Əsədin Cahangirlə müsahibəsi

«QƏLƏMI XEYIRXAHLIĞA XIDMƏT EDƏN BIR SILAHA ÇEVIRMIŞƏM…»
Hörmətli oxucular!
Söhbətdaşımız —tanınmış
özbək şairi və jurnalisti, tərcüməçi
Azərbayan ədəbiyyatının tədqiqatçı və təbliğatçısı, Azərbaycan Jurnalistlər Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, “Ədəbiyyat və İncə Sənət” portalının Özbəkistan üzrə təmsilçisi Cahangir NAMAZOV.
— Səni ədəbiyyata gətirən yol haradan başlayır?
— Məni ədəbiyyata gətirən yol, hələ dünyaya gəlməmişdən əvvəl başlayıb.
Allah hər bir insanı yaratmazdan öncə onun taleyini, qismətini, gedəcəyi yolu yazır və yalnız bundan sonra onu həyat səhnəsinə çıxarır.
Ədəbiyyat yolu isə taleyin dəftərinə yazılmış ən gözəl nemətlərdən biridir desəm, yanılmaram.
Uşaqlıq illərim dünən kimi yaddaşımdadır.
O zamanlar şairliyin, poeziyanın mahiyyətini hələ dərk etməsəm də, qəlbimdə və ruhumda şairanə bir ovqatla yaşayırdım.
Ən kiçik gözəlliklərdən, təbiətin adi, amma möcüzəvi hallarından belə heyrətlənirdim.
Bəlkə də bu, sözə olan məhəbbətin ilk əlamətləri idi.
Məktəb illərindən etibarən həvəskar kimi şeirlər yazmağa başladım.
Ancaq ədəbiyyat və poeziyanın sadəcə bir məşğuliyyət deyil, mənim əsl yolum, taleyim olduğunu kollec illərində dərindən dərk etdim.
Həyatın daşlı, tikanlı yollarını mətanət və cəsarətlə keçməyimdə isə ədəbiyyat həmişə mənim təmənnasız dayaq nöqtəm olub.
— Özünü daha çox şair, ədəbiyyatşünas, yoxsa jurnalist hesab edirsən?
— Özümü, hər şeydən əvvəl, şair hesab edirəm.
Jurnalistikaya, ədəbiyyatşünaslığa gedən yolum sözün qapısından — poeziyanın dərgahından keçib.
Jurnalistika və ədəbiyyatşünaslıq mənim üçün fəaliyyət və maraq sahəsidirsə, poeziya daxili ehtiyacım, ruhumun nəfəsidir.
Mən jurnalist kimi düşünəndə də, ədəbiyyatşünas kimi araşdıranda da, içimdə bir şair danışır.
Çünki şairlik mənim üçün peşə deyil — haldır.
Poeziya — ruhumun öz-özünə etdiyi zikridir.
— Özbək ədəbiyyatı klassikləri və çağdaşlardan kimin yaradıcılığının sənə daha çox etkisi olub?
— Mənim üçün ədəbiyyatda təsir anlayışı bir müəlliflə məhdudlaşmır; o, ruhdan ruha ötən bir silsilədir.
Özbək klassiklərindən Əlişir Nəvai mənim üçün bir məktəbdir o, sözü yalnız bədii vasitə deyil, həm də vicdan və mənəviyyat səviyyəsinə qaldırmışdır. Babur, Lütfi, Məşrab kimi simalar isə mənim ruh dünyamda dərin iz buraxıb; xüsusilə Məşrabın üsyankar ruhu və ilahi məhəbbətlə yoğrulmuş “dəliliyi” mənə çox yaxındır.
Çağdaş özbək ədəbiyyatı isə ayrıca bir həyat məktəbidir. Rauf Parfi, Abdulla Aripov, Matnazar Abdulhakim, Şevkat Rehman, Sənubar Məhman, Xasiyyət Rustəmova kimi şairlərin yaradıcılığı məni həm estetik, həm də insan olaraq formalaşdırıb.
Onların şeirlərində milli yaddaş, tarixi ağrı, həyatın ziddiyyətləri və insan məsuliyyəti çox güclü şəkildə hiss olunur.
Ümumilikdə desəm, klassiklərdən mən sözün əxlaqını, çağdaşlardan isə ruhla zaman arasında dialoq qurmağı öyrəndim.
Ədəbiyyat mənim üçün keçmişin təkrarı deyil, ruhun davamıdır; hər bir şair isə mənim daxili sükutumu sözə çevirən bir sima olmuşdur.
— Yeni nəsil özbək yazarlarının özlərini realizə etməsinə nə mane olur?
— Dövlətimiz tərəfindən Yazıçılar Birliyinə şair və yazarlara, gənclərə dəstək məqsədilə böyük maliyyə vəsaitləri ayrılıb.
Bu imkanlar, məncə, yeni nəsil üçün həqiqi imkan qapısı olmalı idi.
Lakin təəssüf ki, praktikada bütün istedadlar bu imkanlardan tam şəkildə yararlana bilmir.
Yazıçılar Birliyi həmişə dəqiq istedadları birinci plana çıxarmayıb.
Çox vaxt birliyin dəstəyi ətrafdakı tanış və əlaqəli yazıçılara yönəlir.
Nəticədə, həqiqi istedadlar, ürəyində alovla yaşayan şairlər diqqətdən kənarda qalır.
Bunu söyləməkdən məyusam, amma həqiqət budur ki, sağlam mühit və ədalətli rəqabət yoxdur. Tanışlıq, daxili siyasət və ədalətsizlik gənc yaradıcı üçün ən böyük əngəllərə çevrilir.
Bununla belə, bu vəziyyət gənc şair və yazıçılar üçün sınaqdır.
Ədalət olmayan yerdə heç vaxt yüksəliş və tərəqqi olmaz.
Ən pis olanı isə budur ki, istedadlilar qalır, amma imkanlardan munasib olmayanlar istifadə edir. Həmişə istedadların yolu ağır və çətindir…
— Ədəbiyyatda nəsillərarası qarşıdurma varmı?
— Ədəbiyyatda nəsillərarası qarşıdurma anlayışı tez-tez bir az sadələşdirilmiş və yanlış qəbul edilir.
Əslində isə çox hallarda bu qarşıdurma deyil, bir-birini tam anlamamaqdır.
Böyük nəsil nümayəndələri tez-tez gənc yaradıcıların yeni fikirlərini, dünya görüşünü və təcrübəsiz hərəkətlərini tam anlamır.
Onların baxışları çox vaxt ənənəvi, sistemli və nəzəri əsaslara söykənir.
Buna görə də onlar bəzən gəncləri ehtiyatla izləyir və ya tənqid edirlər.
Bu tənqid, əlbəttə ki, qarşıdurma deyil, əksinə təcrübə və biliklərin qorunmasıdır.
Digər tərəfdən, bəzi gənc yaradıcılar öz istedadı və imkanlarına həddindən artıq güvənərək, kiçik bir təkəbbürə düşə bilərlər. Lakin bu da çox hallarda müvəqqəti və inkişaf prosesinin təbii bir hissəsi kimi qiymətləndirilir.
Çox gənc ustadların yaradıcılığına böyük hörmətlə yanaşır, onların nailiyyətlərini öyrənir və öz daxili səsini belə formalaşdırır.
Bundan əlavə, böyük nəsil nümayəndələri çox vaxt gəncləri dəstəkləməyə, onları düzgün istiqamətlərə yönləndirməyə hazırdır.
Bu isə nəsillər arasındakı fərqi qarşıdurma deyil, öyrənmə və dialoq kimi qəbul etməyə imkan verir.
Beləliklə, ədəbiyyatda nəsillərarası “qarşıdurma” anlayışı çox hallarda anlaşılmazlıq və müvəqqəti fərqlilikdən ibarətdir.
Əslində bu proses gənc və böyük nəsli bir-birini öyrənməyə, bir-birinin ruhunu anlamağa və ədəbiyyatı davam etdirməyə sövq edir.
— Azərbayan və özbək ədəbiyyatının hazırkı durumunu necə müqayisə edərdin?
— Azərbaycan və özbək ədəbiyyatı iki ayrı dilin səsi, lakin eyni ruhun əks-sədası kimidir.
Hər ikisi öz xalqının tarixi, mədəniyyəti və daxili aləmini əks etdirir, sözlə insan ruhunu işıqlandırmağa çalışır.
Azərbaycan ədəbiyyatı klassik ənənələri çağdaş təfəkkürlə birləşdirir, yeni nəsil həm milli ruhu, həm də bədii ifadəni dünyaya çatdırmaq üçün mübarizə aparır.
Özbək ədəbiyyatı isə milli yaddaş və mədəniyyət üzərində fokuslanır, lakin bəzi istedadlar sistemsiz dəstək səbəbindən tam görünmür.
Tənqid nöqteyi-nəzərindən deyə bilərəm ki, hər iki ölkənin ədəbiyyatı hələ də dünyaya çıxmaq və beynəlxalq səhnədə layiq olduğu mövqeyi tutmaq üçün böyük potensiala malikdir.
Tərcümə və beynəlxalq əlaqələrə daha çox diqqət yetirilməli…
Müqayisə etsək, Azərbaycan ədəbiyyatı daha çox xarici oxucu ilə dialoqa açıqdır, tərcümə və beynəlxalq layihələr vasitəsilə özünü tanıdır. Özbək ədəbiyyatı isə daxili yaddaşa fokuslanaraq yavaş-yavaş sərhədləri genişləndirir.
— Azərbaycan ədəbiyyatna maraq səndə necə yaranıb?
— 2017-ci ildən etibarən Azərbaycan ədəbiyyatına marağım oyandı.
Həmin dövrdə Nəbi Xəzri, Vaqif Səmədoğlu, Ramiz Rövşən kimi şairlərin şeirlərini özbək dilində oxuyaraq Azərbaycan ədəbiyyatının mənə qəlbən və ruhən nə qədər yaxın olduğunu dərk etdim.
Sonralar isə Facebook sosial şəbəkəsi vasitəsilə azərbaycanlı şair və yazıçılarla dostluq əlaqələri qurdum.
Onların səmimiyyəti, təvazökarlığı və insanpərvərlik kimi ali keyfiyyətləri Azərbaycan ədəbiyyatına olan sevgimi daha da gücləndirdi.
Bu sevgi zaman keçdikcə səmimi dostluğa, ədəbi əməkdaşlığa çevrildi.
Dostlarımın dəstəyi və diqqəti sayəsində Azərbaycan dilini öyrəndim, bu ədəbiyyatdan tərcümələr etdim və dostluqla ədəbi əlaqələrimizi daha da möhkəmləndirmək yolunda yeni layihə və planları həyata keçirməyə çalışıram.
—Azərbaycan yazarlarından kimləri oxuyursan?
—Azərbaycan ədəbiyyatı mənim üçün göy qurşağı kimi rəngarəng və parlaq bir mənəvi aləmdir.
Bu aləmdə söz təkcə ifadə vasitəsi deyil, eyni zamanda qəlbin, xatirənin və ruhun səsinə çevrilir.
Nəbi Xəzrinin misralarında Vətən həsrətini və fəlsəfi sakitliyi duyuram, Səməd Vurğunun poeziyasında isə xalq ruhunun və tarixi məsuliyyətin nəfəsini görürəm.
Vaqif Səmədoğlunun sözlərində daxili üsyan və təfəkkür azadlığı təcəssüm olunursa, Ramiz Rövşənin şeirləri ruhi tənhalığı, insani iztirabı və həqiqət axtarışının ağrılı gözəlliyini üzə çıxarır.
Musa Yaqubun poeziyasında təbiətlə insan qəlbi bir-birinə qovuşur, Sabir Rüstəmxanlının yaradıcılığında milli təfəkkürlə ümumbəşəri məsuliyyət vəhdət təşkil edir. Rüstəm Behrudi isə poeziyanı fikir, inanc və vicdan səviyyəsinə yüksəldir.
Bununla yanaşı, Azərbaycan xalq yazıçısı Anarın özünəməxsus və bənzərsiz hekayələrini xüsusi maraqla mütaliə edirəm.
Onun nəsrində insan ruhu incə psixoloji qatlar vasitəsilə açılır.
Ədəbi tənqidçi, publisist və şair Əsəd Cahangirin esseləri isə müasir təfəkkürün, ədəbi məsuliyyətin və intellektual dərinliyin parlaq nümunəsi kimi məndə heyranlıq və həyəcan doğurur.
Bu yaradıcıların əsərləri mənə təkcə estetik zövq deyil, həm də təfəkkür, ruhi oyanış və ümumbəşəri dəyərlər üzərində dərin düşünmək imkanı verir.
— Azərbaycan yazıçıları ilə müsahibə kitabının ideyası necə yarandı?
— Azərbaycan yazıçıları ilə müsahibə kitabı ideyası uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş qəzet və jurnallarda çalışdığım illərdə formalaşdı. Həmin dövrdə jurnal üçün Özbəkistanın tanınmış şairləri, yazıçıları, rəssamları və idmançıları ilə müsahibələr aparırdım.
Bu söhbətlər oxucular tərəfindən maraqla qarşılansa da, mövzuların məhdudluğu və fikirlərin qəlibləşməsi məni qane etmirdi.
Bu narahatlıq məni daha geniş düşünməyə və yaradıcılıq imkanlarımı sınamağa sövq etdi. Beləliklə, “ədəbi söhbətlər” layihəsi yarandı.
Sonralar layihəni beynəlxalq miqyasda davam etdirmək qərarına gəldim və dünyanın müxtəlif ölkələrindən şair, yazıçı və ədəbiyyat adamları ilə müsahibələr etdim.
Bu söhbətlər özbək, azərbaycan və digər xarici nəşrlərdə dərc olundu və geniş oxucu auditoriyasının marağına səbəb oldu.
Azərbaycan ədəbiyyatının zənginliyi, azərbaycanlı şair və yazıçıların özünəməxsus dünyası və yüksək yaradıcılıq potensialı məni onlarla aparılan ədəbi söhbətləri ayrıca bir kitab halında toplamağa təşviq etdi.
Bu prosesdə Azərbaycan xalqının və ədəbiyyat mühitinin mənə göstərdiyi diqqət və mənəvi dəstək mühüm rol oynadı.
Şeirlərimin Azərbaycan dilinə tərcümə olunaraq nüfuzlu nəşrlərdə dərc edilməsi isə bu yolun doğru olduğuna dair mənim üçün böyük motivasiya oldu.
Əslində, Azərbaycan şair və yazıçıları ilə ədəbi söhbətlər kitabı qarşılıqlı etimad və sevgi üzərində qurulub.
Bu kitab Azərbaycan ədəbiyyatına və xalqına bəslədiyim səmimi məhəbbətin kiçik, lakin ürəkdən gələn ifadəsidir.
— Sən dünya ədəbiyatının çoxsaylı nümayəndələri ilə əlaqə saxlayır. müxtəlif ölkələrin ədəbiyyat adamları arasında körpü rolu oynayırsan? Buna necə nail olmusan?
— Mən həmişə dostluq, xeyirxahlıq və insanpərvərlik hisslərini ən yüksək dəyər hesab etmişəm.
Ədəbiyyat mənim üçün yalnız söz sənəti deyil, həm də qəlbləri yaxınlaşdıran, millətlər və mədəniyyətlər arasında körpü rolunu oynaya bilən müqəddəs bir meydandır.
Müxtəlif xalqların yaradıcı şəxsləri ilə ünsiyyət qurmaq, ədəbi söhbətlər aparmaq mənim üçün təsadüf deyil — bu şüurlu seçim və daxili ehtiyac nəticəsidir.
Dilimiz, dinimiz və ya irqimiz fərqli ola bilər, lakin insan duyğuları — ağrı, sevinc, həsrət, məhəbbət — hamımız üçün ortaqdır.
Mən ədəbi meydan vasitəsilə könüllərə körpü olmaq, müxtəlif xalqların yaradıcılarını bir-birinə yaxınlaşdırmaq üçün çalışıram.
Qələmi xeyirxahlığa xidmət edən bir silaha çevirmişəm, ədəbi söhbətlərimdən əsas məqsəd — ürəkləri-ürəklərə, xalqları-xalqlara bağlamaqdır.
Bundan əlavə, mən beynəlxalq ədəbiyyat festivalları, görüşlər və sosial şəbəkələr vasitəsilə tanış olduğum yaradıcı şəxslərlə samimi dostluq və ədəbi əməkdaşlığı qarşılıqlı fayda prinsipi əsasında qururam. Biz bir-birimizin yaradıcılığını dəstəkləyir, əsərlərini tərcümə edir və dünyaya tanıdırıq. Belə əməkdaşlıq həm mənə, həm də digər yaradıcı dostlarıma yeni ideyalar, ilham və səmimi həmrəylik gətirir.
— Hansı ölkənin yazarları səndə daha xoş təəsürat oyadır?
— Mənim üçün hər bir ölkənin yazıçısı özünəməxsus ruh, düşüncə və yaradıcılıq tərzi ilə dəyərlidir. Lakin xüsusilə Azərbaycan,Türkiyə yazıçıları mənim üçün çox xoş təəssürat oyadırlar— onların samimiyyəti, zəngin estetik duyumu və milli-mənəvi irsi mənim ruhuma dərindən toxunur.
Eyni zamanda Koreya yazıçılarının intellektual dərinliyi və həyat fəlsəfəsini poetik ifadə etmə bacarıqları məni heyrətləndirir.
Albaniya və Makedoniya yazıçıları ilə olan tanışlıqlarım mənə həm beynəlxalq ünsiyyət, həm də fərqli mədəniyyətlərin estetik zənginliyini öyrətdi.
İtaliya yazıçıları isə incəsənət və insan təbiətinə dair universal baxışları ilə mənə ilham verir.
Ümumilikdə deyə bilərəm ki, hər bir ölkənin yazıçısı mənim üçün bir dərsdir, bir yeni dünya açan pəncərədir. Hər birinin yaradıcılığı ilə tanış olmaq mənim adabiyyat və insan ruhuna olan marağımı daha da genişləndirir.
— Sosial şəbəkələr insanların roman və ya şeir toplusu kimi mürəkkəb əsərləri oxuma qabiliyyətini zəiflədirmi?
— Bəli, bu təhlükə mövcuddur.
Sosial şəbəkələr sürətliliyi təşviq edir, diqqəti qısa bloklara bölməyə öyrədir.
Bir postu oxuyub, dərhal növbətiyə keçmək vərdiş halına çevrilir.
Bu isə mürəkkəb quruluşa malik, çoxqatlı əsərləri oxumaq üçün zəruri olan diqqət, səbr və daxili ritmi zəiflədə bilər.
Məsələn, Tolstoy və ya Herman Hesse romanları çoxqatlı, daxili psixoloji araşdırma tələb edir.
Belə romanları sosial şəbəkələrdə tez-tez “scroll” edərək oxumağa çalışsanız, ruhani təsir və mənanı tam hiss etmək mümkün deyil.
Amma sosial şəbəkələr — həmçinin yeni auditoriya yaratmaq vasitəsi də ola bilər.
Məsələn, gənc oxucu qısa şeir parçasını şəbəkələrdə görə və tam kitaba maraq göstərə bilər.
Buna görə də, bu həm güclü bir vasitədir, həm də zəiflədici təhlükə — hər şey yaradıcı və oxucunun şüurlu yanaşmasına bağlıdır.
— Gənc şair kimi bu gün müxtəlif yollardan, şov-şəbəkələrlə özünü tanıtmağa çalışan yaradıcı şəxslərə münasibətin necədir?
— Mən şeir haqqında danışmazdan əvvəl eşqdən danışmağın vacib olduğunu hesab edirəm!
Çünki Fars ədəbiyyatının möhtəşəm nümayəndəsi Qeysər Aminpurun:
“Biləsiniz ki, şairlik bu aşiq olmaqdı!”
– deyə qətiyyətlə vurğuladığı misralara rast gəldikdən sonra, bu barədə uzun-uzadı düşündüm…
Həqiqətən də, şair şeir söyləyərkən öz halında olmur, ilhamın qucağında ruhunu bu aləm sərhədlərinə sığmayan yerlərə qaldırır, yəni yer üzündən ayrılıb yazır.
Şeyxlərin alimi, alimlərin şeyxi Şeyx İbrahim Naxai deyib:
“Eşqi bəlaya , oxşatdıq çünki rast gələn hər kəs Aşiqlik iddiası etməsin”,
– demişlər…
Beləliklə, özünü min bir yol ilə tanıtmağa çalışmaqla hələ şair olmaq və formalaşmaq mümkün deyil.
Təəssüf ki, bu gün əksər oxucular məşhurluqla həqiqi istedadı düzgün qiymətləndirə bilmir.
Həqiqi istedad heç bir mükafat və ya məşhurluqla ölçülə bilməz.
Şeir yolu qəlb yolu, tale yolu deməkdir…
Beləliklə, yaradıcılığını, həyatını şov-şəbəkələr və yalanlarla qurmaq istəsələr, lap yaxşı, bu yolu seçsinlər!
Amma bu yolla yalnız özlərini aldatmış olurlar.
— Bu gün dünya üzrə qarışıqlıqların, zülmün və ədalətsizliyin hökm sürdüyü bir zamanda qəlbindən hansı düşüncələr keçir?…
—Bu sual — insan qəlbini parça-parça edən, bəşəriyyətin vicdanına ünvanlanan ən ağır suallardan biridir…
Mən də bu sonsuz kainatın bir zərrəsiyəm.
Bu dünyada insanlıqla eyni havanı nəfəs alır, eyni səmanın altında yaşayıram…
Elə buna görə də bəşəriyyətin sevincini də, kədərini də ruhumla hiss edirəm. Dünyanın hansısa viran qalmış guşəsi, hansısa məzlumun gözündən süzülən hər bir damla yaş qəlbimdə əks-səda doğurur.
Zülm — təkcə bir xalqın faciəsi deyil, o, bütün insanlığın yarasıdır. Ədalətsizlik — təkcə bir hadisə deyil, o, qəlblərimizdəki tarazlığı sarsıdan bir zəlzələdir.
Dünya yaranandan bəri xeyirlə şərin əbədi mübarizəsi davam edir.
Bu mübarizə yalnız xaricdə deyil — o, hər bir insanın daxilində, qəlbinin ən incə qatlarında baş verir. İnsan — həm yaradan, həm də dağıdandır. O, əli ilə bir bağ yarada bilər, ya da o bağı külə çevirə bilər… Buna görə də mən daha çox insanın qəlbindən qorxuram: orada sevgi də var, amma o sönərsə — zülmət də var.
Bəzən düşünürəm: insanlıq tərəqqiyə doğru bu qədər sürətlə irəlilədiyi bir vaxtda, niyə qəlb tərbiyəsində geri qalırıq? Texnologiya səmanı fəth etdi, amma insan qəlbi hələ də öz içindəki qaranlıqla mübarizə aparır. Tamahkarlıq — dövrümüzün ən təhlükəli xəstəliyinə çevrilməkdədir. O, o qədər səssiz və hiss olunmadan daxil olur ki, sonda insanı öz mahiyyətindən, insanlığından uzaqlaşdırır. Qorxuram ki, bu bəla cilovlanmasa, insan bir gün öz əli ilə öz gələcəyini məhv edəcək…
Düzünü desəm, gələcək haqqında düşündükdə qəlbimdə iki hiss oyanır: biri — qorxu, digəri — ümid. Qorxu — bugünkü qarışıqlıqlardan, müharibələrdən, ədalətsizliklərdən doğur. Ümid isə — hələ də insan qəlbində yaşayan mərhəmət, şəfqət və yaxşılıq toxumlarından cücərir. Çünki hər bir qaranlığı işıqlandıran ən kiçik bir nur belə mövcuddur…
Bu səbəbdən mən bu gün yalnız nigaranlıqla deyil, eyni zamanda şükür hissi ilə yaşamaq istəyirəm. Çünki hələ də seçim imkanımız var — yaxşılığı seçmək, ədaləti qorumaq, sülhü yaşatmaq imkanımız var. Əgər hər birimiz öz qəlbimizdə kiçik bir sülh məkanı qura bilsək, bu məkanlar birləşərək bütün dünyanı əhatə edən bir səadət bağçasına çevrilə bilər.
Çünki insanın ən böyük qələbəsi — başqaları üzərində deyil, öz nəfsi və nifrəti üzərində qazandığı qələbədir!
— Hazırda hansı layihə üzrəində işləyirsən?
— Hazırda bir neçə böyük layihə üzərində çalışıram.
Adətimə görə, hələ reallaşmamış, tamamlanmamış işlərim və planlarım haqqında məlumat vermirəm. İnşallah, 2026-cı ildə beynəlxalq səviyyədə əhəmiyyətli bir layihəmi tamamlayacağam.
Əlaqəli fotolar :





Söhbətləşdi: Əsəd CAHANGİR
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


