Weather Data Source: havadurumuuzun.com

Murad Məmmədovun yeni şeirləri

GEDİŞİM UDUZUB BARIŞMAĞIMDI
Ömür kitabımı varaqlayıram,
Qaranlıq, işıqlı günlərə bölüb.
Beynimdə dünəni soraqlayıram,
Şahidim azalır, çoxusu ölüb.

Səsimə çox zaman hay verən yoxdu,
Xəyala dalıram əlim üzümdə.
Sanmayın tənhayam, ətrafım çoxdu,
Nə olsun uzaqdı, yaddı gözümdə.

Arxaya baxıram, qaralan yoldu,
Nə bir qaraltı var, nə səs-səmir var.
Bu qədər yol gəldim, görən nə oldu,
Axı ad, soyad var, keçən ömür var.

Bircə şey bəllidi mənə həyatda,
Sağlamsan, sağsansa qədrin bilinir.
Beyində, şüurda, dərin alt qatda,
Köçən sıfırlanır, tezcə silinir.

Yaşa, qədrini bil, var olan canın,
Geridə qalanı Yaradan bilir.
Çıxar ləzzətini bu günkü anın,
Çünki sabah gəlir, ayrı gün gəlir.

Demə ki mələyəm, yoxdu günahım,
Təqsirim hər şeyə qarışmağımdı.
Dünyaya gəldim ki, sizlərə baxım
Gedişim uduzub barışmağımdı.

 

 

OIMASIN
İstəmərəm gözüm dolsun,
Məni görən kəs olmasın.
Tanrım işdən halı olsun,
Bəndə filankəs olmasın.

Zaman cəllad, vaxtımız dar,
Yıxılanı həmən udar.
İçinizdə bir qərib var,
Qıymayın, o, pis olmasın.

Oxu, bülbül, borcun durur,
Hər gün könlüm səni sorur.
Məni səsin bəmi yorur,
Qoy zil olsun, pəs olmasın.

Bəzən yatıb gec qalıram,
Dolaşmaqdan həzz alıram.
Cəhətləri səhv salıram,
Qatı duman, sis olmasın.

Səhv böyüksə, yadda qalar,
Yaddaş hər an yada salar.
Astarı üz bilsən olar,
Ağlın dəlintərs olmasın.

1lə 3ün cəmi dörddü,
Nə bir bərkdi, nə üç sərtdi.
On üç sözü kimə dərddi?!
13 sayda nəhs olmasın.

Murad, bəlli yaşın çatıb,
Baş ağrıtma ara qatıb.
Mən biləni hamı yatıb,
Biz də yataq, səs olmasın.

 

 

DEMƏSƏ DƏ
Səhər durub şükür eylə, canda təpər deməsə də,
Keçmə ədəb sərhəddini, baxma, çəpər deməsə də.

Başın, beynin tədavüsü hərdən azca dincəlməkdi,
Can da ətdən, sümükdəndi, ağrı kəsər, deməsə də.

Sazın, sözün aşiqi ol, gözün bundan zərər görməz,
Ürək coşar, sağ ol deyər, qara ciyər deməsə də.

Hərdən tək ol, zümzümə et, köklə səsi lazım olar,
Kimsə duyar xoşu gələr, buna əsər deməsə də.

Puldu şəxsi var eləyən, boş-boşuna gedib gəlməz,
Bezər pulsuz ticarətdən, yoxdu səmər deməsə də.

Hamı səni sevə bilməz, Yaradana asi olma,
Zəlil edər həyatını, səsin kəsər, deməsə də.

Yüz ölç, bir biç, ağıllı ol, hər yetənə qulaq asma,
Ağlın səni lağa qoyar, səndən küsər deməsə də.

Kimlər gəldi, kimlər getdi, bu həyatdan bil, ay Murad
Dünya sənə biganədi, xeyrinə şər deməsə də.

 

 

NECƏ GƏLDİM, NECƏ ÇATDIM BU YAŞA
Necə gəldim, necə çatdım bu yaşa,
Heç bilmədim necə keçdi bu ömür.
Ürək istər yalan ola, dil çaşa,
Niyyətimi dümağ olan saç demir.

Nə dünəndi, nə bu gündü olanlar,
Belə olub, belə olur, olacaq.
Növbəlidi boşalanlar, dolanlar,
Dolu başı yandıranmaz olacaq.

Zaman gedir, tutanmırıq ipini,
Alışırsan, qaynayırsan, daşırsan.
Hərdən şeytan göz ağardır, təpinir,
Birdən birə əlifini çaşırsan.

Şükr edirəm məndən sonra qalana,
Təki Allah sıxıntıya salmaya.
Vay o gündən dirənəsən dalana,
Tərpənməyə çıxış yolun olmaya.

Vaxtım çoxdu olanları çözməyə,
Səbir istər yada salım birbəbir.
Qorxuram ki, ürək buna dözməyə,
Bu yaşımda bəs eləmir tək səbir.

Necə gəldim, necə çatdım bu yaşa,
Yaradana bir ömürlük borcum var.
Yol gedirəm son mənzilə birbaşa,
Bu enerjim nəyə çatar, qurtarar.

 

 

DÜŞÜNƏK
Bu dünya xali deyil,
Geridə qalanı var.
İnsanı yığvalı deyil,
Pis günə salanı var.

Yaşadığın silinmir,
Yaddaş var ortalıqda.
Yaxşılığın bilinmir,
Nə xaliqdə, balıqda.

Həyat nehrənin tayı,
Doldurur çalxalayır.
Yaxşıya yaxşı payı,
Pisi pisə calayır.

Bir nahaq söz deyilir,
Susursan, can çəkilir.
Hərdən haqqın yeyilir,
Təpəndə turp əkilir.

Dəlidən dolu olmur,
Hər kəs tayını tapır.
Oğrunun yolu olmur,
Girir, talayır, çapır.

Uzaq ol, yanan oddan,
Bir addım çəkil dala.
Görmüsənmi heç yaddan,
Adama yanan ola.

Oxu məni, ay insan,
Qəribliyə salma gəl.
Nəsihəti heç zaman,
Vermək olmur əlbəəl.

Sözlə adam sağalır,
Çalış ürək sındırma.
Əməlin yadda qalır,
Unut, heç vaxt andırma.

Bu dünya xali deyil,
Hər sifətdə adam var.
Hamı ziyalı deyil,
Cahil olan aldanar.

 

EVİMƏ
Gəl qulaq as ürəyimə, bir qonaq ol can evimə,
Pişvazın ruh gətirər, şöhrət ilə şan evimə.

Sənin yerin bir ayrıdır, bilirsən ki, ürəyimdə,
İstəmərəm yad toxuna, güllü-gülüstan evimə.

Ay üzündən, gözəlim, ruhlanaram, zövq alaram,
Həll edərəm qəliz olan müşkülü asan evimə.

Bir arzum var ürəyimdə, gəlsən demək istəyərəm,
Qibləsi məlum olan Kəbəyə baxan evimə.

Ay Murad, tövbə elə, zamanın var, gəl yoluna,
Yaradana ağır gedər, salsan əgər qan evimə.

 

QOŞMA
Səbirli ol, bu dünyada düz yaşa,
Düzsənsə, qəti qorxma sorğudan.
Ağız açma nadürüstə, əyyaşa,
Pənah umma fırıldaqdan, oğrudan.

Çaylar çıxıb yatağından, düz axmır,
Qismətdi, neyləyək, sözünə baxmır,
Kor dünyadı tutduğunu buraxmır,
Nədi səni dinc qoymayan, ağrıdan?!

Murad dinməz, dünya gözəl dolansa,
Sevinc, fərəh üst-üstündən qalansa.
Üzdə gülüş, gözdə nifrət yalansa,
Nə gözləyim ağıllıdan, doğrudan.

 

ÜRƏYİM
Gül açır, sevindikcə, cuşa gəldikcə ürəyim,
Baxıram xeyrimədir, çox olacaqdır gərəyim.

Nə desə can deyirəm, neyləməli, bəsləyirəm,
Odur mənim sütunum, çölü qızıldan dirəyim.

Hələ ki, incimirəm, şükr edirəm varlığına,
Qorxuram məni sata, hər ağrıdıqca kürəyim.

Odu mənə nəfəs verən, vücuduma yiyə duran,
Gecə-gündüz qanım içən, içimdəki bər-bəzəyim.

Hərdən olur ərköyündü, xətirinə dəyəmmirəm,
Ondan çıxır, ay Murad, hələ ki suyum, çörəyim.

 

ÖMRÜ BELƏ BİTİRİRİK
Mən kiməm ki?! Hamı kimi,
Allaha qul bir bəndəyəm.
Ruhumdakı sarı simi,
Tərpətdinsə, mən səndəyəm.

Nə ağlımda ayım, ilim,
Nə beynimdə bir sayım var.
Daha yoxdu uzun dilim,
Gözüm kordu, qulağım kar.

Ətrafımda olanların,
Hər sözünü əyəmmirəm.
Bir qayğıma qalanların,
Xətirinə dəyəmmirəm.

Gur çıxmayır daha səsim,
Allah, düz işimi əymə!
Oynamağa yox həvəsim,
Bircə bu canıma dəymə!

Qulağımda ölüm səsi,
Yorub məni zar olmuşam.
Əstəğfurullah kəlməsi,
Söyləməkdən yorulmuşam.

Ölüm görkdü bu dünyanı,
Başa düşüb dərk edənə.
Bu gün sağsan, dünən hanı?!
Dərs olmayır mənə, sənə.

Həyat hər gün axtarışdı,
Nə tapırıq, itiririk.
Bu gün yazdı, sabah qışdı,
Ömrü belə bitiririk.

 

TƏCNİS
Gözəllikdə buxaq nədi, sinə nə?
Bilmirsənsə tezcə döymə sinənə.
Yoldaş olma hər səs-küydən sinənə,
Tanrı kimə bilər culasın, getsin.

Kasıb dilər yatan bəxti oyana,
Azar-bezar düşə ondan o yana.
Ayrılıqdan nə mən, nə də o yana,
Yağış gəlsin bizi sulasın, getsin.

Daş düşər, bəxtindən Murada dəyər,
Gözündə arzuya, murada dəyər.
Kim ki, verməyəcək Murada dəyər,
Oxusun, başını bulasın, getsin.

 

BU DA ÖMÜR… ŞİRİN NAĞIL
Darlıq nədi bilməmişəm,
Dara düşsə, bilir adam.
Şükür sağam, ölməmişəm,
O dünyaya hələ yadam.

Həyat nədi, məzar nədi?!
Yuxulayan bəndə bilmir.
Gor evinə güzar nədi?!
Anladılmır, öyrədilmir.

Öyrənməyə can çəkirik,
Elə hazıra nazirik.
Dar ayaqda dil tökürük,
Yalvarırıq, yön gəzirik.

Nə tapırıq, tez təpirik,
Günü günə calayırıq.
Nə əkirik, nə səpirik,
Var olanı talayırıq.

Həyat şirin, yaşam acı,
Mat qalırsan, seçmək olmur.
Hər ikisi qardaş-bacı,
Heç birindən keçmək olmur.

Ömrün-günün ayazından,
Qar ələnir, qara saça.
Dərd-azarın dayazından,
Kim ötüşə, kimi qaça.

Bu da ömür…şirin nağıl,
Vaxtın çatdı, düş atından.
Dağıl, a dünya, eyy, dağıl,
Kim doydu ki, həyatından?!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top