DƏRDLƏRİ İLƏ BARIŞMAYAN ADAMLAR KOLLÜEKSİYASI

DƏRDLƏRİ İLƏ BARIŞMAYAN
ADAMLAR KOLLÜEKSİYASI
(Qarmaqarışıq ovqat – yazıçının bir hekayəsindən
aldığım impulsla yazılanlar)
Yazıçı dostum Azad Qaradərəlinin yaradıcılığını son vaxtlar mütəmadi izləyirəm. Ən əziz, doğma adamı da onu həqiqəti bütün çılpaqlığı ilə deməkdən, yazmaqdan çəkindirə bilməz. O, çox az rastlaşdığımız düznəqulu yazıçılardandır.
Bu yazımda yazıçının “Kolleksiya” hekayəsindən söz açmaq istəyirəm.
Hekayə bu cümlə ilə başlayır: “Bilmirəm, dərdin nə olduğundan xəbərsiz ailələr necə qarşıladı bu müsibəti”.
Necə sərrast ifadədir: “…dərdin nə olduğundan xəbərsiz ailələr”.
Yaşadığımız boz-bulanıq cəmiyyətdə belə ailələr az deyil. Dərdsizlikdən, yaşam qayğısı nə olduğunu bilməməkdən, hətta itlərinin yeməyinə, “duş”una ayda bir pensiyaçının aldığı vəsaitdən iki dəfə çox maya qoyan ailələrlə bir dövrdə yaşamaq zorundayıq.
“Kolleksiya”nın ikinci cümləsi: “Amma bizim ailə dərdlə elə bağrı badaş idi ki, dərdi, azarı olmayanda, elə bil nəsə çatışmırdı”.
Nəydi dərdlərimizin lap acısı, lap hegemonu, lap qoluzorlusu, lap kəmfürsəti, lap adamyeyəni, lap Küpəgirən qarısı, lap Təpəgözü? Köçkünlük… Qaçqınlıq… Ozü də “məcburi köçkünlük”… Bu məcburiliklə necə barışasan? Bununla ancaq dərdi olmayanlar barışa bilər.
Belə utancverici adla yaşamaqmı olar? Torpağımız, meşəmiz, düzümüz, yamacımız, çayımız, bulağımız düşmən əlində, özü də namərd, xain, barbar düşmən əlində. Hələ bir “Yallı”mızı da mənimsəyib şıdırğı rəqs edirlər.
Bilirəm, məni qınayırsınız ki, mərd düşmən olarmı? Bilmirəm. Ancaq babalarımız, onların da babaları deyib ki, adamın düşməni mərd olsa, adamı yandırmaz. “Mərd düşmən” dəhşətli, dözməyə mümkünsüz təzaddı. Buna “oksimoron” deyiblər həm də. Necə deyərlər, tale düşmənimə də göstərməsin belə alçaq, rəzil düşmənçiliyi! Ancaq biz gördük. Tanrı, tale, həyat bizi belə sınadı. Əslində, bu çınaq deyil, həyat dərsidi. Gərək Yaradan insanı torpağı ilə sınağa çəkməsin. Torpaq həm “ol”umuzundu, həm də “öl”ümüzün. İlk evimiz də Vətəndi, sonevimiz də. Bu dərsi əzbərləmək, unutmamaq lazım. Unutsaq, Çingiz Aytmatovun “qəhrəman”ı olarıq! Manqurt! Artıq içimizdə elələri də var. Nə yaxşı ki çox deyil. Bunu 44 gündə gördük. 44 gün xalqımızın sınaq günləri idi. Sonra o günləri unudanlar da oldu. Təəssüf…
***
Azad müəllimin təhkiyəsinə söykənib qayıdaq o məşum günlərə. 1993-cü ilin qaşqabaqlı oktyabrın axırı noyabrın əvvəlinə. Onda anamız təbiət də halımıza ağlayırdı.
“O günü çöllü biyabanda gecələdik. Sonra Muğanda, Mildə dadsız-duzsuz sulardan içdik, uzun, əndişəli bir yol keçib Bakıya gəldik. O Bakıya ki, dərdimizi ovuda bilərdi, o Bakıya ki, vətənsizə Vətən ola bilərdi. Buna öyrəncəliydi Bakı.
Bakıda da üzümüz üzlər gördü, başımız daşdan-daşa dəydi. Dəydi və bir gün bir allah bəndəsi bizə əl tutdu, ev verdi. Düzdür, bura bağ eviydi və Bakıdan xeyli aralıdaydı, amma daha nə etmək olardı? Qış günü bağa çıxmaq, bizdə yaylağa çıxmaq kimi bir şey olsa da, dözməliydik.
Bağını-bağçasını, dörd otaqlı evini bizə verib getdi və gedə-gedə dedi ki, allah eləsin, rayonunuz tez alınsın, yurd-yuvanıza qayıdasınız. İndi bu məsələ gec həll olunsa, narahat olmayın, yayı da, lap sonranı da burda qala bilərsiniz. Biz də uzaqbaşı yayda bura, sizə qonaq gələrik. Belə dedi və getdi.
İlk günlər bağa uyuşa bilmədik. Nənəm elə hey ozalandı ki, görən qəbirlər nə oldu, axşamlar kəndi dolaşan ölülərin urufları hara dağılışdılar?”
Dərdin nəhəngliyinə, acılığına baxın! Bu anlarda dirinin halı yadımızdan çıxıb, ölülərin halına açıyırıq. Lap Kefli İsgəndər, yox e, Ayıq İsgəndər kimi. Göz yaşlarımız yanağımızdan axmır, içimizə axır. Vallah, belə xalqın ruhu heç vaxt ölməz. Özü ölsə belə! Yersiz-yurdsuz qalsa belə!
“Qatmaqarışıq ovqat” “ayaması” qoyduğum yazımın doğulmasına səbəb bir şagirdin Qaradərədəki evlərinin həyətindəki bitkilərin, ağacların qurudulmuş yarpaqları toplanmış dəftəri oldu. (Bakıdakı məktəbdə tapşırıblar ki, hər ağacın yarpağından dərib, kolleksiya düzəldin. Yazıçının balaca qəhrəmanının – öz qızının yadına qəfil düşür ki, doğma Qaradərədən çantasında gəlmiş dəftərdə təsadüfən sağ qalmış yarpaq kolleksiyası var!) Azad müəllimin “Kolleksiya”sı. Deyirəm yazıçı sözünün qüdrətinə baxın. Qurudulmuş yarpaqlardan doğma yurdun ətrini alanlarla birgə məni də kövrəltdi. Bu “kolleksiya” (hər iki mənada) başdan ayağa dərdlər kolleksiyasıdı. Deyirlər dərdin şirini də olur. Ancaq bu dürlü-dürlü, çeşid-çeşid dərdlərin heç şirinliyi yoxdu, təpədən dırnağacan acıların acısıdı.
”Ey dadi-bidad, biz deyəsən axı dərdimizlə barışırıq yavaş-yavaş?! Axı hər dərdlə barışmazlar. Bəs bu azmanlıqda, bu allahsızlıqda, bu kəmfürsətsizlikdə dərdlə barışmaqmı olar? Bu nadürüstlükdə dərdlə barışmaqla bu yoluq it Bozdarmı olasıdır? Bu əldəqayırma, bazardanalma saxsı təndir, anamın ətri adamı bihuş edən çörəklərini qızardan təndirimi olacaq, arvadımın qazda pörtlətdiyi dadsız-duzsuz xörəklər palıd sobasında bişirdiyi ölünü dirildən bişmişlərinə taymı olacaq, bu qumlu, küləkli bağ evi Qaradərədəki daşları mamırlamış, divarlarından mehr-ülfət yağan, darvazası gen, qapısı qonaq-qaralı ev-eşiyimizin yerinimi verəcək!?”
Bir də Azad Qaradərəli demişkən, nə qədər adam kolleksiyası varmış bu dünyada. Dərdi, həsrəti, nisgili, möhnəti, doğma yurdün, gülünü, çiçəyini, ağaclarının yarpaqlarını urvatlandıran adamlar. Yadıma Əkrəm Əylislinin “Adamlar və ağaclar”ı, “Tənha narın nağılı”, “Gilənar çiçəyinə dediklərim”i, “Kür qırağının meşələri” düşdü. Hətta Müküş düşdü. “Ürək yaman şeymiş”.
Azad müəllim, anladım ki, bu dərdlər silsiləsi ilə heç vaxt barışmayacaqsınız. Əqidəniz, yurd sevginiz buna imkan verməz.
Qaradərəyə köçəndə məni qonaq kimi o yerlərin ziyarətinə apararsınız. Axı o yerləri mənə siz doğmalaşdırdınız.
Təki sağlıq olsun!..
MART 2026

Müəllif: VAQİF OSMANLI
araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist
Oxuyun >> Gözündə tük var


