Türkan Hüseynlinin ümidlə boyanan üfüqləri

Türkan Hüseynlinin ümidlə boyanan üfüqləri
(“Gün batımı” rəsmi haqqında – birinci yazı)
Uşaqlıq – saf duyğuların, təmiz baxışların və sərhədsiz xəyal gücünün dövrüdür. Məhz bu dövrdə yaranan yaradıcılıq nümunələri bəzən ən peşəkar əsərlərdən belə daha təsirli, daha səmimi olur. Gənc rəssam Türkan Hüseynlinin təqdim etdiyi “Gün batımı” adlı bu rəsm əsəri də məhz belə bir səmimiyyətin, daxili dünyasının rənglərlə ifadəsinin bariz nümunəsidir.
Türkan Hüseynli 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərən Türkan artıq erkən yaşlarında dünyanı özünəməxsus şəkildə görməyi və onu kağız üzərinə köçürməyi bacarıb. Hal-hazırda rəsm təhsilini davam etdirən bu balaca istedad sahibi ilk sistemli təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyyətinin Eskişehir şəhərində ESAZDER-in nəzdində fəaliyyət göstərən uşaq dərnəyində alıb. Bu, onun yaradıcılıq yolunda ilk ciddi addımlarından biri kimi xüsusi əhəmiyyət daşıyır.
Gənc rəssam Türkan Hüseynlinin “Gün batımı” rəsm əsərinə nəzər saldıqda ilk baxışdan diqqəti cəlb edən əsas məqam rənglərin harmoniyası və kompozisiyanın sadəliyi ilə yanaşı dərin məna yükü daşımasıdır. Əsərdə gün batımı təsvir olunub. Üfüq xəttində qızılı və narıncı çalarların hakim olduğu günəş, sanki bir günün sonunu deyil, yeni bir başlanğıcın xəbərçisini simvolizə edir. Bu, uşağın dünyagörüşündə zamanın yalnız bir axın deyil, həm də davamlı ümid mənbəyi kimi qəbul olunduğunu göstərir.
Göy üzündə çəkilmiş göy qurşağı isə əsərin ən təsirli elementlərindən biridir. Rənglərin ardıcıl və ahəngdar düzülüşü həyatın rəngarəngliyini, müxtəlif duyğuların bir arada mövcudluğunu ifadə edir. Göy qurşağı həm də ümidin, arzuların və gələcəyə inamın simvoludur. Türkanın bu elementi əsərinə daxil etməsi onun daxili dünyasında pozitiv enerjinin və nikbin baxışın üstünlük təşkil etdiyini göstərir.
Rəsmdə yer alan qara siluet şəklində çəkilmiş palmalar və quşlar isə kompozisiyaya dinamika və həyat qatır. Palmalar ekzotik bir mühit təsəvvürü yaradır, eyni zamanda azadlıq və sakitlik hissini oyadır. Uçan quşlar isə sərbəstliyi, azad ruhu və sonsuz üfüqlərə doğru hərəkəti simvolizə edir. Bu detallar uşağın xəyal gücünün sərhədsizliyindən xəbər verir.
Dənizin mavi çalarlarla təsviri isə sakitlik, dərinlik və düşüncə dünyasının rəmzidir. Dalğaların sadə, lakin ifadəli çəkilişi göstərir ki, müəllif təbiətin ritmini hiss edir və onu öz baxış bucağı ilə təqdim etməyi bacarır. Su səthində əks olunan işıq və rəng keçidləri isə əsərə əlavə estetik dəyər qatır.
Bu rəsm əsəri texniki baxımdan sadə görünsə də, məzmun etibarilə olduqca zəngindir. Burada uşağın dünyanı necə gördüyü, nələri hiss etdiyi və hansı duyğularla yaşadığı açıq şəkildə əks olunur. Ən önəmlisi isə odur ki, Türkan Hüseynli artıq bu yaşında rənglər vasitəsilə öz fikrini ifadə etməyi bacarır ki, bu da gələcəkdə onun daha böyük uğurlara imza atacağından xəbər verir.
Gənc rəssamın yaradıcılığı bir daha sübut edir ki, incəsənət yaş tanımır. Əsas olan duymaq, görmək və bunu ifadə edə bilməkdir. Türkan Hüseynlinin bu əsəri isə həm onun istedadının ilkin parıltısı, həm də gələcək yaradıcılıq yolunun ümidverici başlanğıcı kimi dəyərləndirilə bilər.
Şübhəsiz ki, belə istedadlı uşaqların vaxtında aşkar olunması, dəstəklənməsi və inkişaf etdirilməsi cəmiyyətin mədəni gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Türkan Hüseynli kimi gənc fidanların yetişməsi isə sabahın güclü sənətkarlarının formalaşmasının təməlini qoyur.
RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI
Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Müəllif: Zaur USTAC


