Weather Data Source: havadurumuuzun.com

YAZ DÜŞÜNCƏLƏRİ

Fotoda: Zaur USTAC – AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist

YAZ DÜŞÜNCƏLƏRİ
Yazın ilk ayı mart girəndən sübhün alatoranında açıq nəfəslikdən içəri dolan quşların civiltisini eşidincə xoş ovqat, hərarətli hisslər qəlbimizi çulğayır. Bu civiltilərin yaratdığı ovqat bizi duyğulandırır, üz-gözümüzə sığal çəkən səhər mehi könlümüzə rahatlıq gətirir. Elə bil quşlar da adama səslənir, baharın gəlişini müjdələyirdi: Nə yatmısan, oyan, pəncərəni aç, açılan səhərə boylan. Bax, bu çisəkli səhər mehi də novruzgülünün ətriylə elimizi salama gəlib. Arzuları, ümidləri puçur-puçur göyərdən, ömrümüzə ilkinlər, təzəliklər bəxş edən, sevgilərə, sevinclərə qapı açan allı-güllü, yaşıl donlu Bahar gəldi…

El arasında mart çıxdı, dərd çıxdı deyirlər. Yəqin bunu da ayın dəyişkən, dəymədüşər havalarına görə yozublar. Axı, yazla qışın ölüm-dirim savaşıdı bu mart ayı. Nə olur-olsun, nə deyirlər desinlər, mart yaz aylarının ilkini kimi təbiətin də, insanların da istəklərinin qönçə ayıdır. Elin-günün təzəlik bayramı – Novruz ayıdır.

İllərdi yazı ömrümüzün, günümüzün sozalmayan sevgisi, qəlbimizin ən böyük sevinci sanmışıq. Bu sevgidə, bu ülfətdə gələn günlərə, aylara qucaq açıb illərə könül vermişik. Bu Bahar qızıyla fərəhimizi bölüşüb, ona söz-söz istəklərimizi pıçıldamışıq…

Mən yazın bösböyük işığını, bu işığın düşüncəmə gətirdiyi hərarətini hələ uşaqlığımdan duymuşam. Yeniyetmə çağlarımda ilk yazın bağçamıza gətirdiyi gözəllik bir aləm idi. O zaman təbiəti bəzəyən güllər içində hər kəsi heyran edən qızılgülə aşiqdim. Ləçəkləri şeh damlalarında, səhər şəfəqlərində nurlanan qızılgülə. Bu şahanə gülə vurulduğum zamandan əlimə qələm almışam, ilk baharda anamı vəsf etmişəm. Anamın əllərinin istisini yazın nəfəsində duymuşam. Və onu düşüncəmin doğurduğu ilk sözümlə vəsf etmişəm. Bu bənzətməm şeir olmasa da duyğularımın tərcümanı idi…

Şaqraq səsli, yaz nəfəsli anam mənim,
Qeydə qalan layla çalan sonam mənim…

Nostalji duyğularla pəncərədən ətrafa boylanıram. Gözlərimin qarşısında ətraf dumana-çənə bürünüb. Amma mən bu dumanın, çənin arxasından indicə ətrafı nurlandıracaq şəfəqi görürəm. Ağac dibində, səki kənarında, daşların arasından boy göstərən sısqa cücərtilərin ətrini duyuram. İllərdi yazı ömrümün, günümün sozalmayan sevgisi, qəlbimin sultanı sanmışam. Bu sevgidə, bu ülfətdə gələn günlərə, aylara qucaq açıb illərə könül vermişəm. Bu Bahar qızıyla sirdaş olub ülfət bağlamışam. Bir kəsə söyləmədiklərimi onun ilk nübarı olan yaşıl otlara, yanağı çatlayan güllərə, çiçəklərə, yaşıllaşan ağaclara söyləmişəm, onlarla xısın-xısın, xəfifcə bölüşmüşəm…

Bu, mənim yeniyetmə çağlarımda ilk yazın bir udum havasından, bir əlçim yaşıllığından, bir qom bənövşəsindən, bir sısqa çiçəyinin ətrindən, bir qurtum şirinliyindən ilham aldığım günlərdə qəlbimdə puçurlanan istəklərimin pıçıltılarıydı…

Və bu yazın gah çiskinli, gah günəşli, gah da küləkli günlərində torpağın sinəsindən boy göstərən, ətrilə ruhumuzu təravətləndirən güllərin, çiçəklərin gözəlliyinə bir aşiq sevgisilə qucaq açır, doğmalarla, yaxınlarla bu füsunkarlığı bölüşürük. Ümidlər də, sevgi-sevinclər də yazın bu çağında, bu növrağında yolumuza şəfəq saçır…

Bəs, uzaq illərin o tayında qalan baharın ilk çağında babalarımız onu necə qarşılayırdı? Bu səhər vaxtilə ahıllarımızdan eşitdiyim, el-obanın yaz günlərinin xoş qayğıları ilə yaşadıqları həyat xatirələrimi közərdir…

Şaxtalar sınıb, bağ-bağçaların ağ örpəyi əriyəndən, torpağın sinəsindən boy verən bənövşələr gözlərini açandan, insanlar da sanki təzələnir, yenidən doğulurmuş kimi şirin arzular, ümidlərlə yaşayırdılar. Bu növrağa əsrarəngizlik qatan güllərin nazlana-nazlana ətir saçması qəlblərini sevinclə, hərarətlə doldururdu. Aylardan bəri çılpaqlaşmış ağacların tumurcuq bağlayan budaqları öz təravətilə istəklərinə təzəlik qatırdı. Beləcə, yazın həniri eşidiləndən adamlar həyət-bacada qaynaşırdı.

Axır çərşənbədən bir ara sonra el əl-ayağa düşür, yaylağa köç hazırlığı başlanır, nə başlanırdı. Əl kirkirələri işə düşür: un üyüdülür, yarma, qovut çəkilir, əriştə kəsilirdi. Qız-gəlinlər hələ uzun qış günlərindən hanalarda başladıqları palazların, kilimlərin axırıncı ilmələrini vururdular. Yır-yığış arası özlərinə allı-güllü, butalı-xonçalı parçadan don da tikirdilər.

Arabaçılar da əl-ayağa düşürdü. Təkərləri şinləyir, çağları bərkidir, qolları çüyləyir, oxları yağlayırdılar. Xülasə, bütün əyər-əskiyini düzəldərək arabaları saz hala gətirirdilər. Köçhaköç vaxtı arabaların içərisinə qız-gəlinlərin toxuduğu kilimlərin siftəsini salırdılar.
İş-gücdən macal tapan ağsaqqallar kəndin ortasında, bulağın səmtində məsləhət-məşvərətə yığışırdılar ki, yaylağa nə vaxt köç eləsinlər. Vədə tamamında hava işıqlanar-işıqlanmaz köç yola çıxardı. Yaylağa qalxan yollarda küllü-külfətin dincəlməsindən ötrü düşərgə salan kişilərin rahatlıq yaratması, lalə donlu qız-gəlinin əl boyu qədər qalxmış çəmənliyin arasından deyə-gülə bənovşə yığması bir başqa aləmdi…

İndi bu sətirləri qələmə aldığım anlarda torpaqlarımızın işğal altında olduğu illərin yazını xatırlayıram. Ömrünü-gününü gözəl yaylaqlarda keçirən köçkün həmvətənlərimizin halını göz önünə gətirirəm… Doğmaca yurdlarından – Qarabağımızdan ayrı düşmüş soydaşlarımızın həsrəti, yurd itkisi qəlbimizi necə yandırırdı… Hələ qədim İrəvan torpaqlarından qovulmuş soydaşlarımızın halından necə göynəyirdik…

Hər baharda üz-gözümüzə sığal çəkən ata-baba yurdlarımızı, gözəl yaylaqlarımızı, eh… itirib unuda bilmədiyimiz adlı-sanlı yerlərimizi yada salırdım. Bilirdim ki, o yerlərin yal-yamacı, dağları, qayaları, buz bulaqları, düz-düzəngahları doğmalarının isti nəfəsindən ötrü qəribsəyib. O yerlərin yazda göyərmiş torpağı da, tumurcuq bağlayan ağacları da ətrafına boylana-boylana qalmışdı. Xırdaca pöhrələri, yanağı çatlayan qönçələri, qayğıkeş vətən övladlarının sevgi dolu baxışlarına, isti əllərinə illərlə tamarzı qalmışdı…

Şükür, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuzun igid oğulları torpaqlarımızı erməni işğalından azad etdilər. Düşmənin tapdağı altında inləyən Qarabağımızın cənnət güşələrindən, nadir xarıbülbülün gözəlliyinə tamarzı qalan doğmalarımızın gözlərində sevinc yaşı yaşardı, azad olunmuş yurdlarına evlərinə köç başladılar. İndi Qarabağımız yenidən qurulur, bütün məkanlar gülüstana dönür.

İnşallah, qədim Oğuz yurdumuz olan Qərbi Azərbaycan torpaqlarına da ləyaqətli dönüşümüz olacaq…

Həmişə qəlbimizdə xalqımızın xoş gələcəyinə inamımız olub. Axı hər gələn yaz özüylə elimizə, obamıza xoş müjdələr gətirir. Ruhumuzu təzələyir. Ömür-günümüzün təzəlik içrə keçən günləri yaddaşımıza o qədər istəklər, sevgilər naxışlayır ki. Bunlar yazla birgə insan ümidlərinin göyərməsi, arzularının böyüməsi, kamala yetməsi, murada çatması deyilmi…
Qoy bu yazın qədəmləri xalqımıza düşərli olsun. İlimizin, günümüzün təzə növrağı – Bahar, yurdumuza xoş gəldin!

Müəllif: Şəfəq Nasir

Şəfəq Nasiirin digər yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top