Weather Data Source: havadurumuuzun.com

“Azərbaycan Kikboksinqinin Qlobal Zirvəyə Yüksəlişi: Adil Əliyev-in Beynəlxalq Uğuru”

“Azərbaycan Kikboksinqinin Qlobal Zirvəyə Yüksəlişi: Adil Əliyev-in Beynəlxalq Uğuru”

Azərbaycan idmanının beynəlxalq arenada yeni uğuru
Azərbaycan idmanı tarix boyu yalnız qələbələrlə deyil, həm də beynəlxalq nüfuzunun artması ilə seçilib. Bu gün isə bu uğurlu yolun növbəti mühüm mərhələsi yaşanır. Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev dünyanın ən nüfuzlu idman qurumlarından biri olan WAKO – Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.
Bu təyinat təkcə bir şəxsin uğuru deyil – bu, bütövlükdə Azərbaycanın idman siyasətinin, xüsusilə kikboksinq sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Azərbaycan son illərdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı ilə seçilir. Bu inkişafın arxasında isə sistemli yanaşma, dövlət dəstəyi və peşəkar idarəçilik dayanır.
Adil Əliyevin uzun illər ərzində kikboksinqin inkişafına verdiyi töhfələr, gənclərin bu idman növünə cəlb olunması istiqamətində həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələrin qurulmasında göstərdiyi fəaliyyət onu bu mötəbər vəzifəyə layiq edən əsas amillərdəndir. Onun rəhbərliyi və təşəbbüsləri nəticəsində Azərbaycan kikboksinqi təkcə ölkə daxilində deyil, beynəlxalq turnirlərdə də uğurlu nəticələr əldə edib, bayrağımız dəfələrlə yüksəklərə qaldırılıb.
WAKO çərçivəsində Beynəlxalq İnkişaf Komitəsinin fəaliyyəti dünya üzrə kikboksinqin genişlənməsi, yeni regionlarda inkişafı, idmançılar üçün imkanların artırılması və idmanın daha sistemli şəkildə təşkili baxımından xüsusi əhəmiyyət daşıyır. Bu komitədə Azərbaycan təmsilçisinin yer alması ölkəmizin idman diplomatiyasının gücləndiyini göstərir.
Bu təyinat eyni zamanda Azərbaycanın beynəlxalq idman ailəsində söz sahibi olan ölkələrdən birinə çevrildiyini bir daha sübut edir. Bu gün Azərbaycan yalnız idmançıları ilə deyil, həm də idman menecerləri və təşkilatçıları ilə dünya arenasında öz mövqeyini möhkəmləndirir.
Tarix göstərir ki, idman yalnız fiziki güc deyil, həm də milli ruhun, birliyin və qürurun ifadəsidir. Azərbaycan idmançıları və idman xadimləri hər zaman bu dəyərləri qoruyaraq gələcək nəsillərə örnək olublar. Adil Əliyevin bu beynəlxalq vəzifəyə seçilməsi də məhz bu dəyərlərin davamı, milli idman ənənələrinin dünyaya təqdim olunmasının yeni mərhələsidir.
Bu uğur, eyni zamanda, gənc nəslə verilən bir mesajdır: əzmlə çalışmaq, vətənə xidmət etmək və öz sahəsində peşəkar olmaq hər zaman qiymətləndirilir və beynəlxalq səviyyədə tanınır.
Sonda isə dəyərli idman xadimi Adil Əliyev-i ürəkdən təbrik edir, ona bu məsuliyyətli və şərəfli fəaliyyətində yeni-yeni uğurlar, möhkəm can sağlığı və Azərbaycan idmanının inkişafı naminə daha böyük nailiyyətlər arzulayırıq.

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist

Top