Müqimcan Nurboyev – Türk dünyasını birləşdirən mənəvi körpü və 50 illik şərəfli yol

Müqimcan Nurboyev – Türk dünyasını birləşdirən mənəvi körpü və 50 illik şərəfli yol
Müasir dövrdə mədəniyyətlərarası inteqrasiyanın dərinləşməsi və ortaq dəyərlərin qorunub saxlanılması istiqamətində fəaliyyət göstərən ziyalıların rolu xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və ümumilikdə Şərq coğrafiyasının yaradıcı mühitində özünəməxsus nüfuz qazanan Müqimcan Nurboyev yalnız bir müəllim və ya ədəbiyyat adamı deyil, həm də mənəvi körpülər quran, xalqları bir araya gətirən nadir şəxsiyyətlərdən biridir.
Bu gün Müqimcan Nurboyevin 50 illik yubileyi qeyd olunur. Bu əlamətdar tarix təkcə bir insanın ömür yolunun növbəti mərhələsi deyil, həm də onun illər boyu həyata keçirdiyi zəngin yaradıcılıq fəaliyyətinin, mədəni xidmətlərinin və ictimai missiyasının ümumiləşmiş ifadəsidir. Onun fəaliyyəti göstərir ki, ədəbiyyat və söz sənəti yalnız estetik dəyər daşımır, eyni zamanda xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mənəvi yaxınlığın əsas dayaqlarından biridir.
Müqimcan Nurboyevin təşəbbüsü və zəhməti ilə Mərkəzi Asiya xalqlarının nəzm və nəsr nümunələrini özündə birləşdirən bir sıra kitabların müxtəlif ölkələrdə – Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda nəşr olunması xüsusi diqqətəlayiqdir. Bu nəşrlər sadəcə ədəbi toplular deyil, həm də ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyan layihələrdir. Onun bu istiqamətdə gördüyü işlər, sözün həqiqi mənasında, mənəvi sərvətlərin zənginləşdirilməsinə xidmət edir.
Xüsusilə Tacikistanda işıq üzü görən “Dostluq gülzarında bitən çiçəklər” adlı kitab üzərində aparılan birgə əməkdaşlıq prosesi Müqimcan Nurboyevin həm təşkilatçılıq bacarığını, həm də yaradıcı insanlara verdiyi dəyəri bir daha nümayiş etdirdi. Bu layihədə iştirak etmək və məsul redaktor kimi fəaliyyət göstərmək mənim üçün yalnız peşəkar təcrübə deyil, həm də dərin mənəvi qürur mənbəyi oldu.
Müqimcan Nurboyev yalnız qələm sahibi kimi deyil, eyni zamanda səmimi münasibətləri, dostluğa sədaqəti və yüksək insani keyfiyyətləri ilə seçilir.
Onun qonaqpərvərliyi və insanlara olan isti münasibəti müxtəlif ölkələrdən olan yaradıcı şəxslərin yaddaşında silinməz iz buraxır. Ötən il Əndicanın Mərhəmat şəhərində Məhəmməd Yusifin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində onun evində qonaq olmağımız bu səmimiyyətin və mənəvi zənginliyin canlı təzahürü idi.
Bu gün 50 illik yubileyini qeyd edən Müqimcan Nurboyevə ən xoş arzularımızı çatdırırıq. Onun fəaliyyətinin bundan sonra da davamlı, məhsuldar və ilhamverici olacağına əminlik ifadə edirik. Belə ziyalıların varlığı cəmiyyət üçün həm örnək, həm də inkişaf istiqamətidir.
Ulu Tanrıdan Müqimcan Nurboyevə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy onun gördüyü işlər türk dünyasının və ümumilikdə Şərq mədəniyyətinin daha da yaxınlaşmasına xidmət etsin.

Cəmilə ÇİÇƏK,
Tədqiqatçı-jurnalist
Zekainfo.az saytının baş redaktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


