Weather Data Source: havadurumuuzun.com

Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ
I yazı

Bu gün Səməd Vurğunun 120 yaşı tamam olur.
Səməd Vurğunun Xalqımızın ən böyük şairlərindən biridir.
Səməd Vurğun yeganə Azərbaycan şairdir ki, onun məşhur “Azərbaycan” şeirinin ən azından bir bəndini bütün Azərbaycanlılar əzbər bilir:
El bilir ki, sən mənimsən.
Yurdum yuvam məskənimsın,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.

Azərbaycanda bu qədər populyar olan ikinci belə bir şeir yoxdur.
Səməd Vurğun atamdan yaşca böyük olsa da,aralarında çox isti münasibət olub. Atam 47- ci ildə onun haqqında məqalə yazıb. Məqaləni məktubla Səməd Vurğuna göndərib. Səməd Vurğun məktubu oxuyandan sonra atamı Bakıya dəvət edib. Görüşüblər. Atama ədəbi yaradıcılıqla bağlı müəyyən tövsiyyələr verib…Sonra atam Rayon Partiya komitəsində işləyib. Məşhur içtimai və siyasi xadim Kamran Hüseynov Neftcala Rayon Partiya komitəsinin birinci katibi işləyəndə atama Səməd Vurğunu Neftcalaya dəvət etməyi tapşırıb. Bu söhbət 1952- cü ildə olub. Kamran Hüseynov Səməd Vurğunla yaxın dost olub. Həftənin ikinci günü atam Səməd Vurğunla görüşüb, Səməd Vurğun görüşə razılıq verib və görüş həmin həftənin şənbə gününə təyin olunub. Görüşə iki gün qalmış, cümə axşamı Kamran Hüseynov Bakıya hansısa iclasa dəvət olunub.Cümə günü günorta Bakıdan qayıdan Kamran Hüseynov atamı otağına çağırıb. Atam deyir ki, Kamran Hüseynovun qanı qara idi. Səbəbini bir azdan bildim. Kamran müəllim nənə:
-Sən təcili Səməd Vurğuna zəng elə, bir bəhanə ilə görüşün başqa vaxtı kecirildiyini de. Həm də elə et ki, şair inciməsin. Atam deyir ki, mən artıq Səməd Vurğunla görüşdə edəcəyim çıxışı yazıb qurtarmışdım. Sabahkı görüşlə bağlı bütün hazırlıq işləri görülmüşdü. İndi isə Kamran müəllim Səməd Vurğuna görüşün təxirə salındığını deməyimi istəyirdi. Onu da deyim ki, Kamran Hüseynov atam üçün, ömrünün sonuna qədər müqəddəs adam timsalında qaldı… Hec nə başa düşməyən atama Kamran Hüseynov bu arzuolunmaz qərarının səbəbini izah edir:
-Dünənki iclasda Mircəfər Bağırov öz çıxışında Səməd Vurğunu bərk, amansız tənqid elədi. Hiss olunurdu ki, Bağırov Səmədə qarşı cox qəzəblidi… İndi fikirləş, səhər Səməd Vurğunun Neftçala zəhmətkeşləri ilə görüşə gəlməsi Bağırovu necə qəzəbləndirər. Bağırov bizim Səmədi görüşə çağırmamızı hec zaman bizə bağışlamaz və bizi ən ağır cəza ilə cəzalandırar.
Atam deyir ki, könülsüz də olsa, elə Kamran müəllimin otağından Səməd Vurğunun evinə zəng elədim.Telefonu Xavər xanım götürdü. Səməd Vurğun xəstə idi, yatırdı. Xavər xanımdan kimin zəng etdiyini soruşdu. Mənim olduğumu bilib telefona gəldi. Salam verib, özümü güclə ələ alaraq Neftçalada havaların qarışıq olduğunu, ona görə də görüşü başqa vaxta keçirmək istədiyimizi dedim. Səməd Vurğun arif adam idi. Məsələni anladı:
-Elə mən də xəstəyəm. Narahat olmayın, münasib bir vaxtda hökmən Neftçalalıların qonağı olaram – dedi.
…Neftçalada Səməd Vurğunla unudulmaz görüş 1954- cü ilin 12 iyununda baş tutub. Artıq Stalin ölmüş, Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Atam deyir ki, Səməd Vurğun Neftçalaya günortadan sonra gəldi. “Pobeda” maşını ilə gəlmişdi. Oğlunu da (Vaqif Səmədoğlu) gətirmişdi. Axşam Neftçaladakı yay klubunda şairlə görüş olacaqdı. O vaxta qədər Səməd Vurğun yeni salınmış şəhərimizi gəzmək istədiyini bildirdi. Birlikdə şairin “Pobeda” maşınına əyləşdik. Təzə əkilmiş ağaşcların yaşıllığı, səliqə ilə tikilmiş evlər, asfalt döşənmiş kücələr, şəhərimizin təmizliyi Səməd Vurğunun çox xoşuna gəlmişdi… Axşam yay klubunda şairlə görüş olur. O vaxt Neftçalada Səməd Vurğunla görüşün şərəfinə bir yenilik də olmuşdu. Görüş qabağı bütün evlərə yerli radio qovşağı çəkilmişdi. Atam bir saata yaxın məruzə edib. Məruzə Səməd Vurğunun çox xoşuna gəlib. Elə həmin gün gecə atama bağışladığı rus dilindəki kitabında öz xətti ilə həmin məruzəni nəzərdə tutub “Şairanə məruzəsi, xoş söhbətləri ilə mənə anam Məhbubə kimi layla çalan qardaşım İmamverdiyə xatirə” sözlərini yazıb…Səməd Vurğun həmin əfsanəvi, Neftçalalıların yaddaşında ömürlük iz salmış görüşdə 2 saata qədər şeir söyləyir. Hər şeir uzun zaman kəsilməyən alqışlarla qarşılanır. Onun səsini yerli radio qovşağı vasitəsi ilə şəhərimizin bütün sakinləri dinləyib. Atam Səməd Vurğun haqqında xatirələrini 1966- cı ildə yazıb çap etdirib.Adı “”Şairin son sözü” olan xatirəni 1966- cı ildə radioda Aydın Qaradağlı oxudu. O vaxt radioya maraq böyük idi. İnsanlar radioya qulaq asırdılar. Atamın Səməd Vurğun haqqında xatirısi,özü də Aydın Qaradağlının ifasında, çox böyük rezonans doğurdu. Atama Azərbaycanın dörd bir tərəfindən, hətta başqa respublikalardan yüzlərlə məktub gəldi. O da yadımdadır ki, həmin xatirə ilə bağlı atama məktub yazanlardan biri, planetin ən qocaman sakini Şirəli Müslümov idi.
Atam həmin gün haqqında yazdığından mən onun yazdıqlarını burada təkrar etmək istəmirəm Amma atam həmin gün haqqında bəzi xatirələrini müəyyən səbəblərdən qələmə almayıb. Axşam evimizdə, şairin şərəfinə böyük bir ziyafət olur.Səməd Vurğun gecəni bizdə qalır. Gecə yarısına qədər atamla söhbət edib…Səhər, çay süfrəsindən sonra, təxminən saat 11 də Səməd Vurğun bizdən ayrılır. Atama söz verir ki,yaxın günlərdə yenə gələcəm. Kürlə Xəzərin birləşdiyi yeri (Kür Xəzərə Neftçalada qovuşur) görmək onun ən böyük arzularından biri olub. Atam deyir mən də “Pobeda”ya əyləşdim. Səməd Vurğunu o vaxtki 26-lar qəsəbəsinə (İndiki Mirqurbanlı) qədər ötürdüm. Atam deyir ki,Səməd Vurğunun kefi kök idi. “Aman nənə, zalım nənə, yar nənə” mahnısını oxuyur, məni də oxumağa həvəsləndirirdi. 26- lar qəsəbəsinə qədər birlikdə həmin xalq mahnısını oxuyublar.
21 mart 2026.
saat 02:37

ardı burada:

       

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top