Ötən gün Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid olan Ağstafa rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğlu son mənzilə yola salınıb

Zəfərnews.az AZƏRTAC-istinadən xəbər verir ki, Ağstafa şəhər Şəhidlər xiyabanında izdihamlı keçən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Zəfərnews.az