SEVGİ QUM SAATIDIR

SEVGİ QUM SAATIDIR
Qəlbim uzaqlardadı,
fikirlərim havada.
Özümü itirmişəm,
bilmirəm gəzim harda.
Hər gün boy-boy ucalan
bu şəhər divarları
çökür üstümə bir-bir,
qulağıma uzaqdan
darıxan səslər dəyir…
Fəsil – yarpaq tökümü,
köç edən quş sürüsü…
məni də varlığımdan
yox eləyib birisi…
Bu sevgi sovrulduqca küləyin əllərində,
mən oyuncaq olmuşam mələyin əllərində…
Hər gecə eyni yuxu,
hər sabah eyni yozum…
gücüm ona çatır ki, oturum şeir yazım.
Nə külək, yağış, nə qar,
nə saçımı ağardan səbəbsiz ayrılıqlar
təmizləyə bilmədi bu duyğunu qanımdan.
Gün keçdikcə çox sevdim
onu şirin canımdan.
Qaçanda qovaladım,
mən qaçanda o qovdu…
nə etdimsə yolundan bir an gen durammadım.
Gələndə döyməmişdi axı könül qapımı –
çalışsam da bu eşqi geri göndərəmmədim.
Yenə xəyallardayam,
asılmışam havadan.
Hərdən şeir yazıram,
bəlkə baş aldadıram…
Sevgi qum saatıdır –
qəlbimi doldurduqca
ağlımı boşaldıram…
02.11.2014.
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru