Weather Data Source: havadurumuuzun.com

Biri var idi, bir yox idi

Sehrli aləm
Biri var idi, bir yox idi. Böyük qəsəbənin kiçik məhəlləsində bir-birindən heç ayrılmayan, həmişə birgə oynayan, günün asudə vaxtlarını bir yerdə keçirən dörd dost var idi. Mehriban dostlar: Şəms, Nuray, Ümid və İnam adları uyğun-biri günəş kimi istiqanlı, biri ay işığıtək dostların ürəyinə işıq saçan, biri dostları ümidsiz olanda onları ümidsiz olmağa qoymayan, biri də hər dostun inandığı, güvəndiyi dost idi. Yenə dostların vaxtlarını birlikdə keçirdikləri günlərdən biri idi. Həmişəki kimi evlərinə yaxın meydançada topla oynayırdılar. Birdən Ümid topu meydançadan kənara atdı və top meydançanın yanındakı ağaclığa düşdü. İnam topun arxasıyca getmək istədi, amma ərindi. Gözü bir anlıq Şəms və Nuraya sataşdı. Onlara səsləndi:
-Həmişə top meydançadan kənara düşəndə mən gedirəm, bir dəfə də siz gedin də. Elə ancaq söhbət etməyi bilirsiniz.
Bunu eşidən Ümid İnama əsəbiləşərək:
-Qızları niyə top arxasıyca göndərirsən, özüm atmışam özüm də gətirəcəm, -dedi.
Ümid topun arxasıyca ağaclığa tərəf yeridi.Biraz getmişdi ki, böyük , qoca ağacın yanında atdığı topu gördü.Qaçıb götürmək istəyəndə gözlərinə inanmadı. O topa doğru addım atdıqca top ağacdakı oyuğa doğru yuvarlandı. Bir anlıq təəccüb içində düşündü ” Necə ola bilər axı? Əl-ayaq vurmasan, tərpənməyən top niyə oyuğa doğru yuvarlansın ki?” Bu düşüncələrlə dostlarının yanına qayıtdı. Gördüklərini onlara danışdı. Dostlar inanmaq istəmədi, hətta Şəmsin “Bu qədər də yox da, ay Ümid, ola bilməz. Bilirik, yalan danışan deyilsən, amma ola bilsin külək hərəkət etdirib topu, yoxsa sən ona doğru gedəndə niyə yuvarlansın ki? “deməsindən ürəyində incidi də. Uşaqlara səsləndi:
-Gəlin, birlikdə gedib baxaq, onda bəlkə inanarsınız. Dostlar ağaclıqdakı ağaca doğru yol aldılar. Ağaca çatanda oyuğa təəccüb və maraqla tamaşa edirdilər. Qəribə oyuq idi. Təbiətin bu sirli möcüzəsi nə idi görəsən? Top oyuğun düz kənarında idi. Ümid birazca da yaxınlaşıb topu götürmək istərkən top oyuğa doğru yuvarlanıb oyuqdan içəri keçdi. Ümid dostlara çevrildi, bir anlıq baxışlar dostlara sanki ” Gördünüzmü? ” deyirdi. Ümid yarı həyacanlı, yarı qayğılı halda :
-Hə, nə deyirsiniz, dostlar, gəlsənə girək oyuğa görək nə var?, deyə dilləndi.
Maraqlı mübahisə başladı. Həmişə nədəsə gözləməyə üstünlük verən səbirli Şəms bir az da gözləməyi, hər şeyə həddindən çox maraq göstərən Nuray dərhal içəri girməyi, tərəddüd içində olan İnamsa qəti qərara gələ bilmirdi. Ümid özünə güvənərək, irəli atıldı. Dostlarının belə qətiyyətini görən digər dostlar da oyuğa girdilər. Qarşılarına qapı çıxdı. Nurayın təəccüb dolu səsi eşidildi “Aaa, bu nədir, nə gözəl qapıdır, bəzəkli, naxış dolusu” Ümid qapıya toxunub qapını açdı. Dostlar içəri daxil oldular.
Nə gözəl yer idi bura. İçəridə güllü pərdələr, işıqlı tavan, dəyirmi masa, divarlarda izlədikləri gizgi filmlərindəki qəhrəmanların şəkilləri. Nağıllar aləmi idimi bura, ya hansısa sirli dünya idimi? Havada əşyalar: kitablar, rəngli karandaşlar, oyuncaqlar, rəsm vərəqlərin uçuşu, əşyalar anidən yox olur, yenidən peyda olub uçmağa davam edirdi. Bəzən bu uçuş qəribə rəqs yaradırdı sanki. Şəms qeyri-ixtiyari ” Ora baxın, uşaqlar, itirdiyim kitab, tapdım uraaa”deyib kitaba doğru yürüdü. Ancaq kitab gözdən itdi. “Axı mən o kitabı çox xoşlayırdım” deyib ağlamağa başladı. Ümid çoxdandır itirib tapa bilmədiyi şahmat füqurunu, Nuray rəngli qələmlərini, İnam anasının ona ad günündə aldığı oyuncaq maşınını gördü. Ancaq heç biri itirdiklərini əldə edə bilmədi. Bu sehrli aləmdə dayansınlarmı, getsinlərmi bilmədilər. Hər kəs kefsiz dayanmışdı. Sanki o şən uşaqlardan əsər-əlamət yox idi. Birdən qapı açıldı. İçəri üzündən təbəssüm, gözlərindən sevinc yağan ağbirçək qarı, nurani nənə daxil oldu. Uşaqlara gülümsünərək:
-Həə, gözəl balalar, axır ki, gəldiniz. Mən də sizin yolunuzu gözləyirdim, – dedi. İtirdiyiniz əşyalar sizdən şikayət edirlər, ha. Deyirlər onlar bizi sevmir yəqin, ona görə bizi qoruya bilmirlər, itirirlər.Görürsünüzmü, havada tutmaq istəyirsiniz, amma olmur. Çünki sizdən küsüblər.
Şəms qarı nənəyə gözləri dolmuş halda:
-Nənəcan, indi necə edək, itən əşyalarımızı istəyirik, bilirsinizmi necə darıxmışıq?, – deyə səsləndi.
-Bilirəm, mənim gözəl balalarım, bilirəm. Əşyalarınız sizə çatacaq, narahat olmayın, amma bir daha itirməyin. Axı siz ağıllı uşaqlarsınız.
Əşyalar bir anda uşaqların ovuclarında dayandı. Ağbirçək nənə təbəssümlə, mehribancasına uşaqların başlarını sığallayıb ” İndi isə gedə bilərsiniz “deyib onları evlərinə yola saldı
… Uşaqlar qayıdarkən meydançada bir vərəqi küləyin həzin mehiylə yelləndiyi gördülər. “Yenə hansımız bu vərəqi itirmişik? “, deyərək meydançaya doğru qaçdılar. Vərəqə çatdıqları an gözlərinə inanmadılar. Vərəqdə “Əşyalarınızı qoruyun, çünki onları itirəndə, bəzən, yalnız sehrli dünyalar tapa bilir “yazılmışdı. Uşaqlar gülümsündü.
Bu hadisənin üstündən illər keçdi. Dostlar Nurayın ad günü münasibətilə toplaşmışdılar. Şəms “Uşaqlar, gedək uşaqlığımın gözəl anlarının keçdiyi meydançaya, xatirələr yada düşsün” deyə səsləndi. Uşaqlar illər öncəki uşaq şıltaqlığıyla meydançaya gəldilər. Bir anda gözləri bir zamanlar sehrli aləmə düşdükləri ağaclığa sataşdı. “Görəsən, o sehrli aləm yenə varmı, o gülərüz, qayğıkeş qarı nənə yenə yaşayırmı?”, deyə astadan pıçıldadılar.

Müəllif: Nərmin Məmmədova

Nərmin Məmmədovanın yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top