Weather Data Source: havadurumuuzun.com

Ermənistan Silahlı Qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvana gətirilib

Dünən Ermənistan Silahlı Qüvvələri bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvana gətirilib.

Zəfərnews.az Xəzər xəbərə istinadən xəbər verir ki, qəhrəman şəhidimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra ailəsinin yaşadığı Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.

Qarşılanma mərasimində dövlət, hökumət və ictimaiyyət nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidimizin nəşi Badamlı qəsəbəsində torpağa tapşırılıb.

Səbuhi Tağıyev 1998-ci ildə Şahbuz rayonunun Şada kəndində anadan olub. Ailəsi Badamlı qəsəbəsində yaşayır.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Zəfərnews.az

Top