Weather Data Source: havadurumuuzun.com

Zaur Ustac – Xoşbəxtlər xöşbəxti

YÜZ BİRİNCİ YAZI
88 – Xoşbəxtlər xoşbəxti
(Anarın 88 illiyinə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu bir ömrün 88 baharın yaşamış Azərbaycanın Xalq yazıçısı Anar haqqında olacaq. “8” rəqəmi xoşbəxtliyin, zənginliyin rəmzi-simvolu kimi assosasiya edir. Bu gün uzun və keşməkeşli bir yol keçərək iki səkkizi yanaşı ömür kitabının titul vərəqinə yazmağa nail olmuş azman söz adamının doğum günüdür! Bir “8” “xoşbəxt”lik olanda, iki “8” (88) təbii ki, “xoşbəxtlər xoşbəxti” olmalıdır. Anar bir qələm adamı kimi xoşbəxtdir (əlinə qələm almış hər bir yurddaşın nümunə götürə biləcəyi etalon şəxsiyyət kimi bu sahənin fəth olunmaz zirvəsi hesab olunur). 14 mart – 14 özü də məsumiyyəti simgələyir.  Doğum gününüz mübarək olsun, Anar müəllim! Və bu yazı mənim bu qəbildən olan 101-ci yazımdır. Keçək mətləbə.

A N A R
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ömür yoluna nəzər salanda insanın ağlına ilk gələn ifadələrdən biri də məhz budur: xoşbəxtlər xoşbəxti. Çünki hər yazıçıya nəsib olmur ki, həm böyük bir xalqın sevgisini qazansın, həm də yaradıcılığı ilə milli düşüncənin, milli yaddaşın qoruyucularından birinə çevrilsin.
Martın 14-də ustad yazıçının 88 yaşı tamam olur. Bu yaş sadəcə təqvim göstəricisi deyil. Bu, Azərbaycan ədəbiyyatında bütöv bir epoxanı ifadə edən ömür yolunun növbəti zirvəsidir. Bu gün də böyük enerji ilə yazıb-yaradan, düşünən, milli sözün keşiyində dayanan Anar müəllim Azərbaycan ədəbi mühitində canlı bir məktəbdir.
Anarın həyat yolu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və ictimai düşüncəsinin inkişaf tarixinin ayrılmaz bir hissəsidir. O, yalnız yazıçı kimi deyil, həm də milli mədəniyyətin fəal təbliğatçısı, ictimai fikir adamı kimi tanınır.
Onun qələmindən çıxan əsərlər Azərbaycan insanının mənəvi dünyasını, milli xarakterini, sevinc və ağrılarını, zamanın çağırışlarını əks etdirən dərin bədii salnamədir. Yazıçının hekayələri, povestləri, romanları (ssenariləri), dram əsərləri və publisistik yazıları uzun illərdir oxucuların düşüncə dünyasına təsir göstərir.
Anarın yaradıcılığında diqqəti çəkən əsas xüsusiyyətlərdən biri milli yaddaşın qorunması və insanın mənəvi məsuliyyəti məsələsidir. Onun qəhrəmanları yalnız bədii obrazlar deyil, həm də dövrün mənəvi portretidir.
Anar müəllimin son illərdə qələmə aldığı ən mühüm əsərlərdən biri geniş həcmli “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatıdır. Yazıçının öz sözləri ilə desək, bu əsər onun xalqına bir növ mənəvi vəsiyyətidir.
HAŞİYƏ
Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” (1120 səhifə) tarixi-kulturoloji traktatı Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixini əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.
Xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesi hansı çətin mərhələlərdən keçib?
Dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, Sovet imperiyasının qurulması və Azərbaycanın İttifaqa qoşulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınlar tariximizdə nə kimi izlər buraxıb?
Əsrlər boyu Azərbaycanın başına gətirilmiş bəlalar ədəbiyyatımıza, incəsənətimizə necə sirayət edib?
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlər gizlənirdi?
Vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər Azərbaycanı hansı təhlükələrdən xilas etdi?
Anar uzun illərin həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə bütün bu suallara cavab axtarır, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır.
Əsərdə Azərbaycanın tarixində, xalqın taleyində bu və ya digər şəkildə rol oynamış ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti də ön plana çəkilir. Cavad xan-Sisyanov qarşıdurması, Məhəmməd Əmin Rəsulzadənin millət qarşısında xidmətləri, ilk maarifçilərimiz Mirzə Kazımbəyin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsənbəy Zərdabinin Azərbaycan mədəniyyəti üçün gördüyü böyük işlər, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın milli musiqimizin inkişafındakı rolu barədə mülahizələr traktatda önəmli yer tutur. Təzadlı tarixi şəxsiyyətlərdən olan Mir Cəfər Bağırovun fəaliyyətinin bütöv, hərtərəfli əksi xüsusi maraq doğurur.
Azərbaycandan kənarda baş verən hadisələrin tariximizə, millətimizin taleyinə təsirindən də söz açan müəllif əsərdə Avqust Putçası, SSRİ-nin dağılması, ölkəmizin müstəqillik qazanması, gənc suveren respublikaya kənardan təzyiqlər barədə fikirlərini bölüşür, məsələlərə tam yeni, fərqli aspektlərdən yanaşır.
Bu monumental əsərdə Azərbaycanın qədim dövrlərdən bu günümüzə qədər keçdiyi tarixi yol geniş şəkildə araşdırılır. Yazıçı yalnız salnaməçi qələmdar kimi deyil, həm də milli taleyin düşüncəli müşahidəçisi kimi çıxış edir. Əsərdə Azərbaycan xalqının dövlətçilik ənənələri, mədəniyyət tarixi, milli kimlik məsələləri və müxtəlif ictimai-siyasi proseslər dərin təhlil olunur.
Xüsusilə diqqət çəkən məqamlardan biri də traktatda Cənubi Azərbaycan məsələsinə ayrılmış bölmədir (günümüzdə olduqca aktualdır). Bu hissədə yazıçı bütöv Azərbaycanın taleyini, milli yaddaşın bölünməzliyini və xalqın tarixi birliyini xüsusi həssaslıqla təqdim edir. Anarın bu yanaşması onun yaradıcılığında milli düşüncənin nə qədər mühüm yer tutduğunu bir daha göstərir.
Anar uzun illərdir Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir və bu təşkilatın ədəbi həyatın mərkəzlərindən biri kimi fəaliyyət göstərməsində böyük rol oynayır. Onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatında yeni nəsil yazıçıların formalaşması, milli sözün qorunması və inkişafı istiqamətində mühüm işlər görülüb.
Əslində, Anar müəllimin fəaliyyəti yalnız yazmaqla məhdudlaşmır. O, ədəbiyyatın təşkilatçısı, milli mədəniyyətin müdafiəçisi, gənc qələm adamlarının mənəvi dayaq nöqtələrindən biridir.
Bir yazıçının xoşbəxtliyi nə ilə ölçülür? Şöhrətləmi, kitabların tirajı iləmi, yoxsa mükafatlarla?
Anarın həyatına baxanda bu sualın cavabı aydın görünür. Yazıçı üçün ən böyük xoşbəxtlik xalqının yaddaşında yaşamaqdır. Onun əsərləri onilliklərdir oxunur, müzakirə olunur, yeni nəsillərin düşüncəsinə təsir göstərir.
Məhz buna görə də Anarı “xoşbəxtlər xoşbəxti” adlandırmaq təsadüfi deyil. O, həm öz xalqının sevgisini qazanıb, həm də söz sənətində silinməz iz qoyub.
Martın 14-də 88 yaşını qeyd edən ustad yazıçıya ən böyük təbrik onun yaratdığı əsərlərin hələ uzun illər yaşayacağına olan inamdır. Bu gün də böyük yaradıcılıq enerjisi ilə çalışan Anar müəllim Azərbaycan ədəbiyyatının canlı klassiklərindən biridir.
Ustad yazıçıya sağlam ömür, möhkəm cansağlığı və yeni-yeni əsərlər arzulayırıq. Çünki onun qələmi yalnız bir yazıçının qələmi deyil — xalqın yaddaşını, tarixini, ədəbiyyatını və mənəviyyatını qoruyan sözün  — mədəniyyətin qələmidir. O, sözün əsl mənasında xoşbəxt qələmdardır!
Və bu mənada Anar həqiqətən də
xoşbəxtlər xoşbəxtidir. Bir daha təbriklər, ustad!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
14.03.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ANARIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top