Prezidentin köməkçisi

Prezidentin köməkçisi
Öncə onun astroloji xəritəsinə nəzər yetirək. O, 1977-ci ilin aprel ayının 13-də, həftənin 3-cü günü dünyaya gəlib. Ulduzların dediyinə görə, aprel ayının 10-dan 20-sinədək doğulanlar yeniliklər axtaran, səxavətli, açıq fikirli, comərd və özünə inamlı insanlar olurlar. Əgər bu insanların dünyaya gəlişi həftənin 3-cü gününə düşürsə, üstəgəl həmin insanların mənəviyyatı zəngin, maraq və əyləncə əhatəsi isə geniş olur. Belə insanlar bütün ömürləri boyu öyrənməyə can atır, əzimkarlığı ilə seçilirlər. Sadə və mehriban olurlar, özlərini nümayiş etdirməyi xoşlamırlar. Onlar uşaqlıqdan arzular qurur, həyatını planlaşdırır, konkret peşə seçir və sonra da məqsədlərinə doğru inamla gedirlər…
…Orta təhsilini başa vurduqdan sonra Qərb Universitetinə qəbul olunub. 1998-ci ildə oranın Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə isə həmin universitetdə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışıb. 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib. 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib. 2017-ci ildə ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidentinin köməkçisidir. Xidmətləri bir sıra orden və medallarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb…
Müsahibələrinin birində deyir ki:- “Düşünürəm ki, hər bir insanda müəyyən vərdişlər, nəyəsə maraq və həvəs artıq uşaqlıqdan formalaşır. Məndə də avtomobillərə maraq hələ yeniyetməlik dövründən var idi. Düzdür, həmin dövrdə bu, sadəcə bir uşaqlıq, yeniyetməlik həvəsi idi. Amma illər keçdikcə bu maraq daha da artaraq professional bağlılığa çevrildi. Doğrudur, uşaqlıqda hərbçi olmaq, həmişə vətənə xidmət etmək istəyirdim. Hərbi xidmət keçərkən, ordu sıralarında qulluq edərkən bu arzuma qismən də olsa çatdım. Bu gün isə vətənə xidməti hazırkı fəaliyyətimlə davam etdirməyə çalışıram…”
Ümumiyyətlə cazibədar və cəlbedici insandır. Fəlsəfi təbiətinə görə yetkin və müdrikdir. Ona edilən yaxşılığı heç vaxt unutmur. Olduğu mühitdə etibar və hörmət qazanmağı bacarır. Gözəl təşkilatçı, nöqsansız icraçıdır. Sakit, təvazökar, diqqətli və idealistdir. Hadisələri və situasiyaları yaxşı qavradığı üçün düzgün istiqaməti tez seçir. Boş sözlərə, faydasız insanlara və cəfəng mövzulara nifrət edir. Maraqlı və məzmulu insanlarla ünsiyyətdə olmağı xoşlayır. Fərqli baxışlara açıq olduğundan özünə inamı böyükdür…
…Avtomobil idarə etməyi çox sevir. Sükan arxasında olanda demək olar ki, həm də istirahət edir. Bəlkə də bu səbəbdəndir ki, o, Azərbaycan Avtomobil Federasiyasına rəhbər seçilib. İdmana da marağı çox böyükdür, mütamadi məşğul olmağa çalışır…
“Hər zaman klassik avtomobillərə üstünlük vermişəm. Ümumiyyətlə, tarixi elementlərə, tarixi məna daşıyan əşyalara həmişə marağım olub. Fransanın Müluz şəhərinin Avtomobil Muzeyi, Almaniyanın “Classic Remise” muzeyinin və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə 2015-ci ilin fevral ayında Azərbaycanda ilk dəfə klassik avtomobillərin sərgisi baş tutdu. O vaxtdan ötən müddət ərzində çoxlu sayda ziyarətçilər, xarici qonaqlar, ölkəmizdə səfərdə olan dövlət başçıları və digər rəsmi nümayəndə heyətləri bu sərgiyə böyük maraq göstəriblər. Burada istehsal illəri üzrə avtomobil dizaynının təkamülünü görmək mümkündür. Onu da qeyd edim ki, bu günədək Heydər Əliyev Mərkəzində müxtəlif mövzularda sərgilər açılıb, amma məhz avtomobil sərgisini yaş və digər kateqoriyalardan asılı olmayaraq, bütün insanları birləşdirən sərgi hesab etmək olar…”- söyləyir.
…Güclü intuisiyası var. Qarşılaşdığı problemləri müxtəlif aspektlərdən qiymətləndirə bilir. Çox düşünür, amma az danışmağa üstünlük verir. Ümumiyyətlə, o, düşünmədən heç vaxt nəsə söyləmir. Məqsədə çatmaq üçün ağıl və təmkinlə hərəkət etməyi, daim diqqətli olmağı bacarır. Uğur qazanana qədər yorulmadan mübarizəsini davam edirməyi xoşlayır…
Deyir ki:- “Ölkəmizdə idmanın bütün sahələri üzrə cənab Prezidentin birbaşa dəstəyi və qayğısı mövcuddur. Çoxsaylı idman yarışları keçirilir, ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Dövlət tərəfindən aparılan idman siyasəti nəticəsində idmançılarımız bu yarışlarda böyük nailiyyətlər qazanır. O cümlədən Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti, ölkəmizdə avtomobil idmanının inkişafı birbaşa Azərbaycan Prezidentinin nəzarətindədir…”
…Yaraşıqlı görkəmi, nurlu çöhrəsi var. Ətrafa güc və müsbət enerji yaymağı bacarır. Onun ən mühüm xüsusiyyəti isə fitri intuisiyasıdır və intuisiyasında heç vaxt yanılmır. Qəribədir ki, gələcəkdə baş verəcək hər hansı bir hadisəni qabaqcadan görə bilmək kimi fövqəltəbii qabiliyyətə malikdir. Belə insan heç vaxt pis və ya orta səviyyədə ola bilməz. O, həmişə ən yüksək nəticələr əldə etmək uğrunda çalışır…
Ölkəmizin tanınan politoloqlarından biri onun haqqında söyləyir: ““Onun fəaliyyəti barədə müxtəlif mənbələrdən məlumatlıyam. O, peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Mehriban xanım birinci vitse-prezident təyin edilən zaman da proqnozum belə idi ki, o, özünə yeni komanda yığacaq. Bu komandada isə bizim öyrəşdiyimiz insanlar olmayacaq. Bildirmişdim ki, komandanın üzvləri Nazirlər Kabinetindəki yaşlı insanlar deyil, ideyalı, xaricdə təhsil alan gənclər olacaqlar. Çünki islahatları, neqativ hallarla mübarizəni gücləndirmək lazım idi. Düşünürəm ki, onun da yeni komandada yer alması müsbət haldır…”
…Şəxsi həyatına münasibəti unikaldır. Qayda-qanunu, nizam-intizama riayət etməyi xoşlayır. Hətta emosional vəziyyətdə belə standartların üstündə olmağa çalışır. Və həmişə ətrafındakı insanları heyran etməyi bacarır. Münasibətlərində mümkün qədər diqqətli olmağa çalışır. Qarşısındakı insana ehtiram göstərdiyi qədər, qarşıdakı insandan da eyni diqqəti gözləyir. Nikbin adamdır, şən olmağı və musiqi dinləməyi sevir. Bir sözlə, o, kifayət qədər yüksək enerjisi olan, həyat eşqi ilə dolu insandır…
Bəli, söhbət Anar Sahib oğlu Ələkbərovdan gedir. Atası nazir müavini olsa da, bunun onun vəzifə yüksəlişinə heç bir aidiyyəti olmayıb. Anar Ələkbərov o məmur övladlarındandır ki, davranışı, ədəb ərkanı, savadı, bacarığı, işgüzarlığı və əzmkarlığı ilə hər zaman nümunə olub və qazandığı uğurları özü qazanıb. Anar Ələkbərovu yaxından tanıyan adamlar bildirir ki, o, idarəetməni dərindən bilən, kreativ təşəbbüslər irəli sürən və bütün verilən tapşırıqları yüksək səviyyədə peşəkarlıqla yerinə yetirməyi bacaran insandır. Dövlətə, dövlətçiliyə sədaqətinə isə söz ola bilməz…
…Aprelin 13-ü Anar Ələkbərovun 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


