Zaur Ustac və Azərbaycan

ZAUR USTAC YARADICILIĞINDA BÜTÖV AZƏRBAYCAN İDEYASI – AZƏRBAYCANÇILIQ
Azərbaycan ədəbiyyatının inkişaf tarixində milli ideyaların, vətən sevgisinin və xalqın mənəvi birliyinin bədii ifadəsi hər zaman mühüm yer tutmuşdur. Bu mövzular xüsusilə XX əsrin sonu və XXI əsrin əvvəllərində milli azadlıq düşüncəsi, torpaq uğrunda mübarizə və bütöv vətən ideyası ilə daha da güclənmişdir. Müasir Azərbaycan ədəbiyyatında bu ideyanı bədii-fəlsəfi şəkildə ifadə edən bir çox tanınmış şair və yazıçılar var.
Bu baxımdan müasir dövrdə öz yaradıcılığı ilə diqqət çəkən, milli düşüncəni və vətənpərvərlik ruhunu poeziyasında ardıcıl şəkildə ifadə edən sənətkarlardan biri də tanınmış şair, yazıçı və publisist Zaur Ustacdır. Onun şeirləri, yaratdığı nəsr nümunələri və publisistik yazıları yalnız bədii-estetik xüsusiyyətləri ilə deyil, həm də milli ideyaların, xüsusilə Bütöv Azərbaycan düşüncəsinin poetik və ideoloji ifadəsi ilə seçilir.
Zaur Ustacın yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında vətən, tarix, milli kimlik və türk dünyası ideyalarının bədii sintezini özündə əks etdirən mühüm nümunələrdən biridir. Yazarın əsərlərində Azərbaycan anlayışı yalnız mövcud dövlət sərhədləri ilə məhdudlaşmır. O, Azərbaycanı tarixən formalaşmış geniş bir mədəni və mənəvi məkan kimi təqdim edir. Bu məkan isə Quzey və Güney Azərbaycanın vahid ruhunu, eyni dil və mədəniyyətə bağlı insanları, eyni tarix və yaddaşın daşıyıcılarını özündə birləşdirir.
1975-ci ildə Bakı şəhərində dünyaya gələn Zaur Ustac müasir Azərbaycan ədəbi mühitində fəal yaradıcılıq fəaliyyəti ilə seçilən sənətkarlardandır. O, 1980-ci illərin sonlarından etibarən dövri mətbuatda şeirləri və məqalələri ilə çıxış etməyə başlamışdır. Uzun illər ərzində müxtəlif qəzet və jurnallarda çap olunan əsərləri onun ədəbi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Şair yalnız poeziya ilə kifayətlənməmiş, həm də publisistik yazıları, ədəbi layihələri və redaktorluq fəaliyyəti ilə də tanınmışdır. Onun təsis etdiyi “Yazarlar” jurnalı müasir Azərbaycan ədəbiyyatının inkişafına xidmət edən mühüm ədəbi platformalardan biridir. Bu jurnal vasitəsilə gənc qələm sahiblərinin yaradıcılığına geniş imkanlar yaradılmış, milli ədəbi mühitin inkişafına töhfə verilmişdir.
Onun yaradıcılığında vətənpərvərlik mövzusu poeziya, proza və publisistika yaratmasından asılı olmayaraq bərabər porsiyalarla bölünmüşdür. Zaur Ustac mövzusundan asılı olmayaraq demək olar ki, bütün məqalələrində bir söz və ya bir cümlə olsa da bu məsələyə mütləq toxunur, münasibət bildir. Mən bu geniş təhlil məqaləmdə konkret olaraq Zaur Ustacın yaratdığı poeziya və proza nümunələri üzərindən fikirlərimi sizinlə bölüşmək istəyirəm. İlk olaraq Zaur Ustacın bu mövzuda olan çoxsaylı şeirlərinə müraciət edək.
Zaur Ustacın yaradıcılıq dünyasında diqqət çəkən əsas cəhətlərdən biri onun milli düşüncə sistemi ilə bağlıdır. Şairin əsərlərində Azərbaycan xalqının tarixi taleyi, mübarizə ruhu, milli kimliyi və vətənə bağlılığı xüsusi yer tutur. Bu baxımdan onun poeziyası təkcə bədii yaradıcılıq nümunəsi deyil, həm də milli ideologiyanın poetik ifadəsi kimi qiymətləndirilə bilər.
Zaur Ustac yaradıcılığında ən mühüm ideya istiqamətlərindən biri Bütöv Azərbaycan düşüncəsidir. Bu ideya Azərbaycan xalqının tarixində formalaşmış və müxtəlif dövrlərdə siyasi və mədəni müstəvidə öz əksini tapmış bir ideologiyadır. Zaur Ustacın yaradıcılığında Bütöv Azərbaycan ideyası yalnız siyasi-coğrafi anlayış deyil, mənəvi və tarixi bütövlüyün ifadəsidir. “BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!” şeirində müəllif bu ideyanı milli identikliyin əsas atributları üzərindən təqdim edir:
“Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!”
Bu misralarda sərhədlərin süni xarakter daşıdığı, xalqın isə vahid mədəni və tarixi kökə bağlı olduğu vurğulanır. Şair üçün Arazın iki sahili ayrı məkanlar deyil, eyni ruhun parçalarıdır.
Şairin əsərlərində bu ideya müxtəlif bədii obrazlar, simvollar və coğrafi məkanlar vasitəsilə təqdim olunur. Onun şeirlərində tez-tez rast gəlinən Təbriz, Göyçə, Urmu, Borçalı, Dərbənd kimi məkan adları yalnız coğrafi anlayışlar deyil. Onlar parçalanmış vətənin poetik xəritəsini təşkil edən simvollardır.
Zaur Ustacın şeirlərində diqqət çəkən əsas cəhətlərdən biri geniş coğrafi yaddaşdır. Kərkük, Mosul, Göyçə, Urmiya, Təbriz, Zəngəzur kimi məkanlar təkcə ad kimi çəkilmir, onlar milli ruhun parçaları kimi təqdim olunur. “Nadanlıq” şeirində bu ağrı daha sərt ifadə olunur:
“Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…”
və ya “MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM” şeirində:
“Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…”
Poeziya nümunələri fərqli olsa da ideya eynidir. Burada müəllif yalnız keçmişi xatırlatmır, həm də unutqanlıq sindromunu tənqid edir. Onun fikrincə, bütöv Azərbaycan ideyasının qarşısındakı ən böyük maneələrdən biri məhz milli yaddaşın zəifləməsidir.
Bu məkanların şairin poeziyasında yer alması təsadüfi deyil. Onlar Azərbaycan tarixinin müxtəlif mərhələlərində formalaşmış milli yaddaşın tərkib hissəsidir. Şair bu məkanları xatırladaraq oxucuda tarixi yaddaşı oyadır və milli birliyin vacibliyini vurğulayır.
Zaur Ustac poeziyasında ən güclü simvollardan biri Araz çayıdır. Azərbaycan ədəbiyyatında Araz çayı çox vaxt ayrılığın rəmzi kimi təqdim olunmuşdur. Lakin Zaur Ustacın yaradıcılığında Araz həm də ümidin və gələcək birliyin simvolu kimi çıxış edir.
“Araz” şeirində çay obrazı xüsusi simvolik məna daşıyır. Tarix boyu ayrılıq rəmzi kimi təqdim edilən Araz burada fərqli şəkildə yozulur:
“Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!”
Bu yanaşma diqqətəlayiqdir. Müəllif Arazı ittiham etmir, əksinə onu həm dərdin şahidi, həm də təsəlli mənbəyi kimi təqdim edir. Araz burada milli yaddaşın daşıyıcısıdır – o, bölmür, əksinə eyni taleyi yaşayan insanları birləşdirir.
Şair Arazı yalnız coğrafi sərhəd kimi deyil, eyni millətin iki qolu arasında dayanan tarixi bir yaddaş xətti kimi təsvir edir. Onun şeirlərində Arazın hər iki sahilində yaşayan insanların eyni dilə, eyni mədəniyyətə və eyni tarixi köklərə bağlı olduğu vurğulanır.
Bu yanaşma göstərir ki, şair üçün Araz ayrılığın simvolu olmaqla yanaşı, həm də gələcək birliyin və qovuşmanın ümididir.
Zaur Ustac yaradıcılığında tarixi şəxsiyyətlərin xatırlanması da diqqətəlayiqdir. Onun şeirlərində Nəsimi, Füzuli, Babək, Şah İsmayıl Xətai, Nadir Şah və müasirimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev kimi böyük tarixi simalar tez-tez yad edilir.
Şair tez-tez tarixi şəxsiyyətlərə müraciət edir: Nəsimi, Füzuli, Babək, Koroğlu, Qaçaq Nəbi kimi obrazlar milli dirənişin simvolları kimi təqdim olunur. Bu, keçmişlə bu gün arasında ideoloji körpü yaradır. Yenə “Nadanlıq” şeirində:
“Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…”
Bu misralar yalnız nostalji deyil, həm də çağırışdır – keçmişin ruhunu yaşatmaq və onu gələcək ideallarla birləşdirmək.
Bu şəxsiyyətlər Azərbaycan tarixinin və mədəniyyətinin müxtəlif mərhələlərini təmsil edir. Şair onları xatırladaraq milli ruhun və azadlıq ideyasının əsrlər boyu yaşadığını göstərir. Zaur Ustac “Övladıyam” (“Ustacam”) şeirində yazır:
“Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!”
Tarixi şəxsiyyətlərin poeziyada bu şəkildə təqdim olunması şairin milli düşüncə sistemini daha da gücləndirir. Bu yanaşma göstərir ki, Bütöv Azərbaycan ideyası yalnız siyasi deyil, həm də mədəni və tarixi köklərə malikdir.
“Övladıyam”(“Ustacam”) şeirində bu tarixi davamlılıq xüsusilə diqqət çəkir. Şair özünü həmin böyük ənənənin davamçısı kimi təqdim edir və milli ruhun yaşadığını göstərir. Bu, bütöv Azərbaycan ideyasının yalnız siyasi deyil, həm də mədəni və mənəvi mahiyyət daşıdığını göstərir.
Zaur Ustac yaradıcılığında Bütöv Azərbaycan ideyası yalnız Azərbaycan coğrafiyası ilə məhdudlaşmır. Şair bu ideyanı daha geniş – Türk dünyası kontekstində təqdim edir. “Üç qardaş” şeirində Azərbaycan, Türkiyə və Pakistan qardaşlığından bəhs etməsi milli həmrəylik ideyasının beynəlxalq ölçüdə təqdimidir.
Bu yanaşma göstərir ki, şair üçün vətən anlayışı yalnız torpaq deyil, həm də ortaq tarix, dil və mədəniyyət birliyidir.
Zaur Ustac yaradıcılığında diqqət çəkən başqa bir məqam türk dünyası ilə bağlı ideyaların geniş yer tutmasıdır. Şair öz poeziyasında Azərbaycanı türk dünyasının ayrılmaz bir hissəsi kimi təqdim edir.
Onun bəzi şeirlərində Türkiyə və digər türk xalqları ilə bağlı mövzulara müraciət edilməsi bu ideyanın bariz nümunəsidir. Bu şeirlərdə ortaq dil, ortaq tarix və ortaq mədəniyyət anlayışları ön plana çəkilir.
Şairin bu mövzulara müraciət etməsi onun dünyagörüşünün genişliyini göstərir. O, Azərbaycanı yalnız regional deyil, həm də ümumtürk mədəni məkanının mühüm tərkib hissəsi kimi təqdim edir.
Zaur Ustac yaradıcılığında ana dili mövzusu da xüsusi yer tutur. Şair ana dilini yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də milli kimliyin əsas dayağı kimi təqdim edir.
Onun şeirlərində ana dili müqəddəs bir dəyər kimi təsvir olunur. Şair dilin qorunmasının və inkişaf etdirilməsinin milli varlığın davamlılığı üçün vacib olduğunu vurğulayır. Şairin “Ana dilim” şeiri də Bütöv Azərbaycan ideyasının mühüm ideoloji dayaqlarından biri olan dil məsələsinə həsr olunub. Şair ana dilini “Ata yurdun sərhədini müəyyən edən” müqəddəs dəyər kimi təqdim edir:
“Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!”
Bu yanaşma göstərir ki, milli birlik yalnız siyasi və coğrafi birliklə deyil, həm də dil və mədəniyyət birliyi ilə formalaşır.
Beləliklə, Zaur Ustacın yaradıcılığı müasir Azərbaycan poeziyasında Bütöv Azərbaycan ideyasının ən parlaq ifadələrindən biri kimi qiymətləndirilə bilər. Onun şeirlərində vətən sevgisi, tarixi yaddaş, milli kimlik və birlik arzusu bir-biri ilə vəhdət təşkil edir.
“MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM!!!” şeirində müəllifin mövqeyi daha açıq və emosional şəkildə ifadə olunur. Bu şeir bütöv Azərbaycan ideyasının kulminasiya nöqtəsidir:
“İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!”
Burada artıq arzu konkret istiqamət alır. Bu, yalnız poetik xəyal deyil, həm də milli ideologiyanın açıq bəyanıdır. Şairin “zəfərə təşnəlik” ifadəsi onun daxili enerjisini, milli ruhun hərəkətverici qüvvəsini göstərir.
“SEVİN, A TƏBRİZ!” şeirində isə müəllif gələcəyə ümidlə baxır. Bu şeir digər nümunələrə nisbətən daha nikbin ruhdadır:
“Gözün aydın olsun, sevin, a Təbriz!”
Bu misralar Bütöv Azərbaycan ideyasının yalnız kədər və həsrət üzərində qurulmadığını, eyni zamanda ümid və inamla da qidalandığını göstərir.
Şairin əsərlərində səslənən Təbriz həsrəti, Arazın simvolik obrazı, Göyçə və Urmu kimi məkanların xatırlanması, türk dünyası ilə bağlı ideyalar bütöv Azərbaycan düşüncəsinin bədii ifadəsinə çevrilir. Bu baxımdan Zaur Ustacın yaradıcılığı yalnız poetik hadisə deyil, həm də milli ideologiyanın və mənəvi yaddaşın ədəbi təcəssümüdür.
Onun poeziyası oxucunu bir həqiqətə inandırır: Vətən yalnız xəritədəki sərhədlər deyil – tarix, dil, yaddaş və milli ruhun bütöv birliyidir. Onun şeirləri və publisistik yazıları yalnız bədii-estetik xüsusiyyətləri ilə deyil, həm də milli ideyaların, xüsusilə Bütöv Azərbaycan düşüncəsinin poetik və ideoloji ifadəsi ilə seçilir.
Zaur Ustacın yaradıcılığında Qarabağ mövzusu da mühüm yer tutur. Şair Qarabağ məsələsini yalnız siyasi problem kimi deyil, həm də milli ağrı və tarixi ədalət məsələsi kimi təqdim edir.
Onun şeirlərində, publisistik məqalələrində, hekayə hekayə və povestlərində Qarabağın işğalı dövründə yaşanan ağrılar, xalqın mübarizə ruhu və torpağa bağlılıq hissi təsirli şəkildə ifadə olunur.
Qarabağın azad olunması isə şairin poeziyasında böyük sevinc və qürur hissi ilə təqdim edilir. Bu mövzular Zaur Ustacın yaradıcılığında vətənpərvərlik ruhunun güclü olduğunu göstərir. Şair “Övladıyam” (“Ustacam”) şeirində böyük qürur hissilə qeyd edir:
“Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!”
Bütün yuxarıda göstərilən nümunələrə əsasən demək olar ki, Zaur Ustac müasir Azərbaycan poeziyasında Bütöv Azərbaycan ideyasını ardıcıl və sistemli şəkildə ifadə edən şairlərdən biridir. Onun yaradıcılığı milli ruhun, vətən sevgisinin və tarixi yaddaşın poeziyada yaşadılmasının parlaq nümunəsidir.
Zaur Ustac müasir Azərbaycan ədəbiyyatında milli yaddaş, tarixi ədalət və Bütöv Azərbaycan ideyasını poetik və publisistik düşüncə ilə birləşdirən yaradıcı simalardan biridir. Onun təqdim olunan şeirlər silsiləsi yalnız bədii nümunə deyil, eyni zamanda milli təfəkkürün, parçalanmış coğrafiyanın ağrılarının və gələcəyə yönəlmiş idealların emosional təzahür forması kimi çıxış edir.
Müasir Azərbaycan ədəbiyyatında milli ideyaların bədii ifadəsi baxımından Zaur Ustacın yaradıcılığı xüsusi diqqətə layiqdir. Onun şeirləri milli ruhu, vətən sevgisini və tarixi yaddaşı özündə birləşdirən mühüm poetik nümunələr, nəsr əsərləri isə real tarixi salnamələrdir.
Zaur Ustacın nəsr əsərləri dilinin sadəliyi və axıcılığı baxımından öz poetikliyinə görə heç də şeirlərindən geri qalmır. Bu nümunələr eyni zamanda həm tarixi salnamələr, həm də hərbi dərs vəsaitləri kimi böyük əhəmiyyət kəsb edir. Zaur Ustacın uşaq və yeniyetmələr üçün yazdığı hərbi vətənpərvərlik mövzusunda olan “Oriyentir ulduzu”, “Sonuncu tapşırıq”, “Heydər və Azad”, “Sonuncu döyüş”, “Xüsusi təyinatlı”, “Sonuncu uçuş” kimi bir-birindən maraqlı əsərləri məlumdur. Bunların içərisində ən məşhur olanı Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Oriyentir ulduzu” povestidir.
“Oriyentir ulduzu” povesti milli yaddaş, vətən sevgisi və Bütöv Azərbaycan düşüncəsinin bədii ifadəsi baxımından diqqət çəkən əsərlərdən biridir.
Bu povestdə müəllif təkcə bir insanın düşüncə və duyğularını deyil, bütöv bir xalqın tarixdən gələn ağrısını, həsrətini və ümidini bədii sözün gücü ilə təqdim edir. Əsərin ideya mərkəzində isə Azərbaycan torpaqlarının bütövlüyü, tarixi coğrafiyanın mənəvi xəritəsi və milli kimliyin qorunması dayanır.
“Oriyentir ulduzu” povestində diqqəti çəkən əsas məqamlardan biri vətənin coğrafiyasının bədii şəkildə təqdim olunmasıdır. Müəllif qəhrəmanın düşüncələrində və daxili monoloqunda Azərbaycanın müxtəlif bölgələrini sadalayaraq geniş bir milli məkan yaradır. Ağdərə, Kəlbəcər, Laçın, Göyçə, Borçalı, Dərbənd, İrəvan, Zəngəzur, Təbriz və Qarabağ bölgələri bir-birinin ardınca çəkilən mənəvi xəritə kimi oxucunun qarşısında canlanır.
Bu sadalanma sadəcə coğrafi adların qeyd edilməsi deyil. Əslində bu, Azərbaycan xalqının tarixi yaddaşının poetik ifadəsidir. Hər bir ad özündə bir tarix, bir mədəniyyət və bir taleyi daşıyır. Bu torpaqların hər biri xalqın yaddaşında milli kimliyin ayrılmaz hissəsi kimi yaşayır.
Müəllif qəhrəmanın dili ilə bu torpaqları sanki bir-bir göstərir:
-“bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı… bura Göyçədi, bura Borçalıdı, bura Dərbənddi, bura İrəvandı…”
Bu ifadələr bir növ milli yaddaşın bərpası təsiri yaradır. Oxucu anlayır ki, bu torpaqlar təkcə coğrafiya deyil, həm də bir xalqın ruhunun parçalarıdır.
Povestin ən təsirli məqamlarından biri Qarabağ haqqında deyilən fikirlərdir. Müəllif Qarabağı sadəcə bir bölgə kimi təqdim etmir. Əksinə, onu bəşəriyyətin başlanğıcı ilə əlaqələndirən metaforik bir məkan kimi təsvir edir:
“bura QARABAĞDI – bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi…”
Bu fikir ilk baxışda bədii hiperbola kimi görünə bilər. Lakin müəllifin məqsədi Qarabağın Azərbaycan xalqının mənəvi dünyasında tutduğu yeri göstərməkdir. Qarabağ əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin və ədəbiyyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşa şəhəri isə bu mədəniyyətin zirvəsi hesab edilir.
Məhz buna görə də müəllif Qarabağı “Qala” kimi təqdim edir və onun müqəddəsliyini vurğulayır. Bu yanaşma Qarabağın Azərbaycan xalqının kollektiv şüurundakı mövqeyini aydın şəkildə göstərir.
Povestdə diqqət çəkən əsas ideyalardan biri Bütöv Azərbaycan düşüncəsidir. Müəllif Azərbaycanın yalnız siyasi sərhədlərlə məhdudlaşmadığını göstərir. Əksinə, bu anlayış daha geniş tarixi və mədəni məkanı əhatə edir.
Göyçə, Borçalı, Dərbənd, Təbriz kimi bölgələrin əsərdə xatırlanması təsadüfi deyil. Bu toponimlər Azərbaycan xalqının tarixi yaşayış məkanlarını simvolizə edir. Müəllif bu adları sadalayaraq xalqın yaddaşında yaşayan böyük vətən ideyasını ortaya qoyur.
Bu ideya Azərbaycan ədəbiyyatında yeni deyil. Lakin “Oriyentir ulduzu” povestində o, fərqli bir bədii formaya salınır. Müəllif bu ideyanı siyasi şüar kimi deyil, insanın daxili hissləri və mənəvi duyğuları vasitəsilə ifadə edir.
Povestin maraqlı xüsusiyyətlərindən biri də qəhrəmanın daxili dəyişimi və mənəvi yüksəlişidir. Əsərin əvvəlində o, sanki həyatda istiqamətini itirmiş bir insandır. Lakin vətən haqqında düşüncələr onu dəyişdirir.
Qəhrəman birdən-birə özünü sanki azad bir quş kimi hiss edir:
“O, quş kimi idi, sərhəd tanımırdı…”
Bu ifadə sadəcə fiziki azadlığı deyil, həm də mənəvi azadlığı simvolizə edir. Vətən sevgisi qəhrəmanı ruhən yüksəldir və ona yeni güc verir.
Bu məqamda povestin adı – “Oriyentir ulduzu” xüsusi məna qazanır. Ulduz qədimdən bəri insanlara istiqamət göstərən bir simvol kimi qəbul edilir. Müəllif bu simvol vasitəsilə göstərir ki, vətən sevgisi insan üçün ən doğru istiqamətdir.
Povestdə torpaq anlayışı müqəddəs bir məna daşıyır. Müəllif bu torpaqları insanın yaradılışı ilə əlaqələndirir və onları ilahi bir əmanət kimi təqdim edir:
“bu torpaq Adəmin yoğrulduğu torpaqdı…”
Bu fikir torpaq anlayışını sadəcə vətən sevgisi ilə deyil, həm də dini və mənəvi dəyərlərlə əlaqələndirir. Müəllif beləliklə torpaq uğrunda mübarizənin müqəddəsliyini vurğulayır.
Eyni zamanda əsərdə şəhidlik anlayışı da xüsusi yer tutur. Torpaq uğrunda can verməyin hər kəsə nəsib olmayan bir şərəf olduğu qeyd edilir. Bu fikir Azərbaycan xalqının tarixində mühüm yer tutan şəhidlik ideyasının bədii ifadəsidir.
“Oriyentir ulduzu” povesti yalnız bədii əsər kimi deyil, həm də milli düşüncəni formalaşdıran bir ideya mənbəyi kimi qiymətləndirilə bilər. Əsərdə vətən sevgisi, tarixi yaddaş və milli birlik kimi dəyərlər ön plana çıxarılır.
Müasir dövrdə Azərbaycan xalqı öz torpaqlarını azad etmiş və tarixi ədaləti bərpa etmişdir. Bu baxımdan belə əsərlər milli ruhun qorunması və gələcək nəsillərə ötürülməsi üçün böyük əhəmiyyət daşıyır.
Zaur Ustacın bu povesti oxucuya bir daha xatırladır ki, vətən sadəcə bir torpaq parçası deyil. O, bir xalqın tarixi, mədəniyyəti və ruhudur.
Zaur Ustacın “Oriyentir ulduzu” povesti Azərbaycan ədəbiyyatında vətən mövzusunun bədii-fəlsəfi ifadəsi baxımından diqqətəlayiq əsərlərdən biridir. Əsərdə Azərbaycanın tarixi coğrafiyası poetik şəkildə təqdim olunur və Bütöv Azərbaycan ideyası güclü bədii obrazlarla ifadə edilir.
Müəllif oxucuya göstərir ki, vətən sevgisi insanı dəyişdirən, ona istiqamət verən və onu mənəvi cəhətdən ucaldan bir qüvvədir. “Oriyentir ulduzu” məhz bu mənəvi istiqamətin rəmzi kimi çıxış edir.
Beləliklə, Zaur Ustacın yaradıcılığı müasir Azərbaycan poeziyasında və nəsrində milli ideyaların, xüsusilə Bütöv Azərbaycan düşüncəsinin bədii ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun əsərlərində vətən sevgisi, tarixi yaddaş, milli kimlik və türk dünyası ideyaları bir-biri ilə vəhdət təşkil edir. Şairin poeziyasında Təbriz həsrəti, Arazın simvolik obrazı, Göyçə və Urmu kimi məkanların xatırlanması bütöv Azərbaycan düşüncəsinin poetik ifadəsinə, bədii salnaməsinə çevrilir.
Bu baxımdan Zaur Ustacın yaradıcılığı yalnız bədii-estetik hadisə deyil, həm də milli ideologiyanın və mənəvi yaddaşın ədəbi təcəssümü kimi qiymətləndirilə bilər. Onun əsərləri oxucunu tarixə, milli kimliyə və vətənə bağlılıq duyğusuna səsləyir.
Zaur Ustacın yaradıcılığında Bütöv Azərbaycan ideyası çoxqatlı şəkildə təqdim olunur:
-tarixi yaddaşın qorunması,
-milli kimliyin bərpası,
-coğrafi bütövlüyün arzulanan hədəf kimi təqdim edilməsi,
və gələcəyə yönəlmiş ümid.
Zaur Ustacın yaradıcılığı həm də müasir dövrün ədəbi prosesində fəal iştirak edən sənətkar mövqeyini göstərir. Onun redaktorluq fəaliyyəti, müxtəlif ədəbi layihələrdə iştirakı və gənc yazarlara dəstək verməsi Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfədir. Bütün ədəbi fəaliyyətini Azərbaycançılıq məfkurəsi üzərinə qurmuş Zaur Ustac müasirimiz olan ən dəyərli Vətən övladlarından biridir. Onun həcmindən və növündən (janrından) asılı olmayaraq bütün yazdığı mətnlər bu müqəddəs amala xidmət edir. Arzularınız çin, yolunuz daim açıq və işıqlı olsun, Zaur Ustac!
23-25.03.2026. Qazax – Bakı.
Müəllif: Günnur Ağayeva
ədəbiyyatşünas-tənqidçi
Oxuyun >> Gözündə tük var


