Weather Data Source: havadurumuuzun.com

PAYIZDAN SÖZ DÜŞƏNDƏ

YETMİŞ İKİNCİ YAZI
PAYIZDAN SÖZ DÜŞƏNDƏ
(Təvəkkül Goruslu yaradıcılığında payız lövhələri)
Salam olsun, çox dəyərli oxucum! Laçını bir neçə dəfə al-əlvan, güllü-çiçəkli görmüşdüm. Onun payızı da yazından heç geri qalmır. Müdhiş mənzərə adamı lap uzaqlara – qarşıdakı dağların ötəsinə götür. Mənzərə qeyri-iradi olaraq düşüncədə Gorus assosiasiyası yaradır. Gorus isə özlüyündə Təvəkkül Goruslu imzasını xatırladır. Bu məqamda – Laçında goruslu şairi xatırladığım üçün – gərək laçınlı ustadlar; Nazim Əhmədli, Adil Cəfakeş məni bağışlasın. Mənim bir təqsirim yoxdur. Bu məsələdə üç səbəbkar var:
-mudhiş mənzərə,
-mənzərəni yaradan payız,
-payızı nəzmə çəkən şair Təvəkkül Goruslu.
Payız – Azərbaycan poeziyasında həm bolluq fəsli, həm də düşüncələrin dərinləşdiyi, zamanın yavaşıyıb insanın özünə qayıtdığı bir hal kimi təqdim edilir. Bəndəniz hələ də bu fikirdədir:
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız.
Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız.
Bəli, payız (güz) insanın olğun, sözün dolğun çağıdır. Obrazlı şəkildə desək, payız var olanın yetkinlik dövrünü əks etdirir. Təvəkkül Goruslunun poetik dünyasında da payız yalnız fəsillərin ardıcıllığından biri – növbəti fəsil kimi deyil, məhz həm də insanın həyat təcrübəsini, əməklə topladığı qazancı, ömür yolunun sınaqlarını ifadə edən simvolik bir mərhələ kimi təqdim olunduğna görə diqqəti cəlb edir və müasir dövrümüzdə şairin müasirləri tərəfindən yaradılmış digər nümunələrdən yaxşı mənada seçilir. Necə deyərlər:
Ustac dəyər verər sözə,
Qabda nə var çıxar üzə, …

Onun “Payıza düşər” və “Payız yağışı” şeirləri payızın poetik ovqatını təkcə təbiətlə yox, insanın iç dünyasıyla da birləşdirir. Bu şeirlərdə payız həm zəhmətin mükafatı, həm də taleyin bir sınağı kimi görünür.
“Payıza düşər” şeirində şair fəsillərin yarışını təsvir edir. Təbiətin dəyişməsi yalnız təbiətin yox, həm də insan əməyinin dövri prosesləridir. Baharın təravəti, yayın istisi, qışın sərtliyi – hamısı payızda öz nəticəsini verir:
“Yarpaqlar qızılı, qırmızı rəngdə,
Fəsillərin nuru payıza düşər.”

Burada payız, əslində, il boyu görülən işin yekunudur. Bu səbəbdən kəndlinin (zəhmətkeş insanların) ən çox ümid bağladığı vaxt da payızdır. Şair sadə kəndli həyatının ritmini poeziyanın içindən keçirərək göstərir ki, payıza çatan zəhmət artıq “bar-bəhər” olur:
“Gəlincə gətirər barı-bəhəri,
Kəndlilər lap sübhdən açar səhəri.”

Bu misralar kənd əməyinin poetik salnaməsidir. Bir ilin son sorusu, son nəfəsi, son imtahanı payızda verilir. Uşaqlıqdan çoxumuzun yaddaşına ömürlük yazılmış: – “cücəni payızda sayarlar” – məsəlində də məhz bu anlam vurğulanır.  Maddi bolluq – bağ-bağçanın, mal-heyvanın yekun məhsulları – hamısı kəndlinin gözləntisinin gerçəkləşdiyi məqamdır. Bəndəniz:
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…
Görək ustad sənətkar Təvəkkül Goruslu necə deyir:
“Fəsillərin varı payıza düşər!”
Məşqdən bir cümlə ilə – sənətkarlıq da məhz budur.
Təvəkkül Goruslunun payızı – zəhmət fəlsəfəsi üzərində qurulan milli həyat lövhəsidir.
Payız yağışı – ovqatın, taleyin və təkliyin işarəsi
“Payız yağışı” şeirində isə şair payızı daha fərqli rakursdan təqdim edir. Bu dəfə payız insana ağırlıq gətirən, düşüncələri dərinləşdirən, bəzən də yorğan kimi çökmüş köhnə hissələrin simvoludur. Şair payızın yağışından çəkinir, onu özünə yaxın buraxmaq istəmir:
“Sil gözün yaşını, ağlama payız,
Yağma üzərimə payız yağışı.”

Burada payız yağışı artıq əməyin bəhrəsini yığan fəsil deyil, insanın içində yığılıb qalmış kədərin metaforasıdır. Təvəkkül Goruslu kədəri təbiətlə danışdırır, sanki yağış insanın üstündəki yükü daha da ağırlaşdıran bir varlığa çevrilir.
“Yağış islanmışın nəyinə lazım…”
Bu misra həm həyat müşahidəsi, həm də daxili yorğunluğun qısa, lakonik izahıdır. Payız bəzən insana rahatlıq gətirmir, əksinə, içində gizlənmiş xiffəti oyadır. Şeir boyunca aydın görünür ki, şairin payıza münasibəti həm isti, həm də ehtiyatlıdır. Bir tərəfdən payızın bolluq fəslidir:
“Payız məhsul fəsli, evlər tikəndi,
Varını, barını önə tökəndi.”

Digər tərəfdən payız insana “tez tükənən” ömür hisslərini xatırladır. Şairin sözündə burada melanxoliyaya meyillilik boy göstərir:
“Yerdən qaldırmamış nə tez tükəndin…”
Beləcə, payız yağışı həm təbiətin hadisəsi, həm də insan ömrünün metaforası kimi verilir.
Payız obrazlarının poetik mahiyyəti
Təvəkkül Goruslunun payız poetikası üç əsas xətt üzrə formalaşır:
Əmək və zəhmət fəlsəfəsi
Payızın kəndli həyatındakı əhəmiyyəti şairin şeirlərində geniş şəkildə təqdim olunur. Şair üçün payız – əməyin nəticəsi, zəhmətin sevinci, ilin hesabatıdır.
İnsan ömrü ilə paralellər
Payız həm də insanın həyat dövrlərindən biridir. Yaz – gənclik, yay – yetkinlik, payız – müdriklik, yığım mərhələsi, qış – ömrün qapanışı kimi verilir.
Ovqatın dərinləşməsi
Payız yağışında kədər, sis, duman, yorğunluq kimi hisslər toplanır. Şair bu hissləri təbiətə köçürür və təbiət də insan kimi dərdə bürünür.
Təvəkkül Goruslunun yaradıcılığında payız fəsli yalnız təbiət hadisəsi deyil, həm də həyatın, zəhmətin, taleyin və insan duyğularının güzgüsüdür. Onun payız lövhələrində həm kənd həyatının reallığı, həm də insan ruhunun poetik çırpıntıları var.
“Payıza düşər”də zəhmətin bəhrəsi, bolluq və fəsillərin harmoniyası ön planda dayanırsa, “Payız yağışı”nda hüzün, yorğunluq və daxili təlatüm çalarları görünür. Bu müxtəliflik şairin həm həyatsevərliyini, həm də müşahidə qabiliyyətinin gücünü açıq şəkildə göstərir.
Payızdan söz düşəndə, Təvəkkül Goruslunun misralarında təbiətin nəfəsi ilə insanın nəfəsi eyni ritmdə səslənir. Bu da onun poeziyasını oxucuya həm doğma, həm də düşündürücü edən əsas cəhətlərdən biridir.
Ümumilikdə isə Təvəkkül Goruslu  (“Gorus”, “Gorussuz” necə yazsanız da hamısında Gorus var, nəticə bütün hallarda “Gorus”lu olursunuz) müasir Azərbaycan poeziyasının klassik imicdə keşiyində (hər gün) ayıq-sayıq dayanan barmaqla sayılacaq qədər çox az saylı nümayəndəlarindən biridir. Ustad sənətkarı bu yazımla salamlayır, məzmunlu, bəndi-bərəsi yerində, əsl poeziya nümunələrini şairin öz dilindən tezliklə Zəngəzurda, Gorusumuzda, Göyçə gölünün sahilində dinləyəcəyimə inanıram. Ürəkli, tərəddüdsüz şeirlərinin sonuna “Təvəkkül Goruslu” yaz, Ustad!
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Allah amanında. Deyirəm, Laçında salamlaşıb, Bakıda sağollaşmağın ləzzəti bir başqadır. Böyük Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah!

11.11.2025 Laçın – 22.11.2025 Bakı

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Top