hamının yaxşı tanıdığı şair Ramiz Duyğun

“BİR OĞUL İSTƏYİR VƏTƏN”
yaxud, hamının yaxşı tanıdığı şair Ramiz Duyğun
Onu mən də tanıyırdım. Hardan tanıyırdım, necə tanıyırdım, xatırlamıram. Bir onu bilirəm ki, adı çəkiləndə bir doğmalıq hiss edirdim. Elə bilirdim ki, hardasa, uzaq qohumlarımdan biridir, nə vaxtsa yaxından görmüşəm, danışmışıq, aramızda dostcasına səmimi ünsiyyət yaranıb.
Sən demə, bu, mənim şüuraltı yaddaşımda belə yer alıbmış. Axı mən də XX əsr səksəninci illərin uşaqlarındanam. O vaxt məktəb illərim, yeniyetməlik dövrüm keçib.
Onda ucqar bir dağ kəndində yaşayırdıq. Kəndimizdə səkkizillik məktəb açılandan sonra məktəbə televizor da vermişdilər. Bizim kəndə gələn ilk televizor o olmuşdu. Qarlama göstərirdi, bəzən ekrandakılar güclə seçilirdi. Məktəb direktorunun evinə toplaşıb televizora baxırdıq. Dəqiq yadımdadır, həftə ərzində iki dəfə yığışırdıq; bir “Səhər görüşləri”nə, bir də Ramiz Məlikovun apardığı “Hünər” verilişinə…
Beləcə, illər çox sürətlə gəlib keçdi. Dövran dəyişdi, insanlar dəyişdi. O boyda Sovet imperiyası dağıldı. O boyda Sovet imperiyasının köynəyindən çıxan hər bir müttəfiq respublika müstəqil ölkəyə çevrildi, özü də imperiya qüdrəti ilə… heç kimə, heç bir ölkəyə sığınmadı. Gün gəldi, Ramiz Məlikovu yenidən televizorun ekranından gördük. Həmin görkəmdə, daha zabitəli, həmin duruşunda, daha ötkəm, daha vüqarlı və qürurlu, danışığını dinlədik, həmin ibarəli və məntiqli ifadələri ilə, bu dəfə daha kəskin, daha qətiyyətli… Bu dəfə onun hədəfində məchul düşmən deyil, konkret erməni faşizmi vardı, axı o, indi “Hünər” verilişini aparmırdı, yeni yaranmış müstəqil ölkənin Müdafiə nazirliyinin Mətbuat xidmətinə rəhbərlik edirdi.
Birinci Qarabağ savaşı “Atəşkəs” rejimində davam etdirildi.
İllər keçdi.
Bir vaxtlar “Hünər” verilişini səbrsizliklə gözləyən mən də yaşlandım, hərbi xidmətimi başa vurub təqaüdə çıxdım. Ancaq Qarabağ azad olunmadı. “Atəşkəs” rejimi davam edirdi. Belə bir vaxtda Ramiz Duyğunla şəxsi tanışlığımız yarandı. Onun görüşünə əksər hallarda sadiq silahdaşı, həm də yetirməsi şair Mahir Cavadlı ilə gedirdik. Qismətə bax ki, polkovnik Ramiz Duyğun Mahir Cavadlını gənc yaşlarında boyunu sevə-sevə yenicə yaratdığı “Sərhəd” qəzetində işə və hərbi xidmətə götürmüş, ona ilk zabit rütbəsini verdirmişdi. İndi Mahir Cavadlı da təqaüddəydi, özü də polkovnik rütbəsində.
Ramiz Duyğun uzaqgörən idi, dünya gedişatından baş çıxarırdı. Onunla hər zaman bu barədə söhbətlər edir, hədəflərini nəzərə alırdıq. Əksər hallarda da düz çıxırdı. Bir dəfə necə olmuşdusa, görüşümüzdə Mahir iştirak eləmirdi. Yenicə bitirdiyi “Bir oğul istəyir Vətən” poemasını oxuyur, detallarını müzakirə edirdik. Onda hələ 2020-ci ilin may ayıydı. Bizdən heç kimin ağlına gəlməzdi ki, tezliklə nələr baş verə bilər. Yatsaydıq, heç yuxumuza da girməzdi. Həm də elə bir tarixi şərait yetişməmişdi. Ramiz Duyğin isə bunu qətiyyətlə vurğulayırdı. Yekunda poemanın tezliklə yayılmasını və hamı tərəfindən oxunulmasını istədiyini bildirdi. Artıq axşam olduğundan kimə müraciət edəcəyim barədə düşünürdüm. İlk ağlıma gələn əslən Kəlbəcərdən olan şair Namiq Dəlidağlı oldu. O, həm də “Dəlidağ.az” saytının rəhbəriydi. Əlaqə saxladım. Müsbət münasibət bildirdi. Elə həmin gecə Ramiz Duyğunun “Bir oğul istəyir Vətən” lirik poeması minlərlə oxucunun nəzərinə çatdırıldı.
44 günlük savaşdan sonra da Ramiz Duyğunla görüşdük. Antiterror əməliyyatından sonra da əlaqələrimiz oldu. Sonuncu dəfə 2025-ci il fevralın 10-da – şairin ad günündə onun qonağı olduq. Yenə də Mahirlə getmişdik. Ramiz Duyğunun yaxın dostlarından məşhur cərrah-həkim-uroloq Südeyf İmamverdiyev də oradaydı. Şairin ailə üzvləri ilə bir neçə saat bir yerdə olduq, söhbətlərini dinlədik.
Ramiz Duyğun həmişəki kimi ötkəm, məntiqli danışırdı. Yaddaşı çox güclü idi. Ən azından ötən səksən ilin harasından söhbət salsaydıq əhatəli, təfsilatı ilə məlumat verərdi. Düşüncəli, məntiqəuyğun proqnozları ağlabatan görünürdü. Bir sözlə; böyük ürək sahibi Azərbaycanın vurğunuydu, təpədən dırnağa kimi Vətən rənginə boyanmışdı, mayası Vətən xəmiri ilə yoğrulmuşdu.
Tezliklə onun doxsan yaşında toplaşmaq arzusu ilə şairlə görüşüb ayrıldıq. Amansız ölüm arzularımızı ürəyimizdə qoydu. Bir də eşitdik ki, əcəl onu aramızdan aparıb.
Cismani olaraq aramızda yoxdursa da, əziz xatirəsi daima qəlbimizdədir.
24 mart 2026-cı il, Xırdalan şəhəri

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


