Zaur Ustac – Oxu

OXU
İlk söz — “Tanrı” idi;
daş üzərində yazılmış,
sükutun sinəsində doğulan ad.
Söz hələ nəfəs idi,
zaman hələ ölçü bilmirdi,
işıq belə öz kölgəsini tanımırdı.
Sonra Tanrı danışdı —
amma danışmaq deyildi bu,
bu bir çağırış idi:
“Oxu!”
Səssizliyə atılan ilk ox
və ya toxum.
Kağızdan əvvəl yazılan cümlə,
insanın alnına deyil,
ruhuna yazılan əmr.
Oxu —
daşı, suyu, küləyi oxu!
özünü hərəsi bir dərədə olan
Pazl parçalarından yenidən qur…
Oxu —
əlifban olmayan gecələri,
qorxudan titrəyən səhərləri,
adını unutmuş şəhərləri oxu.
Tanrı dedi: “Oxu!” —
çünki, bilmədən inanmaq korluqdur,
inanmadan yaşamaq isə
uzun bir susqunluq.
Və insan oxudu —
gözləri ilə yox,
yaraları ilə,
yıxıla-yıxıla,
qalxa-qalxa.
İndi hər kitab bir yol ayrıcıdır,
hər sətir bir imtahan,
hər sual Tanrıya tərəf
atılan addımdır.
İlk söz “Tanrı” oldu,
ilk əmr “Oxu!”
Və dünya hələ də
bir sözdən ibarət
o cümləni
tam oxuyub bitirməyib.
31.12.2025. Bakı.
Müəllif: Zaur USTAC
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


