Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmir yazır

SƏSİNDƏ OVUNAN ADAM

(Asif Baba haqqında)

Soyadını bilmirəm. Heç özündən soruşmamışam da. Adıyla tanımışam ilk dəfə. Elə adıyla da möhürünü vurub dostluğa. Çox sual verməyi sevmir. Elə çox sual almağı da. Bir az sirlidi. Amma səsi özünü ələ verir. Mən də sərrafam bu sarıdan. Söz adamları haqqında yazdığım yazılar da belə doğulub. Təsvirlərim heyrət yaratsa da bu belədi. Bir sözün işığından tutub keçmişəm aydınlığa. Zülmət mənlik deyil.
Bu dəfəsə bir az fərqli alınacaq söhbətim. Bu dəfə səsinin işığında özümü, ruhumu tapdığım bir insan haqda danışmaq keçdi könlümdən. Nədənsə bütün fərqlilər məni tapır deyəsən. Ya özüm fərqli görürəm dünyanı, içindəki insanları. Həmişə işıqlı tərəflərindən baxmaq istəyimdəndi bəlkə insanların iç dünyasına ? Bəlkə də..
Əvvəlcə icazəylə bir şeirimi səsləndirdi, sonra yenə, yenə…Baxıb gördüm ki, şeirlərim dil açıb bu adamın səsində. Nöqtəsinəcən, vergülünəcən, nidasınacan. Bütün hisslərim, duyğularım hopub bu səsə. Düşündüm ki, həddən artıq həssas adamdı bu səsin yiyəsi. Bir işıqlı tərəfini kəşf etdim. Sonra öyrəndim ki, sevdiyi şeirlərə və dəyər verdiyi insanlara Tanrının gözüylə baxır. Təmənnasız və heç nə ummadan. Gözü toxdu dünya malından. Bu da bir işıqlı tərəf dedim. Əməyinə yerində və ürəkdolusu dəyər verməyəndə bir köşədə sakitcə oturar. Bütün həssas adamlar ki, qırılqandı deyə fikirləşdim. Beləcə inana-inana, öyrənə-öyrənə , işığından tuta-tuta daha bir dostu kəşf etmiş oldum özlüyümdə. Asif Babanı.
Bəlkə də çoxlarına tanışdı bu ad. Bəlkə də onu illərlə tanıyıb hiss etməyənlər, duymayanlar var. Bu yazıdan sonra təzədən kəşf olunacaq onlarçun Asif Baba. Bilmirəm. Bəlkə də.
Hər insan özünü qısa müddətdə ələ verməz. Amma tez zamanda öyrəndiyim, iç dünyasına bələd olduğum insanlar da var. Nə yaxşı ki, az da olsa var. Sadə, təvazökar , özündənnarazı, tərifə qaçmayan, ədalətsizliyə və haqsızlığa üsyankar, həmişə sözünə və özünə güvənən Asif Baba da qısa zaman çərçivəsində tanıdığım , doğmalaşdığım və güvəndiyim həmin o azlardandı. Yazıya qısa giriş etdim. Çünki bir başa mətləbə keçmək Asif Babaya haqsızlıq olardı. Onu bir neçə aydı ki, tanıyıram . Amma əgər məni bu yazını yazmağa vadar edirsə, demək onunla uzun bir yol yoldaşı olmuşuq. Bu qısa vaxtda özü də bilmədən , hiss etdirmədən onu müşahidə etmişəm, qıraqdan izləmişəm. Müəyyən qənaətlərə gəlmişəm. Səsləndirdiyi poeziya nümunələrin saf -çürük edə -edə öyrənmişəm ki, ürəyincə olmayan şeirləri özününküləşdirə bilmir. Nəyinsə və kiminsə xatirinə şeir söyləmək onluq deyil. Başa düşmüşəm ki, məqsədsiz dostluğa önəm verir. Məqsədi yalnız insan olmaq və insan qalmaqdı.
Fikirlərinin alt qatında gizlədir demək istədiklərini.Amma səsiylə ələ verir yaşadığı acıları. Həyatın bütün əzablarından keçmişəm deyir səsi. Özü dilinə gətirməsə də. Vaxtı ilə ədəbiyyat və incəsənətdə müəyyən iz buraxmış insanlarla yol yoldaşı olduğunu da, onlarla əməkdaşlıq etdiyini də hamı kimi özünü öyə-öyə dilinə gətirməz. Söz düşəndə danışar. İncəsənətə və sözə vurğundu. Onunçun diplom önəmli deyil. Əsas istedaddı , savaddı.
Bəs dostu necə seçir? İstedadınla şəxsiyyətin birləşəndə olursan Asif Babanın dostu. Həddən artıq üsyankarlığı və hövsələsizliyi olmasa qızıl kimi adamdı. Ən qorxduğu şey dost itirməkdi. Dostu ələkdən keçirənlərdəndi axı.
Torpağa, Vətənə , yurda bağlıdı. Bir də övladlarına. Səsiylə anladar duyğularını. Ürəyindən keçənləri səsindən duyarsan. Sürpriz etməyi sevər. Adamı sevindirməkdən xüsusi zövq alar. Dedim axı məqsədi insanlıqdı. Mükafat gözləməz. Bircə laqeydlik olmasın. Getdisə dönməz. Ona görə də hələ-hələ getməz. Hərdən sonda demək istədiyini əvvəldə , əvvəldə demək istədiyini sonda deyər . Bağışlaya-bağışlaya yadlaşar. Adam sərrafıdı. Bircə adına, səsinə , bir də Tanrısına sığınar. Heç kəsi yarı yolda qoymaz. Yarıyolda qalmağı da sevməz. Poeziya həyatının bir parçasıdı. Əlbəttə əsl poeziyadan gedir söhbət. Payızı şeirlərdən sevər. Qəribə darıxmağı var. Səsindən bilirəm. Bizim şeirlərimizin bir müəllifi də Asif Babadı. Ən az bizim qədər haqqı çatır sözümüzə. Ona görə də sözümü ona sevə -sevə etibar edirəm. Çünki bilirəm ki, onun kitabında əmanətə xəyanət yoxdu. Səsində qəribə yanğı var. Həsrəti, kədəri yaşamasa çatdıra bilməz. Sözü hərf-hərf, cümlə -cümlə səsinə köçürənlərdəndi. Tanrı səsinə bərəkət versin.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top