Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Nizami Məmmədzadə

Şair-jurnalist, publisist Nizami Zilli oğlu Məmmədzadə, 1957-ci ildə Borçalının Yuxarı Saral kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına, 2015-ci ildə Azərbaycanın Mətbuat Şurasının Ali Media mükafatına layiq görülüb. AYB-nin üzvü, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinn sədri, Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) rəhbəridir. 2016-cı il iyunun 1-ddə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti Fəxri adına layiq görülüb. 10 kitab müəllifidir. Yeni kitabları nəşrə hazırlanır. Gürcüstanın Marneuli şəhərində yaşayır.
Dünya
Bu gün varam, sabah yoxam,
Çal, ay dünya, çal ay dünya!
Yaşıl sinən gül-çiçəkli,
Arı çəkir bal, ay dünya!
Bir kimsəsiz bəndəyəm mən,
Müvəqqəti səs-küyəm mən,
Dünya, sənə qonağam mən,
Gəl könlümü al, ay dünya!
Sularında durulmuşam,
Hüsnünə mən vurulmuşam,
Bəzən küşüb qırılmışam,
Bu kefimi bil, ay dünya!
Dünya mənə qara olub,
Bizi pozan para olub,
Hər danışıq yara olub,
Dərdə çarə bul, ay dünya!
Məftun oldum varlığına,
Çox sıxıldım darlığına,
Keçdim sola, həm sağına,
Mənə çarə qıl, ay dünya!
Sənin ömrün çox-çox uzun,
Qoy şənlənsin oğlun-qızın,
Yola saldıq qışı, yazı,
İli belə sal, ay dünya!
Fərqi yox günün, ayın,
Ey insanlar günü sayın,
Bu dünyamız sirli oyun,
Bir tamaşa qıl, ay dünya!
Bu gün varam, sabah yoxam,
Çal, ay dünya, çal ay dünya!
Mən gedərgi, sənsə qalan,
Salamat qal, qal, ay dünya!
20 iyun, 2015-ci il. Marneuli.
Dünya
Dünya mənlə bu meydanda
Küştü tutub, cəng eyləyir.
Mənə hərbə-zorba gəlib,
Baş-beynimi dəng eyləyir.
İnsafını Allah alıb,
Kasıblara gün ağlamır.
Dünya belə bir dünyadır,
Heç kimsəni soraqlamır.
Dünya gəldi-gedər olub,
O heç kimi bağışlamır.
Hər kəlməsi neştər olub,
Dodağından zəhər damır!
Hər qapıda, hər ocaqda,
Neçə-neçə şəhid qanı.
Dünya belə bir dünyadır,
Onda insaf, mürvət hanı?
Namərdlərə meydan verən,
Mərd adamdan qaçan dünya!
Qartal kimi öz ovunu,
Tez götürüb uçan dünya!
Dünya, dünya, zalım dünya!
Biz gedərik, qalan dünya!
Dediklərin heç düz çıxmır,
Ömrü boyu yalan dünya!..


