NADİR DİRİDAĞLI – 65

NADİR DİRİDAĞLI – 65
Rejissuraya şərəf gətirən, qanı ilə, canı ilə milli kökə sığınan, folklora bağlanan, etnoqrafiyaya sarılan, sözə, kadra, televiziyaya 40 ildən çox hizmətdə bulunan, təpədən-dırnağa vətən, yurd, məmləkət qoxuyan insan – Nadir Diridağlı, yeni yaşınız mübarək! Nadir müəllim çəkiliş meydançasında meydangirliyi, koloriti, sərrastlığı ilə daim fərqlənib.40 ildən çox müddətdə irimiqyaslı tamaşaların, bayram proqramlarının, Novruz çəkilişlərinin, televiziya filmlərinin ərsəyə gəlməsində misilsiz əmək sərf edən Diridağlının canı sağlam, ruhu hüzurlu, ömrü uzun olsun! Ömrü uzun olsun ki, yenə də klassik rejissura bu sənətkarın görəcək işlərindən nəsibini alsın.Nadir Həsənovdan Nadir Diridağlıya gedən yol çox qısa olub.Öncə yaxşı insanların – Nahid Hacızadə kimi azman redaktorların əlinə düşüb.Tez bir zamanda özünü və imzasını təsdiqləyib.AzTV-nin “Ədəbi-dram verilişləri Baş redaksiyası” nda müxtəlif səpkili, müxtəlif janrlı verilişləri ərsəyə gətirib.Bunu da kafi saymayıb, öz verilişlərini yaradıb.Kənardan aparıcılar gətirib – şairlərə, yazıçılara meydan verib.
Nadir müəllim çəkilişdə xoşbəxt olan sənətkarlardandır.Onun təcrübəsi elə həyatda da bir çoxumuza yol bələdçiliyi edib.Kimsə reallıqdan uzaq arzularla, xəyallarla danışanda,
“Ayə, mənə nağıl danışma!”, yaxud kimsə keçmişi özləyən zaman ah çəkib, sitəm edəndə,
“Ayə, qurtardı o şeylər…” – deyən də Diridağlıdır…
…Və həmən anlayırıq…Anlayırıq ki, danışan təcrübədir, danışan illərin birikmiş yaşantılarıdır və bu sözləri ərkyana bizə söyləyən Diridağlıdır.
Əziz Nadir müəllimə israrla və inadla yenə arzularımı bildirərək deyirəm ki:
-“Qurtarmadı!!! Sizin görəcək işləriniz, yeni-yeni layihələriniz hələ qabaqdadır.Sizin nağılvari filmləriniz, nağıl kimi həyat öyküləriniz hələ qarşıdadır.”
Yaşayın və yaradın!
Mübarəksiz, sənətkar!




Turan Uğur,
AYB-nin üzvü,
26 mart 2026-cı il,
Novxanı.
Oxuyun >> Gözündə tük var


