Weather Data Source: havadurumuuzun.com

Öz unumda yoğrulmuşam

XARIBÜLBÜL ƏFSANƏSİ
Eyy aşiqi zar, eşqinə sadiq sarı bülbül,
Eyy al çıçəyin nəğməyə dönmüş yarı bülbül!

Ahın od olub, dinləyənin qəlbini yaxdı,
Bölmüşmü canı ağrılı hicran, yarı, bülbül?

Ol sadiqi-yar qəlbini şəksiz, sənə vermiş,
Etmə özünə bunca cəfalar, barı bülbül.

Yellər gəzişən sevdiyinin telləri məhzun,
Uç get, ləçəyın sar, sarı, bülbül, sarı bülbül.

Eyvah, sənə tuş gəldi tikan, neştərə bənzər,
Etdi o sevən bağrını al qan xarı1, bülbül.

Tərk eyləmədin heç Qarabağı daha əsla,
Oldun Şuşanın şəninə şayan, Xarıbülbül.

Agah oluban halına dastan dedi Zeynəb,
Mizrabı toxundur simə, gəl, çal tarı, bülbül.
20.03.2024
1 – xar – tikan

QIZILGÜL
Çəkdi tikanın tellərinə şanə, qızılgül,
Öpdü sis onu, – jaləsi nişanə qızılgül.

Açdı gözünü məsti-xumar, dan sökülüncə,
Güldü günəşə gözləri məstanə, qızılgül.

Cəh-cəh vuraraq, bir sarı bülbül şad-məsud,
Çıxdı o bağı, bağçanı seyranə, qızılgül.

Gəldi qoxusu gül ləçəyin badi-səbayla,
Eylədi fəqiri dəli-divanə, qızılgül.

Telləri yaşıl, qönçələri qəlbə müqabil,
Çəhrayı dodaq, busəsi əfsanə, qızılgül.

Yaxdı o kiçik can evini atəşi eşqin,
Qopdu sinədən nəğməsi rəvanə, qızılgül.

Ötdü neçə pərdeyi-ələmdə elə zar ki,
Ah, bu necə nəğmə, necə təranə, qızılgül.

Sübhün yeli oxşar yanağın sevgili yarın,
Aşiqi-dili eylədi viranə, qızılgül.

Zeynəb, bilirəm dərdi nədir bülbüli-zarın,
Düşdü o da çün mən kimi hicranə, qızılgül.
12.03.2024

ŞUŞAM
Dəyəndə yad ayaqlar ətəyinə, yalına,
Sanki yarımcan idim, əskik bir yanım, Şuşam.
Yağı xəncər çəkəndə əzəmət, cəlalına,
Deyirdim bu ağriya necə dayanım, Şuşam,
Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

Qeyrətinə qurban el, igid ərənlər, ərlər,
Keçilməz səngər olan, ər oğlu ər nəfərlər,
Siz torpağa döndünüz, doğulanda zəfərlər,
Şəhidiylə yoğrulan, bir olan, qanım, Şuşam,
Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

Qayalar arasında, Pənahabadım, qalam,
Sən tanrıdan ərməğan, sən tanrıya bir salam.
Sən əbədi mirasım, sən babalardan qalan,
Möhürləndi səninlə bu gün ad-sanım Şuşam,
Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

Nətavanım, Vaqifim iz qoydu diyar-diyar,
Nəğmələrdən doğuldu, Xan oldu İsfəndiyar.
Cabbarımı söyləyim, ya Nəvvabı? – az olar!
Muğamatım, təsnifim, tarım, kamanım, Şuşam,
Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.

Göz ilə görünməyən ruhların yurd, yaylağı,
Mələklər toplanan yer, bəlkə çayı, çaylağı,
Sən nağıllar aləmi, pərilərin oylağı,
Ay nurunda çimənim, ulduz sayanım, Şuşam,
Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam

Gecə həzin, göy bəyaz, ulduzlar çiyid-çiyid1,
Buludlar əlçim-əlçim, hər duyğusu bir öyüd.
Pıçıltısı layladı, telləri salxım söyüd,
Möcüzənə bələnim, uyum, oyanım Şuşam,
Haqqa açılmış qolum, ürəyim, canım, Şuşam.
22.07.2024
1 çiyid -pambıq toxumu, burada dən-dən

SAXLAR, A SAXLAR
Gəzdiyi məkanda varmı sağ-solu?
Gün Yeri, Yer Ayı yoxlar, a yoxlar.
Ağır qoşunuyla keçər Süd yolu,
Qoşunun özünə bağlar, a bağlar.

Həm gündüz, həm gecə hikmətin kanı,
Ehtiva eyləmiş sirlə hər yanı.
Bir cüt qanad kimi sarıb dünyanı,
Tanrıdan əmanət saxlar, a saxlar.

Əjdaha od saçan odun külündə,
Saxlayır yüyənin güclü əlində.
Yeraltı ayğırın durub belində,
Göstərir dəyanət dağlar, a dağlar.

İnsanın cismi də sanki Yer kimi,
Torpağı eynidir, suyu bir kimi.
Gah həzin, dalğalı, gah da kür¹ kimi,
Hayqırar, kükrəyər, çağlar, a çağlar.

Taylının taylısı, bablının babı,
Olmasa, a Zeynəb, yetişməz tabı.
Nə çoxdu dünyada ömür kitabı,
Hər kəs öz ömrünə ağlar, ay ağlar.
27.02.2025.

DAĞLARA-DAĞLARA
Çəkil, bulud, pəncərəni
Açım dağlara-dağlara.
Ruhum qıra zəncirini,
Uçum dağlara-dağlara.

Sükundu şəhrin harası,
Hey gəlir qonaq-qarası.
Könlümə məlhəm orası,
Qaçım dağlara-dağlara.

İçim burxulub, qısılıb,
İpdədi, səbrim asılıb.
Sözüm tərsinə yozulub,
Açım dağlara-dağlara.

Qurum yalında taxçamı,
Salım döşündə bağçamı.
Yığım xurcunu, boğçamı
Köçüm dağlara-da.
30.03.2025.

ADAMAM
Hər duyğuya eşq demirəm,
Eşqə hədəf, tuş adamam.
Yanıb sönən daş kömürəm,
Ta ürəyi daş adamam.

Üzən eşqin girdabını,
Biləcək həsrət tabını.
Məhəbbətin kitabını
Oxumuş yaddaş adamam.

Yolda, izdə çoxdu Leyli,
Həm də Məcnundan gileyli.
Qıraqdan izləyib xeyli,
Mat qalan, çaşbaş adamam.

Öz unumda yoğrulmuşam,
Ələnmişəm, sovrulmuşam.
Öz özümdən doğulmuşam,
Həvvayla həmyaş adamam.

Zeynəbəm, qəlbim qalacıq,
Hər kəsə deyildir açıq.
Qurmuşam qardan alaçıq,
Buz kimi atəş adamam.
22.01.2025

QIRPDIM KİPRİYİMİ
Qırpdım kipriyimi,
Axan sel ilə
Düsdün gözümdən.
Gozümün qarası
Otağın idi,
Sən orda qalırdın, gecələyirdin,
Hər isti düşüncəm yatağın idi.

Qırpdım kipriyimi,
Axdın gözümdən.
Mən səni ən əziz bir qonaq kimi,
Gözün giləsində qonaqlamışdım.
Sənin xəyalını hər kəsdən deyil,
Lap elə özümdən bil, saxlamışdım.

Qırpdım kipriyimi,
Qoşulub selə,
Sürüşdün göldəki
Bir balıq kimi.
Yerinə düşməyən yaxalıq kimi
Düşdün gözümdən.
İndisə özümlə hesablaşaraq,
İlin sonundakı
Bir qalıq kimi
Ümüdsiz borclara siləcəm səni.
Açıb dəftərimi hesabat üçün,
Gərəksiz xərclərə siləcəm səni…
16.08.2024.

QARDƏLƏN EŞQİ
Ulduzlar
Sevinc qığılcımlarıdı,
Səni görüncə,
Gözlərimdə yaranan.
Göylərə səpilib,
Ulduz-ulduz yanan.

Ay – ürəyimdəki yumru kədər,
Gümüşü telləri
Həsrət yolları,
Sən olmayınca
Uzanar, uzanar,
Yerdən göyə qədər.

Bir də qəlbimdən
Dilimə gələn
“Sevirəm” sözü var.
Dodaqlarım qapandıqca
Gözlərimdə bulaqlanar.
Çiçəklərin
Səhər yelinin öpdüyü
zərif ləçəklərində
Damla-damla şeh olar…

Üşüyən ümidlərim
Qarın altından
Həyata tutunan,
Günəşə sarılan
Qardələn…
Yaşamaqdan və sevməkdən
Heç vaz keçməyən…
Heç vaz keçmən
01.03.2024.

YOXDUR Kİ
Nədən belə ətalətə düşmüşəm
Arzularım, xəyallarım yoxdu ki.
Arzuların qanadında uçurdum,
Qanadlanan o hallarım yoxdu ki.

Bürünurdüm duman açan şallara,
Tamsınırdım arı çəkən ballara.
Kəpənəyin qanadında xallara,
O ballarım, o xallarım yoxdu ki.

Doğma idim torpaq qoxan dərəyə,
Hər söyüdü çətirlənən bir dəyə.
Yollar məni götürüdü zirvəyə,
Dağa qalxan o yollarım yoxdu ki.

Hədəflərim mənim xəyal ortağım,
Səsləşirdi dünənimlə bu çağım.
Hafizəmin rəflərinə yığdığım,
Xurcunlarım, xarallarım yoxdu ki..

Nağıllanmır kəlmələrim dinəndə,
Dəfinəmi basdırmışam dünəndə.
Qarlı-buzlu enişlərdən enəndə
Xizək dartan marallarım yoxdu ki.

Yaş gətirir ətaləti, ayıl sən,
Vaxtı saldın heç etməyə meyil sən.
Zeynəb, artıq bu sən o sən deyilsən,
Sənin bəlli kuralların1 yoxdu ki…
Kural – (türk) qayda, şərt

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top