Weather Data Source: havadurumuuzun.com

Qahirədə Ulu Öndərə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirləri davam etdirir. Cəmiyyətin binasında bu ilin iyulunda elan edilmiş “Azərbaycan və onun görkəmli şəxsiyyətləri” adlı məqalə müsabiqəsinin nəticələri açıqlanıb.

Zefernews.az AZƏRTAC istinadən xəbər verir ki, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə silsilə tədbirlərin təşkil edildiyini bildirib. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın sabitlik və inkişaf yoluna qədəm qoymasına misilsiz töhfələr verib.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında xatırladıb ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın Misir və ərəb dünyası ilə münasibətlərinin təməlini qoyub və çox əlamətdar haldır ki, bu günlərdə onun 100 illiyi Misirdə geniş şəkildə qeyd olunur. Dahi siyasətçi müsəlman və ərəb dünyası ilə siyasəti quranda onun gələcəyini görürdü. Bugünkü yüksəliş istiqamətində inkişaf edən əlaqələr bunun əyani sübutudur. Ulu Öndərin davamçısı Prezident İlham Əliyev öz ardıcıl addımları ilə münasibətlərimizi yeni, daha yüksək səviyyəyə qaldırmağa nail olub.

Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi həssaslıqla yanaşırdı. O, davamlı olaraq müxtəlif müsəlman ölkələrinə səfərlər edir, Azərbaycanla İslam aləminin əlaqələrinin inkişafına çalışırdı. Məhz ötən əsrin 90-cı illərində Ulu Öndərin Misirə səfəri iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verib, dövlətlərimiz arasında bir çox sahələrdə əməkdaşlığa dair yeni sənədlər imzalanıb. Sonrakı illərdə Prezident İlham Əliyev də Misirə səfər edərək bu əlaqələrin inkişafını davam etdirib. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin bu ilin əvvəlində Azərbaycana səfəri də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.

C.Məmmədov əlavə edib ki, bu gün iki ölkənin parlamentləri arasında da əlaqələr sürətlə inkişaf edir. Milli Məclisin sədri Sahibə Qafarovanın Misirə səfəri, eləcə də Misir Senatının və Nümayəndələr Palatasının sədrlərinin Azərbaycana səfərləri əlaqələrin inkişafına mühüm töhfələr verib.

Natiqlər müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar diləyiblər.

Qeyd edək ki, müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı təqdim olunub. Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqənin 5 qalibinin isə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.

Top