi ilə seçilir. Dramaturqun “Elə bil qorxa-qorxa” pyesi, müasir Azərbaycan dramaturgiyasında postmodernizmin izlərini daşıyan mühüm bir əsərdir. Pyesin strukturu, üslubu və məzmunu, postmodernizmin əsas prinsiplərini – ənənəvi nizamları pozma, çoxluq və qeyri-müəyyənlik, parodiya, ironiya, metateatral yanaşma kimi xüsusiyyətləri əks etdirir. Bir bölümdən ibarət faciə Kamal Abdullanın “Ruh” adlı pyeslər kitabına aid olan sonuncu pyesidir. Digər pyeslərində olduğu kimi, bu pyesdə də hər iki dünya-xaos və kosmos arasında olan məsafələr, həmçinin bunlar arasında olan proseslərdən danışılır. Müəllif, bunu hələ əsərin əvvəlində, Səyyah Seyid Məhəmmədin “Sərvətnamə”sindən gətirilmiş nümunədə göyün o üzü olan xaosdan aşağı, yəni yaşadığımız nizam aləminə – kosmosa olan nəzər ilə göstərmişdir. Əsərdə xaos “göy üzündə ağ təpəciklərin olduğu məkan” olaraq təsvir olunmuşdur ki, bu da türk mifologiyasında hələ dünyanın Qara xan tərəfindən yaradılmayan nizamın mərhələlərini yadımıza salır. Belə ki, əsərdə dəfələrlə qeyd olunan “göy üzündən gələn səslər”, miflərimizdə dünyanın tanrı tərəfindən mərhələli şəkildə – yer, göy, dağlar, təpələr, otlar, heyvanlar və s şəklində yaranması ilə əlaqələndirilə bilər. Pyes daxilində bir neçə dəfə bu aləmlərin vəhdəti vurğulanır. Cəllad Məmmədqulunun qulağına gələn səslərin bəzən çox gurultulu olub bəzən isə eşidilməməsi bunu açıq şəkildə ortaya qoyur. Pyesdəki qəhrəmanların adları, proseslər xaos və kosmosu təmsil edir. Məsələn, Ağ kölgə və Qara kölgənin pyesdəki əsas qəhrəmanların adı olmağı da təsadüfi deyildir. Buradan da göründüyü kimi, müəllif, ağ və qara rənglərinin simvolikası ilə bir-birinə ziddiyyət təşkil edən hər şeyin həm də onunla əlaqədə–vəhdətdə olduğunu bildirmişdir. Pyesdə “o dünya”ya yola düşməyə çalışan Ruh obrazına təkidlə orada qalmayıb geri–“bu dünya”ya qayıtması tapşırılır. Ziddiyyətlərin xaos və kosmosu təmsil etdiyini nəzərə alsaq deyə bilərik ki, burada hər zidd olan şey bir gün qovuşur, həmçinin biz də postmodernizmlə yazıdan mifə qayıdırıq. Kamal Abdullanın obrazların adını və kimliyini seçməsi də təsadüfi sayıla bilməz. Cəllad Məmmədqulu (Ruh), Vəzir, Şah kimi obrazlar dramaturqun digər bir pyesi olan “Kim deyir ki, Simurq quşu var imiş?”dəki obrazlarla uyğunluq təşkil edir. Sanki obrazlar “Elə bil qorxa-qorxa” pyesində ölərək “o dünyaya–göy üzündəki xaosa” getdikdən sonra digər pyesdə Kapitanın nizamında peyda olurlar.
Pyesin əsas postmoderist xüsusiyyətlərindən biri də oyun texnikasıdır. Əsərdə Ruh ilə danışanda Ağ kölgənin əriyib yoxa çıxmasını, səslərin öz-özünə eşidilib yoxa çıxmasını müəllifin “Kim deyir ki, Simurq quşu var imiş?” pyesində Nağılçı, Şahzadə, Dev, Cəllad, Vəzir, Padşah və başqalarının Kapitana görünərək anidən yoxa çıxması ilə müqayisə oluna bilər ki, bu da oyun xüsusiyyətləri ilə xaosun kosmos ilə vəhdətini bir daha əlaqələndirir.
“Elə bil qorxa-qorxa” faciəsində Kamal Abdullanın paralel zaman-məkan kontekstində postmodernist cizgiləri ustalıqda təsvir etdiyini görmək mümkündür. Burada bir nəslin eyni labirintdə hərəkətini görürük. Məmmədqulu hələ uşaq ikən qulağına gələn ölmüş atasının “İntiqam!” səsinə uyaraq anasını və onun birlikdə olduğu Zəbullanı öldürərək şahın qulluğunda cəllad olur. Bu ilk paralelliyi təmsil edir. O, şah tərəfindən öldürüldükdən sonra sağ qalmış oğlu Karvanbaşı Allahverdinin eyni ifadə ilə Qarı nənə tərəfindən böyüdülməsi də bu labirinti davam etdirir. İkinci paralellik də eynilə atası kimi onun da İntiqam ilə ömrünü boşa keçirdib intihar edərək ölməsi ilə davam edir. Ruh o dünyadan gələk buna mane olmağa çalışsa da sonda “artıq hər şey öz yerindədi” deyərək paralelliyin Allahverdinin sağ qalmış övladı ilə davam edəcəyinə işarə edir. Bunu müəllifin “Unutmağa kimsə yox” romanında Bəhram və F.Q, “Labirint” hekayəsində müxtəlif obrazlarla təqdim olunmuş qətl hadisəsi ilə müqayisə etmək olar. Paralelliklər bizə göstərir ki, əsas olan insanlar və ya nəsilllər yox, mahiyyətin özüdür. Dünya dövr etdikcə insan öz mahiyyətinə qayıdaraq dövr etməlidir. Pyesdəki personajların hər biri bir növ “sosial maska” taxmışdır, amma bu maskalar cəmiyyətin onlara yük etdiyi rol və təzyiqlərdən çox, onların özlərinin qorxu və narahatlıqları ilə formalaşır. Həm də cəmiyyətin təklif etdiyi bir ideal “kimlik” yerinə, bu personajlar öz fərdi “kimliklərini” sorğulayarlar. Bu çoxluqlu yanaşma, postmodernizmin ən güclü özəlliklərindən biridir. Kamal Abdulla, insanın özünəməxsus qorxularını yalnız şəxsi səviyyədə deyil, həm də sosial kontekstdə təsvir edərək bildirir ki, hər səhv ödənməli olan bir borcdur və ödənərək o dünyaya gedilməlidir.
Pyesdəki əsas məsələ Ruhun bir yola düşməsidir. Ruhların geri gətirilməsi ilə Karvanbaşının həyatını alt-üst edən bütün gerçəkləri üzə çıxarır, yəni onu da xaosa sürükləyir. Kamal Abdulla sanki Şeyx Nəsruhllahın diriltməyə söz verdiyi “ölülər”i pyesində geri gətirərək insanların gizlətdikləri sirləri faş edir. Bu müqayisə bir növ “Cəlil MəmmədQuluzadənin ölüləri dirilsəydi, Karvanbaşı kimi yaşayan ölülərin həyatında nələri dəyişərdi?” sualına cavab vermək mənasına gəlir. Qədim miflərimizdə də müşahidə etdiyimiz imitasiya məsəsləsi vardır ki, burada da deyildiyi kimi, yol Ruhu aparacaq və sonra geri gətirəcək.Yolun aparıb-gətirməsi xaosdan kosmosa, kosmosdan xaosa keçidi təmsil edir. Biz bu hadisəni “Kim deyir ki, Simurq quşu var imiş” pyesində Kapitanın bir yerdən başqa yerə gedib-gəlib, sonra yenidən öz məkanında peyda olması ilə müqayisə edə bilərik. Bu pyesdə Kapitan nağıllar dünyasında gedir, öz dünyasına qayıdır və bu olanlar bir gəminin içərisində baş verir. Lakin “Elə bil qorxa-qorxa” pyesində gəminin əvəzinə “o dünya” və “bu dünya” var. Mifoloji təsəvvürlərə görə, dünya üç qatdan–yeraltı, yerüstü və bizim yaşadığımız orta dünyadan ibarətdir və hər birində ayrı-ayrı tanrılar hökm sürür. Göylərin tanrısı Ülgen, yeraltı tanrısı Erlik hökm sürür. Ülgen və Erlikin yaşadığı yerlər isə xaousu təmsil edir. Ruhun gedəcəyi bir yol var. Həmin yolun Erlikə doğru, yəni aşağı qata doğru gedir və geri gəlməsində Kamal Abdullanın intertekstuallığını görə bilərik.
İntertekstuallıq başqa mətnlərə keçiddir, yəni mətn içində mətn anlayışıdır. Yulia Kresteva tərəfindən keçən əsrin 60-cı illərindən başlayaraq istifadə olunmuşdur. Və bu o deməkdir ki, mətn içərsində başqa mətnə istinad edirik. İntertestuallığın tarixi hələ Jak Derridanın “Dünya mətndir, mətndən başqa heç bir şey doğru deyildir” anlayışı ilə meydana çıxmışdır. Derrida deyirdi ki, bizim yazdığımız cümlələr var və biz bu cümlələrə düşündüyümüz hər bir şeyi ifadə edə bilmirik. Ona görə, yazdığımız cümlələr fərqli mənaları ifadə edir. Biz bir ifadəni yazırıq və onu oxuyan hər bir şəxs fərqli mənalar yükləyir və bunun nəticəsində intertekstuallıq yaranır. Əslində postmodernizmin təməli də burdan gəlir. Və buna görə də bəzi mətnləri yenidən qurmaq lazımdır, yenidən qurmaq üçün də başqa mətnləri arxa fonda göstərmək lazım gəlir. Kamal Abdulla bir çox əsər və pyeslərində bundan istifadə etmişdir. O,əsərlərində ənənəvi hekayə strukturlarını parçalayaraq, fərqli perspektivlərin, hekayələrin və təcrübələrin iç-içə keçməsini nümayiş etdirir. Bu, müəllifin və oxucunun ilk baxışdan gözlənilən “doğru” hekayəni axtarması əvəzinə, müxtəlif hekayələrin daimi mübahisə və dialoqunu ortaya qoyur. “Elə bil qorxa-qorxa” pyesində də Cəllad Məmmədqulunun ruhunu o dünyaya aparıb geri gətirməsi hadisəsi buna misal ola bilər. O, yeraltı dünyadan yerüstü dünyaya çağırışla çıxır, daha sonra yenidən yerin altına geri qayıdır. Bu proses bizə qədim yunan yazıçısı Evripidin “Alkesta” əsərindəki bir mifi xatırladır. Alkesta mifinə əsasən Alkesta ölərək yeraltı dünyaya gedir, daha sonda yeraltı dünyada sonda Heraklın yeraltı dünya tanrıları ilə mübarizəsi nəticəsində geri qaytarılır. Bu proses Kamal Abdulla yaradıcılığında intertekstuallıqla göstərilmişdir.
Pyesdə yeraltı dünyadan gələn bir ruhun, yerüstü dünyada qala bilməyəcəyi göstərilir. Yeraltı dünyadan gələn ruh orada heç kimi tanımadığını deyir. Burada bir növ “Quran’i Kərim”ə istinad edilmişdir. Belə ki, dinimizdə axirət günü o biri dünyada ananın belə oğlunu tanımayacağı barasində məlumatlar vardır. Yəni müəllif pyesdəki bu səhnə ilə interteksuallıqda dini motivlərə istinad etmişdir. Ruh o biri dünyadan yerüstü dünyaya gəlir və burda yaşaya bilməyəcəyini anlayır. Yeraltı dünyada heç kimi tanımadığı halda yerüstü dünyaya keçid edərkən artıq insanları tanımağa başlayır. Karvanbaşı ilə dialoq qurur və yenidən yeraltı dünyaya qayıdanda nə danışdığını belə xatırlamır. Əsərdə qeyd edilir ki, çox ruh o biri dünyaya gedib, lakin heç biri orda qalmağı bacarmayıb. Burda da ölən insanın bir də geri gətirilə bilməyəcəyi fikrinə toxunulmuşdur ki, bu da dini inanclara intertekstual baxış kimi qiymətləndirilə bilər.
Kamal Abdulla, pyeslərində postmodern ənənələri davam etdirərək xaos və kosmosa yuxu motivi ilə yanaşmışdır. Bildiyimiz kimi, postmodernizmdə yuxu xaos və kosmosa keçidi simvolizə edir. Siqmund Freyd və Karl Yunqun da araşdırmalarından gələn yuxunun keçmiş travmaları göstərən bir vasitə olmağından danışılır. Kamal Abdullanın bu pyesində də hiss olunmayacaq dərəcədə yuxu motivindən istifadə olunub ki, ruh bir dünyadan digərinə gəlir, Karvanbaşı ilə danışır və sonra yenidən qayıdır. Digər bir nümunə isə Karvanbaşı Allahverdinin uşaq ikən Qarı nənə tərəfindən yatmasa Damdabacanın onu gəlib aparması ilə qorxutmağındadır. Damdabaca mifoloji olaraq xaos aləminin trikster obrazı kimi qiymətləndirilə bilər. O, xaosu, o dünyanın işığını təmsil edir. Zaman və məkan bir anda dəyişməyə başlayır. Bu hadisə “Casus” pyesindəki keçid ilə müqayisə oluna bilər. Postmodernizm zaman və məkan anlayışlarını da qıraraq, onları müxtəlif təzahürlərdə təqdim edir. “Elə bil qorxa-qorxa” pyesində, zamanın və məkânın mürəkkəbliyi, keçmiş və indiki an arasındakı sərhədlərin bulanıqlığı vurğulanır. Bu, personajların öz keçmişləri ilə əlaqələrini mürəkkəbləşdirir və onların daxili dünyalarındakı çətinlikləri tədqiq edir.
Pyesdə həmçinin retrospeksiyadan istifadə olunub. Yəni dəfələrlə keçmişə keçid edilib. Postmodernizmdə retrospeksiya, keçmişi yalnız “geri dönmək” kimi deyil, həm də keçmişin çoxsaylı təfsirlərini və anlamlarını təkrarlamaq, yeni formalarla yenidən canlandırmaq kimi görməkdir. Bu yanaşma, kompleks şəkildə şübhə altına alma və yenidən qurma prosesidir. Karvanbaşı ilə ruh danışan zaman bir anda məsələlər Pərnisənin, Məmmədqulunun zamanına, daha sonra isə Məmmədqulunun anası və necə cəllad olması ilə bağlı zamana qayıdır ki, burda da retrospeksiyadan istifadə olunmuş olur. Həmin keçidlər sanki heç keçid olmayacaq səviyyədə baş verir. Yəni əsərin içərsində bir anda keçidlər edilir. Bu da bir növ yuxu vasitəsi ilə olmuş olur və Karvanbaşı sanki bu olanları kənardan izləyir. Yuxu vasitəsi ilə ölünün bu dünyadakı insanlarla hesablaşmasını da göstərə bilərik. Ruh, özü ölümünə səbəb olanlardan intiqam almaması üçün, günahsız biri kimi oğlu Karvanbaşı ilə danışaraq onu fikrindən döndərməyə çalışır. Biz bunu yenidən “Qətl günü” romanı ilə müqayisə edə bilərik. Xəstə olan birinin öləndən sonra həyat yoldaşının yuxusuna girərək, həyatın əslində öləndən sonra başladığını deməyi ilə üst-üstə düşür. Kamal Abdulla mifoloji təsəvvürlərlə yenidən intertekstuallığa müraciət etmiş və mifik zamana geri qayıtmışdır.
Beləliklə, Kamal Abdulla postmodernizmi anlamağa çalışaraq insanların dünyasını daha geniş və müxtəlif bir perspektivdə də qiymətləndirir, postmodernizmin insanlığa gələcəkdə necə faydalı olabiləcəyini müzakirə edir. Kamal Abdullanın “Elə bil qorxa-qorxa” pyesi, postmodernizm anlayışının teatrda necə təzahür etdiyini gözəl şəkildə nümayiş etdirir. Əsərdə ənənəvi dramaturji strukturların və mövzuların pozulması, metateatral elementlər, ironiya və parodiya ilə zənginləşdirilmiş sosial təhlil, postmodernizmin xüsusiyyətlərini teatr səhnəsində əks etdirir. Pyesdə həm də tamaşaçı yalnız passiv bir izləyici deyil, aktiv bir düşünən insan kimi təqdim olunur və onlar teatrın, həyatın və gerçəkliyin təhlilinə cəlb edilirlər. Kamal Abdulla, postmodernizmin xüsusiyyətlərindən istifadə edərək, ənənəvi dram formasından daha kompleks və çoxşaxəli bir əsər ortaya qoyur. Bu əsər, Azərbaycan teatrında postmodernizmin necə inkişaf etdiyini və mədəniyyətin, sosial strukturların və insan təcrübəsinin necə yenidən şərh edildiyini göstərən vacib bir nümunədir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top