Weather Data Source: havadurumuuzun.com

İlahə Səfərzadə – Biri varmış, biri yox

İlahə Səfərzadə haqqında

Biri varmış, biri yox

(esse)

Həmişə istəmişəm ki, həyatımın elə bir çağı gəlib çatsın ki, artıq plansız yaşayım. Hər an, hər saniyə önümü görmədən, başıma nə gələcəyini, bir saat sonra nə edəcəyimi bilmədən. Dil ilə hər gün yenidən qurduğumuz bu aləmdə düşüncələr bir xəyal imiş, ya da xəyallar həqiqət, doğrularsa nağıl imiş. Xülasə, biri varmış, biri yox…

Uşaqkən nənəm hər axşamçağı bizi başına yığıb nağıllar danışardı. Mən orada olan ağlasığmaz əcaib hadisələrə heç təəccüblənməz, belə də olmalı imiş kimi hamısına şübhə etmədən istisnasız inanar, ancaq bütün nağıllardakı birinin var olanda o birinin niyə yoxa çıxdığına təəccüblənməklə qalmayıb həm də üzülərdim. Niyə bütün dünya birinin var, o birinin yox olmağına susur? Kor bir qaranlıqdayıqsa, bu gözlər niyə? Bütün ədalətsizliklərə gözdən pərdə asan səssiz və kar kainatdayıqsa, bu dil, bu sözlər niyə?

Payızın bir şüası var ikən o birinin buludun arxasına gizlənən günəşi, rəngi solmuş taxtalarının biri var olub o biri qırılmış köhnə skamya, arada biri var olub o biri olmayan dişləriylə ağzında nəyisə çeynəyib tənbəlcə uzandığı yerdən parkı seyr edən gözlərindən yorğunluq yağan yaşlı it, çörək qırıntılarının bir yerdə var, bir yerdə yox olan yeri acgözlüklə dimdikləyib ürkəkcə havaya qalxan qayğısız göyərçinlər, ağacın arxasında babasından gizləndiyini düşünən xoşbəxt uşaq, səmada bir-birini qovub yağış yağdırmaq üçün ikisinin var, digərlərinin yox olduqlarının fərqində olan iki balaca şən bulud…

Biri varmış, biri yox. Sonra necə oldusa, tək sətrlik ədalətsiz cümlələri sevməyə başladım. Qədim çağların qürurlu aristokratlarını xatırladırlar. Birinin yox olduğuna görə əsla üzr istəmir və heç vaxt heç nəyi açıqlamırlar. Nə üzləri qızarır, nə peşmanlıq duyur, nə də utanc.

Sürətlə parkı keçib gedərək harasa tələsən qadın göyərçinlər narahat olmasın deyə onların yanından ehtiyatla keçir, itin yatdığı yerə yaxınlaşanda isə fobiası ucbatından yolunu tamam dəyişir, üzünü qaldırıb səmadakı buludlara bir anlıq baxdıqdan sonra tez də saatına baxıb yeyin addımlarla tələsdiyi istiqamətə doğru gedir.

Sürətlə hərəkət edənlər, yəqin ki, nələrdənsə qaçırlar. Birinin var, birinin isə yox olduğunun fərqinə varmaq istəməyib boşluqda vurnuxur, kim bilir, bəlkə də, özləri ilə tək qalmaq onlara da dözülməz zülmət və can sıxıntısı gətirir. Güman ki, bütün bu qeylü-qal, qaçhaqaç, hər saniyəsini nə iləsə doldurmaq həşiri öz dəyərsizlikləri ilə üzləşməyin qorxusundandır. Sürət xoşbəxt olmağı bacarmayanların ardına sığındıqları kədərli bəhanədir. Özümüzə etdiyimiz haqsızlıqlar bir bəhanənin ardından daha sevimli görünür, şübhəsiz.

Biri varmış, biri yox… Ən birinci hansı yox olmuşdu, görən? Bəlkə, elə əvvəldən heç biri yoxuymuş? Yox olanın getdiyi məkan haraydı? Sonsuz kainatda heç bir nəsnə heç bir yerə irəliləyə bilmədiyi kimi sonsuz zamanlı bir dünyada da heç bir ulus, insan və ya tarix irəliləmir. Mövcud olan hər şey başıboş dönməkdə və zaman isə sürətlə axıb getməkdədir. Ona görə qədim çağların insanları qum saatını ixtira etdilər ki, zamanın yoxa çıxdığını gözləri ilə görsünlər. Təbiət məqsədsiz, kainat bikar və sərsəridir. Və ən əsası həyatda mütləq biri varkən, o biri də birdəncə yox olur.

Baba nəvəsinin əlindən yerə düşmüş çörəyi balacanın ağlamağına baxmayaraq göyərçinlərin önünə atır. Uşağın üzündə əvvəlki xoşbəxtlikdən əsər qalmır artıq. Tanrıdan ədalət umaraq etdiyimiz yaxşılıqlar ucbatından ya cəzalandırılacaq, ya da bağışlanacağıq. Ancaq etdiyimizə inandığımız yaxşılıqlara görə, yəqin ki, cəhənnəm qurulacaq daxili dünyamızda. Çünki Tanrı axmaq deyil.

İçimdən bir səs – yaxşılıq məhz bu səbəbdən pisliyə qarışdı – deyəndə həmişə özümlə danışan iç səsim dadıma gəlmədi bu dəfə. Yenə də biri var ikən o biri yox oldu. Sözlər də bir nağıldır. Varmış və yoxmuş…

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top