Weather Data Source: havadurumuuzun.com

qayğılar Təranə Dəmirin qələmində

Salam, ədəbiyyat!

(qayğılar Təranə Dəmirin qələmində)

Dəniz ola, sən olasan, bir də qağayılar,
Xəfif meh əsə, narın yağış yağa,
Uzaqdan əl edə xəyallar —
Ağ-qara.

İçindəki həsrət kükrəyə dalğa-dalğa,
Ləpə-ləpə göynəyə.
Saçlarını külək, yanaqlarını sel apara.
Bürünəsən təkliyə,
Tellərinin dəni, ovuclarının qabarı üşüyə.
Xatirələr küskün-küskün başına yığışa,
Verəsən ürəyini dənizə, küləyə, yağışa.

Həsrətin, tənhalığın və kədərin tablosu Təranə Dəmir qələmində.

Mən şair olduğum kimi, eyni zamanda da oxucuyam. Özü də sözün hənirini uzaqdan hiss edən oxucu. Məni heyrətləndirmək elə də asan deyil. Gərək şeir məni o qədər içinə çəksin ki, mən heyrətlənə bilim. Bu şeir kimi.

Nədir məni heyrətləndirən?

Birinci növbədə Təranə Dəmirin şeirlərindəki səmimiyyət məni heyrətləndirir. İçdən və yaşananlar elə peşəkarcasına qələmə alınır ki, sözün sehrinə düşməmək olmur. Sonra ədəbi sözün qaydalarına peşəkarcasına yanaşmaq bacarığı. Şair təşbehlərdən, metaforalardan elə gözəl, yerində və ustalıqla istifadə edir ki, sadəcə alqışlamaqdan başqa çarəmiz qalmır.

Təranə Dəmir gündəm şairi deyil, minilliklərin şairidir. Mən onu gələcək minillikdə də gözləyirəm. Şairin ədəbiyyatda öz cığırı olmalıdır. Kiminsə cığırı ilə irəlilədinsə, demək böyük Sözü ram edə bilməmisən. Demək bu gün alqışlanacaqsan, səhərsə unudulub gedəcəksən.

Sözdə öz fikrin, düşüncən olmalıdır. Ədəbiyyata yeni söz, yeni nəfəs gətirməlisən. Təranə Dəmir öz cığırında yol gedən şairdir. Mən onu böyük ədəbiyyat adamı adlandırıram. Təranə Dəmir alqış və mükafat şairi deyil, söz adamıdır. Eyni zamanda təvazökar və özündənrazılıq hissindən uzaqdır. Tərifi də qədərində qəbul edir.

Yalançı təriflərdən və yalançı insanlardan uzaq olmağı da şairin səmimiyyətindən irəli gəlir. İnsan onun şeirlərində özünü tapa bilir. Hər kəsin dili ilə danışmağı bacaran şair çox bağlı qapıları açmağı bacarır. Axı ədəbiyyat eyni zamanda dövrün aynası da olmalıdır. Belə ədəbiyyat əbədiyaşar ədəbiyyatdır.

Şair şeirlərində küləyin də, yağışın da, torpağın da, quşun da, küçənin, yolun, cığırın da dili ilə danışmağı bacarır. Cəmiyyəti düşündürən məsələlər, problemlər, qayğılar şeirləşə bilir Təranə Dəmir qələmində.

Bu şəhərin adamların don vurub,
Bu şəhərin küçələri yel çəkir.
Bu şəhərin ayaqları yorulub,
Bu şəhərin baxışları yol çəkir
 — deyən şair bu günkü yorğun, yuxusuz, dərdli şəhərin sözlə tablosunu çəkib.

Gecənin ən gözəl rəngi darıxmaq,
Elə darıxmaqçün doğulub gecə.
Qapqara zülməti çəkib üstünə,
Göz yaşı tökəsən burda gizlicə.

Başdan-başa təşbehlə dolu misralarda adam zülmət gecənin içində hiss edir özünü. Darıxırsan, həsrətə bələnirsən, üşüyürsən. İnsan duyğularına ayna tuta bilən şair gecəni də dilləndirə bilir demək. Ayla, ulduzla, işıqla, qaranlıqla dərdləşə bilmək özü də adamdan hünər istər. Bu baxımdan Təranə Dəmir hünərli şairdir.

Eyni zamanda şair:

Biz də keçdik ayrılıqdan,
Həsrət, gözün aydın olsun.
Bu qaranlıq, bu toranlıq,
Zülmət, gözün aydın olsun
 — deməyi də bacarır.

Həsrətə, zülmətə “günaydın” deməyin içində böyük ağrı, kədər və üzüntü var.

Günaydın, əsən külək,
Yağan yağış, günaydın.
Günaydın, gedən payız,
Sazaqlı qış, günaydın.

Salam, dən axataran quş,
Üşüyən ağac, salam.
Bu tələsən küçələr,
Basabas, tıxac, salam.

Günaydın, dilənçi qız,
Diləyin, duan aydın.
Qızaran üzündəki
İsmətin, həyan aydın.

Şeir uzanır. Uzandıqca gözümüzün qabağına küləkli, yağışlı şəhər gəlir. Qayğılarla yüklənmiş insanlar, basırıq küçələr, utancaq dilənçi qız gözümüzün önündə canlanır. Təsvirlər canlı və diridir. Təranə Dəmirin şeirləri adamla danışır sanki. İnsan bu şeirlərə ürəyini aça bilir. Bu da bir uğurdur.

Yenə töküb qaş-qabağın,
Qaramat yağır üzündən.
Göy geyib, qara bağlayıb,
Hava nə çıxıb özündən…

Küçələr, yollar üşüyür,
Dərə, təpə, dağ ağlayır.
Dəniz ləpə-ləpə küsüb,
Ağaclar yarpaq ağayır.

Yeni, orijinal fikirlərlə dolu olan bu şeiri oxuduqca gözümüzün önündə hava dil açır, danışır adamla, buludlar üsyan edir, qışın sazağına düşürük. Şairin şeirlərindən belə sitatlar çox gətirmək olar.

Təranə Dəmir eyni zamanda gözəl təbiət şairidir. Onun payız tabloları həmişəyaşardır. Şair bu şeirlərlə payızı da, qışı da bizə sevdirməyi bacarır.

Hər həsrətin öz ağrısı,
Hər həsrətin öz rəngi var.
İkimizin də könlündə
Payız adlı bir sevgi var,
Vermişik baş-başa, payız.

Və ya:

Bir payız nağılıydı,
Ayrılıq qoxuluydu,
Sərsəmdi, yuxuluydu,
Gözümdə azdı getdi,
Bu sevgi göyərmədi.

Burda payızın xəzanına bürünmüş sevgi canlanır gözümüzün önündə. Payız rəngdə, payız dadda, payız ruhda. Bu da bir bacarıqdır.

Eyni zamanda kənd təsvirləri, ormanlar, meşələr, ağaclar, kollar şair qələmində məharətlə şeirləşə bilir. Obrazlılıq Təranə Dəmir şeirlərinin əsasını təşkil edir.

Qalxasan at belinə,
Basasan üzəngiyə,
Qovasan yaylağacan,
O da bir az təngiyə.
Alaçığın başında
Narıncı çoban iti
Boynun burub otura,
Nənən səndən nigaran
Tez-tez durub otura…

Yaylaqlarımız, qoyun-quzu səsi, yaylaq abu-havası gözümüzün önündə canlanır. Təsvirlər o qədər canlıdır ki, istər-istəməz özünü yaylaqda hiss edirsən.

Təranə Dəmir gözəl şair olmaqla yanaşı, gözəl də publisistdir. Publisistikasında da özüdür Təranə Dəmir. Şairin sözə fərqli yanaşması və güclü təhlil bacarığı var. O, həmçinin gözəl nəsr əsərləri, hekayələr, esselər müəllifidir.

Bir sözlə, Təranə Dəmir əsl söz adamıdır. Eyni zamanda şair sözə ürəklə salam verənlərdəndir.

Zabil Pərviz,
AYB-nin və AJB-nin üzvü, şair-publisist

Zabil Pərvizin digər yazıları

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top