Torpaq Çərşənbəniz Mübarək!

Torpaq Çərşənbəniz Mübarək!
Baharın müjdəçisi olan İlaxır Çərşənbələr xalqımızın minilliklərdən süzülüb gələn zəngin mənəvi irsini yaşadan müqəddəs günlərdir. Bu çərşənbələrin sonuncusu – Torpaq Çərşənbəsi isə həyatın başlanğıcını, dirçəlişi və bərəkəti simvolizə edən ən müqəddəs mərhələlərdən biridir.
Qədim türk inanclarına görə, kainatın yaranışında dörd əsas ünsür – su, od, yel və torpaq xüsusi rol oynayır. Bu ünsürlərin sonuncusu olan torpaq insanın varlığının, həyatının və ruzi-bərəkətinin əsas qaynağı hesab olunur. Torpaq Çərşənbəsi də məhz bu müqəddəs torpağın oyanışını, qış yuxusundan ayılıb yenidən həyata nəfəs verməsini ifadə edir.
Xalq inanclarına görə, bu gün torpaq ana nəfəs alır, qışın sərtliyi çəkilir, həyat yenidən canlanır. Əkin-biçinlə məşğul olan insanlar üçün bu gün xüsusi ümid və bərəkət rəmzi sayılır. Çünki torpaq yalnız bitkilərin deyil, həm də insanın ruhunun dirçəlişinin rəmzidir.
Torpaq Çərşənbəsi insanlara səbrin, zəhmətin və ümidin dəyərini xatırladır. Necə ki, torpaq səssiz-səmirsiz toxumu qoynunda qoruyur və vaxtı gələndə onu cücərdir, insan da həyatında səbir və inamla çalışaraq öz bəhrəsini əldə edir. Bu gün bizə xatırladır ki, hər çətinliyin arxasında bir bahar, hər qaranlığın arxasında isə bir işıq var.
Əcdadlarımız torpağı müqəddəs sayaraq ona hörmətlə yanaşmış, onu qorumağı, becərməyi və sevməyi insanın mənəvi borcu kimi qəbul etmişlər. Torpaq həm də vətənin, yurdun, kimliyin rəmzidir. Bu torpaq uğrunda can verən igidlərimizin xatirəsi isə onu daha da müqəddəs edir.

Torpaq Çərşənbəsi bizə xatırladır ki, insan torpaqdan yaranıb və yenə torpağa qayıdır. Ona görə də torpağa sevgi, vətənə bağlılıq və təbiətə hörmət həyatımızın ayrılmaz bir hissəsi olmalıdır.
Qoy bu müqəddəs Torpaq Çərşənbəsi hər evə ruzi-bərəkət, hər qəlbə ümid, hər ocağa sevinc gətirsin. Baharın nəfəsi ilə həyatımız yenilənsin, torpaq kimi səbirli, torpaq kimi bərəkətli günlərimiz çox olsun.
Torpaq Çərşənbəniz mübarək olsun!
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

