Weather Data Source: havadurumuuzun.com

21 Mart Poeziya Günü

21 Mart Poeziya Günü

Bu gün sözün nəfəs aldığı, duyğuların sətirlərə çevrildiyi gündür Poeziya Günü.
Poeziya insanın içində gizlənən səslərin dilə gəlməsidir. Bəzən bir misrada bir ömür yaşayır, bəzən bir kəlmə ilə qəlbin ən dərin qatlarına toxunur. Şeir nə zamana, nə sərhədə sığır o, ruhun azadlıq formasıdır.
Bu gün qələm tutanların, sözə sığınanların, duyğunu qoruyanların günüdür. Hər kəsin içində bir şair var kimisi yazır, kimisi susaraq yaşayır.
Poeziya gününüz mübarək. Sözünüz heç vaxt tükənməsin.

QƏLƏMİM ALTDA

Haqq başım üstündən baxır göz kimi,
Ümid ürək açır şirin söz kimi.
Misralar içimdə yanır köz kimi,
Vərəqlər od tutur qələmim altda.

Bezib bu dünyanın ab-havasından,
Atıram özümü söz qayasından.
Səsimin, sözümün əlifbasından,
Vərəqlər od tutur qələmim altda

Ağrı çöllərini adlayıb keçir,
Möhnətin dizini qatlayıb keçir,
Əcəlin bağrını odlayıb keçir,
Vərəqlər od tutur qələmim altda

Sona, sinəmdəki duyğular kövrək,
Açır yaxasını söz çiçək-çiçək.
Şam kimi sinəmdə alışır ürək,
Vərəqlər od tutur qələmim altda.

KÖVRƏK MİSRALARIM

Hökmünə “mərhəba” ulu nəqqaşın,
Yaddaşı olmuşdu özü yaddaşın.
Xətrinə dəymədi payızın, qışın,
Kövrək misralarım,kövrək sözlərim.

Safdı ilhamımın ilki, əzəli,
Duyğum heç görmədi payız xəzəli.
Sevgiylə oxşadı min bir gözəli,
Kövrək misralarım, kövrək sözlərim.

Kövrək bir dünyadır şair ürəyi,
Bahar ətirlidir arzu, diləyi.
Daim əziz tutdu halal çörəyi,
Kövrək misralarım, kövrək sözlərim.

Üzü haqqa sarı erəyim qaçır,
Könüllərin şahı müşküllər açir..
Qəlbimə, ruhuma nur, işıq saçan,
Kövrək misralarım, kövrək sözlərim.

XƏBƏR AL MƏNİ

Möhnət qəfəsinə düşübdü bülbül,
Misralar içində inildəyir gül.
İrfan həsrətiylə alışan könül,
Könlü oyaqlardan xəbər al məni.

Sözün zirvəsindən yollara boylan,
Güllü qafiyənin başına dolan.
Misra həsrətiylə gözləri dolan,
Bəyaz vərəqlərdən xəbər al məni.

Belə qəribsəyib kövrəlmə, könülüm,
Alışıb ocağım,üşüməz külüm.
Haqqın şairinə neyləyər ölüm?-
İsti ocaqlardan xəbər al məni.

Sona, xəyal qonub zirvə daşına,
Hopub söz həniri ocaq daşına.
Cığırlar hörmətlə çıxar qarşına,
Qosqoca dağlardan xəbər al məni.

MƏNİ SORUŞUN

Söz hikmət nurutək dolaşır qanda,
Anlasın məclis də, məclis quran da.
Ellər bağçasında məclis quranda,
Mənalı çağlardan məni soruşun.

Hikmətli kəlməsi nur, işıq saçan,
Sənət eşqi ilə yaşadı bir can.
Hər vaxt gəlişinə qolunu açan,
Doğma qucaqlardan məni soruşun.

Sözün yamacına könlünü sərdi,
Səbriylə ovutdu kədəri, dərdi.
Hər çiçək üzündən bir misra dərdi,
Güllü yaylaqlardan meni sorusun.

Adını əzizlə, xətrini istə,
Ürək baş qoyubdu el qəmi üstə.
“Kərəmi”, “Dübeyti”, “Dilqəmi” üstə,
Gəzən barmaqlardan məni soruşun.

Sona, söz yaratdım tər güllər kimi,
Yazdım varaqlara mən bu ərkimi,
Öpəndə misramı təbərrik kimi,
Şirin dodaqlardan məni soruşun.

DÜNYANIN DƏRDİNDƏN KEÇİB GEDİRƏM

Üfürmə bu sönmüş ocaq közünü,
Səbrimlə kor etdim dərdin gözünü.
Gördüm insanların min bir üzünü,
Dünyanın dərdindən keçib gedirəm.

Butun ayrılıqlar sona çataçaq,
Çəkdiyim ahlarda dünya batacaq.
Onsuz da sönəcək bir gün hər ocaq,
Dunyanın dərdindən keçib gedirəm.

Gözündən tanıdım mərdi, namərdi,
Fələk qəm xalçası önümə sərdi.
Bu ömrün axırı qəza-qədərdi,
Dünyanın dərdindən keçib gedirəm.

Donub qulağımda zamanın səsi,
Boğmuşam içində neçə həvəsi.
Dərddir başdan-başa həyat səhnəsi,
Dünyanın dərdindən keçib gedirəm.

Dərdin sarayını tarimar etdim,
Nəfsimlə hər zaman intihar etdim.
Sonayam, könlümün kamına yetdim,
Dünyanın dərdindən keçib gedirəm.

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top