Weather Data Source: havadurumuuzun.com

D.Mirzə – İki qızım – iki qanadım

Ana

Bu dünyada sözlər çoxdur, gözəl anam,
İnan ki, yenə yetmir sevdiyimi anlatmağa.
Sənin istiliyinlə mən dünyamı isidirəm,
Həyatdakı ilk cənnətim sən özünsən, canım anam.

Əllərimdən tutanda, məni qucaqlayanda,
Gülümsəyib baxanda qorxularım yox olur.
Mehriban baxışınla yoluma nur ələnir,
Sənin saf işığınla yollarım çiçəklənir.

Şəfqətli əllərinlə saçlarımı oxşadın,
Beşiyimi yelləyib layla deyib qorudun.
Mənim üçün həyatda həm güldün, həm ağladın,
İndi başa düşürəm cənnət uzaqda deyil, qəlbində gizlənirmiş.
Həyatdakı ilk cənnətim, qəlbimin ilk limanı…

01.08.2023.

                                                               

İkiqat xoşbəxtlik

İki qızım – iki gözüm .
Ruhumun, qəlbimin iki yarısı.
Biriniz sakit liman, birinizsə od-alov,
Fərqli olsanız da siz,
Qəlbimin ən saf yerindəsiniz.

İki qızım – iki mələyim,
Siz mənim sevincim, qürurumsunuz,
Səmadakı sonsuz ulduzumsunuz.
Sevgiylə döyünən qəlbimsiniz siz.
Yaxşı ki, varsınız siz hər ikiniz!

İki qızım – iki qanadım.
Qəlbinizə dolsun xoşbəxtlik nuru.
Sevinciniz yayılsın səmaya doğru,
Siz varsınız – dünya mənə doludur!
Mən sevgimlə işıq olaram sizə.

16.04.2025.

                                              

Xoşbəxtlik rəsmi

Fırçamı alıram əlimə, rənglər gülür mənimlə,
Günəş sarı, bulud mavi – hər toxunuş sevinc verir.
Quşlar uçur kanvasımda, çiçəklər rəqs edir,
Hər fırça toxunuşu “Xoşbəxtlik!” deyir.

Dünyanı rənglərlə gülümsədirəm,
Yayılır hər küncə xoşbəxtlik anı.
Fırçam toxunduqca izlər danışır.
Ürəyimdən gələn sevinci paylaşır!

Palitramda gözəl həyat, sevgi, ümid,
Xoşbəxtlik daşıyır hər nöqtə, hər xətt.
Rənglər danışdıqca, gülümsəyirəm,
Hər anı sevgiylə yaşayıram mən!
25.10.2025

 

Mən ümidlə yol gedirəm

Bu həyatın yükü ağır,
Addım-addım yol gedirəm.
Ömrün buludlu günlərin
Gülümsəyib yad edirəm.
Mən şükür edib hər günümə, hər anıma,
Bir məqsədlə, bir ümidlə,
Xoş arzuyla yol alıram.
Yol gedərkən mənə baxıb
Addımımın ağırlığın,
Gözümdəki qəm qüssəni,
Qəlbimdəki həyəcanı,
Beynimdəki hesabları heç görməyən,
Həsəd çəkən insanlara
Gülümsəyib yol gedirəm.
İnanaraq addımlayıb
İşıq gələn səmtə doğru,
Mən ümidlə gələcəyə yol gedirəm.

15.07.2014.

                                                          

İstəyirəm

İllər əvvəl mən atamı itirdim.
Yox, mən onu itirmədim!
Dünya, sən onu aldın məndən.
İndi bir xahişim var səndən,
Gəl, çarxı fırladıb geriyə dönək,
Uşaqlıq ilimə səyahət edək.
Sual verəcəksən hansı illərə?
Hansı arzu,istəklərə?
İstəyirəm, istəyirəm yenə qapımız döyülsün,
Atam gəlsin evimizə.
İstəyirəm uşaq olum, qucağina alsın məni.
İstəyirəm mən arada küsüm ondan,
O da məni əzizləsin,
Mənə arxa – dayaq olsun.
Bilirəm, ey dünya,
Bu bir istəkdir.
Arzular, istəklər bitmir dünyada.
Şikayət etmirəm mən sənə, dünya.
Əksinə, təşəkkür edirəm sənə.
O təmiz ürəkli, mərd insan üçün
Gözəl atam üçün borcluyam sənə.

15.05.2025

 

Ana qəlbli güclü qadın

Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqları müdafiəçisi Kəmalə Ağazadəyə həsr edilib

Qadınsan, bir ordu tək qüvvətlisən.
Mərhəmət ən böyük gücündür sənin.
Bu güc sənin zehnindədir, sevgindədir,
Gözəlliklə dolu olan sənin o saf qəlbindədir.
Ana qəlbli güclü qadın!

Həyatın sərt küləklərinin sındırdığı körpələrə,
Qorxu dolu anlarında “ana”, “nənə” sözlərini
Cəsarətlə deməsinə nəfəs oldun, arxa oldun.
Taleləri dəyişən bir möcüzəsən,
Ana qəlbli güclü qadın!

Sən divar quraraq, ümid tikirsən,
Qaranlıq gecəni aydın edirsən.
Axan göz yaşını sən gizlədirsən,
Gülüş paylayırsan, ümid verirsən.
Ana qəlbli güclü qadın!

Qaranlıq gecənin laylasıdır sənin səsin,
Dua kimi taleləri isidəndir sənin əlin.
Sənin adın körpələrin taleyinə yazılandır,
Sənin əlin hər uğurda çiyinlərdə görünmədən daşınandır.
Ana qəlbli güclü qadın!
25.01.2026

 

 

Novruz nəğməsi

Boylanır çiçəklər çöllərə sarı,
Süzülür səmadan bahar nəfəsi.
Günəş dan yerində nur kimi gülür,
Aydın sabahlara yol salır ümid.

Sular pıçıldaşıb daşlara dəyir,
Atlanır od üstə saf niyyətimiz.
Qışın kədərini əsən yel qovur,
Torpağın səsiylə oyanır bahar.

Süfrə bərəkətli, səməni yaşıl,
Tonqal ətrafına biz yığışmışıq.
Cücərir məhəbbət qəlblərimizdə,
Yenidən həyat həvəsi doğulur bizdə.

Sevgi, məhəbbətdir sədaqətimiz,
Novruzla dirçəlir ümidlərimiz.
Qədim nəğməsiylə bu ulu bayram,
Birliyə, dostluğa səsləyir bizi.

01.03.2026.

                                 

Rəssam qızıma

Rəssam qızım, çək rəsmimi,
Üzümdə kədər olmasın.
Sən nuru çək, parıldatsın gözlərimi,
O gözlərdə sevgi dolu ürəyimi.

Bir gözümdə bacını çək, o birində özünü,
Hər fırça toxunuşun əks etdirsin ruhumu.
Bir anlığa yox elə kədərin kölgəsini,
Rənglərinlə canlandır həyatın nəğməsini.

Fırçanla can tapsın həyatın rəngi,
Boya qəlbimdəki sonsuz ümidi.
Mənim gülüşümü, səadətimi,
Ruhumu hər xətdə əbədi əks et.

Həyatımın rəngi bir gün solarsa,
Yaşayar ümidim rəsmlərində.
08.03.2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top