Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
Bu gün – 14.03.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) rayonunun təsviri incəsənət sahənin tanınmış və görkəmli xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqovanın həyatı və yaradıcılığına həsr edilmiş “Bir ömrün tablosu” adlı kitabın təqdimat mərasimi keçirildi.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi.
Tədbiri öz nitqi ilə açan kitabın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə Cəlilabad MKS-nin ziyalı direktoru Qənimət xanım İsrafilovaya yaratdığı şəraitə və ədəbi-mədəni tədbirlərə verdiyi səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi.
O, öz giriş çıxışında Cəlilabad rayonu üzrə təsviri incəsənət sahəsinin yeganə xanım nümayəndəsi olmuş Laləzar müəlliməyə həsr etdiyi “Bir ömrün tablosu” adlı kitabı ilə bağlı qısa təqdimat verərək, Laləzar xanımın rəssamlıq üzrə heç bir orta ixtisas və ali təhsil almadan, həmçinin, 40 il öncə Cəlilabad rayonunda təsviri incəsənət sahəsi üçün lazım olan minimum ləvazimatın mövcud olmadığı bir zamanda sözün həqiqi mənasında əsil peşəkar rəssam kimi önə çıxaraq parlamasından, bu sahədə onlarla şagird yetişdirməsindən və beləliklə də adını qızıl hərflərlə Cəlilabad tarixinə yazmasından söz açdı, incəsənət sahəsi ilə ədəbiyyat sahəsinin eyni mənşəyə malik olduğu, həm ədəbiyyat, həm də incəsənət sahələrinin insanın daxili hissləri və yardıcılığından meydana gəldiyini bildirdi. Onun söylədiyinə görə, qələm əhli (şairlər, nasirlər və s.) öz ülvi hisləri və duyğularını qələmlə kağış üzərinə yazdıqları kimi, rəssamlar da öz ülvi hisləri və duyğunlarını fırça ilə kağız üzərinə çəkir və təqdim edilər. Bu da, ədəbiyyat və incəsənət sahələrinin ortaq dəyərli kimi təqdim edilə bilər.
İ.İsmayılzadə özünü Laləzar müəllimənin bir yetirməsi və şagirdi olaraq fəxarət hissi duyduğunu və həmişə rayonumuzun təsviri incəsənət sahəsi üzrə kraliçası kimi tanınan əziz müəlliməsinin adı və yaradıcılığını üstün tutacağını bildirdi. O, həm də müəllif olaraq “Bir ömrün tablosu” adlı kitabın Laləzar xanım Sadıqovanın həyatı, dəyərləri və yaradıcılığının yaşaması və növbəti nəsillərə ötürülməsi sahəsində dəyərli bir addım olduğuna təkid göstərdi.
Tədbirin davamında ziyalı şəxsiyyət, “Əmək zərbəçisi” və “Əmək veteranı”, “Həməşəra” Fəxri Diplomu laureatı Hacı Paşa müəllim Rüstəmov, “Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq Dadaş müəllim Bayramov, rayonun Üçtəpə kəndindən olan din xadimi Zaman Qarayev, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və Turan yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, ədəbi mühitimizin xanım nümayəndələrindən isə: “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə xanım Nərimanova, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Gülcahan xanım Xürrəm, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair, esseist-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında İlqar İsmayılzadənin “Bir ömrün tablosu” kitabını yüksək dəyərləndirərək, bu kitabın Laləzar xanımın həyatı, xanımlıq və insani dəyərləri, habelə yaradıcılığının ədəbiləşməsi və təbliğinə gözəl töhfə verəcəyini bildirdilər, müəllifə və Laləzar xanıma xoş arzularını çatdırdılar. Tədbirdə çıxış edənlər tərəfindən Laləzar müəllimənin əl işləri və rəsm əsərlərindən ibarət xüsusi sərginin açılması təklifi də irəli sürüldü və iştirakçıların alqışı ilə qarşılandı.




Sonda “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqova qısa çıxışında kitab müəllifi, həm də özünün mənəvi övladı adlandırdığı İlqar İsmayılzadəyə öz müəlliməsinə göstərdiyi qayğı və diqqətə, həmçinin, tədbirdə çıxış edən dəyərli ziyalı təbəqəsi və qələm əhlinə öz səmimi təşəkkürünü bildirib, hər kəsə ən gözəl arzularını çatdırdı. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


