Weather Data Source: havadurumuuzun.com

AZƏRBAYCAN–İTALİYA ARASINDA POEZİYA KÖRPÜLƏRİ

AZƏRBAYCAN–İTALİYA ARASINDA POEZİYA KÖRPÜLƏRİ

Bu gün dünyada məsafələr ünsiyyət vasitələri ilə aradan qalxır və illər öncə ağla gəlməyən üfüqlərə doğru yeni əlaqələr üçün texnologiyanın sürətlə irəliləməsi sayəsində bu gün reallığa çevrilmiş, ölkələr arasında bir-birimizə daha yaxın hiss etməyimizə səbəb olan bir gerçəklik mövcuddur.
Mən bu Kainatda, bu Planetdə yaşamağı və münasibətlər qurmağı çox yüksək qiymətləndirirəm. Halbuki, gün keçdikcə ekoloji fəlakətlərdən və mədəni, ictimai, mənəvi idealları, layihələri, insanlığın ləyaqətli həyat tərzi üçün ehtiyac duyduğu hər şeyi sarsıdan müharibələrdən daha çox əziyyət çəkirik. Bununla belə, dünyanın bütün ölkələrində açıq-aydın hiss olunan narahatlıqlara rəğmən, mən bütün şeylərin, hətta gizlində qalanlarının da müsbət tərəfini görməyi və onları üzə çıxarmağı sevən birisi kimi bu gözəllikləri mümkün qədər çox insana çatdırmağı özümə borc bilirəm və inamla yaradıcılığın hər bir gözəlliyini təbliğ edirəm.
Mən şair, yazıçı, müxtəlif milli və beynəlxalq jurnallarda məqalələrin müəllifi olaraq, həm də poeziya və ədəbiyyat mədəniyyətinin görkəmli simalarının, eləcə də dünya miqyasında yeni istedadların tanıdılması ilə məşğul oluram. Başqalarının təbliğinə yönəlmiş bu fəaliyyətim həyatımın həqiqi mənası və böyük məmnunluq mənbəyidir. Baxmayaraq ki, bu, iqtisadi cəhətdən gəlir gətirmir, mənim şəxsi, mədəni və sosial inkişafım üçün gündəlik zənginlikdir, həm də dünyadakı müxtəlif ölkələrin mədəni fərqlərini dərk etməyə, ümumi köklərdən başlayaraq qədim ədəbi-fəlsəfi irsdən bəhrələnib hər bir xalqın öz siyasi, sosial və mənəvi gerçəkliklərinə uyğun inkişaf etdirilən fərqləri daha dərindən anlamağa imkan verir.
Mən anladım ki, məsafələrə baxmayaraq, insanların mədəni maraqları – poeziya, roman, incəsənət – sərhədləri aradan qaldırır, ünsiyyət körpüləri salır və bizi birlikdə müqayisə edib daha da təkmilləşməyə aparır.
Qısa bir müqəddimə kimi qeyd etmək istəyirəm ki, mənim qlobal mədəni təcrübəm məni məqalələrimi bölüşməyə və dərc etməyə gətirib çıxardı. Bu yazılar arasında, könüllü mədəni əməkdaşlığımız çərçivəsində, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı şair, tərcüməçi-jurnalist Cahangir Namazov ilə birgə hazırladıqlarımız da var. Bizim əməkdaşlığımız bir çox görkəmli poeziya və ədəbiyyat nümayəndələrini, xüsusilə də ölkələrimiz – İtaliya və Azərbaycanın şair və ədiblərini əhatə etdi.
Onun yerli poeziya mütəxəssisləri ilə apardığı müsahibələrini oxuyarkən mən anlayıram ki, xalqının milli tarixini yaradan şair və yazıçılara dərin bağlılıq və dini ehtiram hissi mövcuddur və onlar bu gün də süni intellekt əsrinin ortasında ədəbiyyat tədqiqatlarını davam etdirmək üçün mübarizə aparırlar.
Eyni zamanda qeyd etmək istəyirəm ki, məhz Cahangir Namazovun təşəbbüsü və ədəbi əməkdaşlığı nəticəsində mənim yaradıcılıq nümunələrim Azərbaycan mətbuatında işıq üzü görmüşdür. Bundan başqa, onun ondan artıq tanınmış Azərbaycan şair və yazıçıları ilə apardığı ədəbi söhbətlərini italyan dilinə tərcümə edərək, İtaliyada Azərbaycan ədəbiyyatını az da olsa tanıtmağa çalışıram. Mən inanıram ki, ədəbi dostluqlarımız davamlı olacaq. Azərbaycanla dostluq və ədəbi əlaqələrimizi daha da möhkəmləndirmək üçün gələcəkdə Azərbaycan və İtaliya antologiyasını çap etdirmək niyyətim də var.
Mənim dəvətim odur ki, çağdaş Azərbaycan mədəniyyətinin görkəmli simalarına ünvanlanmış suallar vasitəsilə irəli sürülən mədəni mövzuları oxuyub dərindən araşdırasınız. Çünki bu mövzular çox zəngin mesajlarla doludur, poeziya və ədəbiyyat vasitəsilə düşünmək və böyümək üçün həqiqi bir qida rolunu oynayır. Bu, insanın öz-özü ilə və başqaları ilə yaxşı münasibətdə olması üçün çox vacibdir, xüsusən də bu günlərdə fərdi və sosial təcrid meyillərinin artdığı bir zamanda.
Mənim Azərbaycanla olan dostluğum və ədəbi bağlarım sadəcə bir əməkdaşlıqdan ibarət deyil, həm də ürəyimdə dərin bir sevgi, hörmət və səmimiyyət daşıyır. Mən bu mədəni körpülərin gələcəkdə daha da möhkəmlənəcəyinə qəlbən inanıram.

Elisa MARCİA,
şair, jurnalist, tərcüməçi və ədəbiyyatşünas

Top