Vaqif İsaqoğlunun yeni şeirləri

AĞLADIM
Öz doğma yurdumda qəribəm qərib,
Qayğılar günümü yasa döndərib.
Dərdli ürəyimi güneyə sərib,
Üzümü dağlara tutub ağladım.
Getdiyim yollarda duman süründü,
Can evim kədərə, qəmə büründü.
Yenə gözlərimə anam göründü,
Üzümü dağlara tutub ağladım.
Ayları, illəri yaşadım yalqız,
Ömrün dərd yükünü daşıdım yalqız.
Yadıma düşəndə ilk sevdiyim qız,
Üzümü dağlara tutub ağladım.
Mən ki, yıxılmazdım, dərd məni yıxdı,
Fikir məngənə tək canımı sıxdı.
Kimə «qardaş» dedim, qara daş çıxdı,
Üzümü dağlara tutub ağladım.
Qocalıq əl verib mənlə görüşdü,
Elə bil üstümə dağlar sürüşdü.
Cavanlıq çağlarım yadıma düşdü,
Üzümü dağlara tutub ağladım.
9 mart, 2026
MƏNƏ QOCA DEMƏ…
İllər saçlarıma çoxdan dən salıb,
Həsrətin canımı lap əldən salıb.
Ürəyim cavandı, demə qocalıb,
Mənə qoca demə, ay canı yanmış!
Həyatım bir cənnət bağıdı indi,
Ömrümün ən gözəl çağıdı indi.
Deyirlər: «Bu dünya sevənlərindi»,
Mənə qoca demə, ay canı yanmış!
Yanar bir ocağam, közümdən bilsən,
İşığım sönməyib, üzümdən bilsən.
Qəlbimdən keçəni gözümdən bilsən,
Mənə qoca demə, ay canı yanmış!
Göylərə çatacaq gur səsim də var,
Bitib-tükənməyən həvəsim də var,
Yüzü haqlamağa nəfəsim də var,
Mənə qoca demə, ay canı yanmış!
İpək saçlarını mənim üçün hör,
Mənimlə birlikdə gözəl ömür sür.
Nə olar, sözünü sən geri götür,
Mənə qoca demə, ay canı yanmış!
Dəmiri mum kimi əyər bu Vaqif,
Həmişə haqq sözü deyər bu Vaqif.
Vallah yüz cavana dəyər bu Vaqif,
Mənə qoca demə, ay canı yanmış!
Çəliklə gəzməyin gəldi zamanı,
Yayda da isinmir Vaqifin canı.
Hanı, qız qaytaran günlərim, hanı?
Üzümü dağlara tutub ağladım. 7 mart, 2026
HEÇ KİMƏ İNANIB,
GÜVƏNMƏ VAQİF
Əvvəlki kişilər çıxıb getdilər,
Mərdliyi, qeyrəti yığıb getdilər.
Dünyanın «əlini» sıxıb getdilər,
Heç kimə inanıb, güvənmə Vaqif!
Haramı halala qatan çoxdu çox,
Hər gün ürəyinə batan oxdu, ox.
Bir vaxt güvəndiyin atan yoxdu, yox,
Heç kimə inanıb, güvənmə Vaqif!
Yalan söz ağızda bal dadır daha,
İlan zəhəri də baldadır daha.
Qardaş da qardaşı aldadır daha,
Heç kimə inanıb, güvənmə Vaqif!
Yaman çoxalıbdı şeytan adamlar,
Daha yoxa çıxıb, qeyrət, namus, ar.
İndi nə sirdaş var, nə də ki, dost var,
Heç kimə inanıb, güvənmə Vaqif!
Enişdə, yoxuşda dizinə güvən,
Halal ocağına, közünə güvən.
Özünə arxalan, özünə güvən,
Heç kimə inanıb, güvənmə Vaqif! 4 mart, 2026
KİŞİ TƏK YAŞA…
Halal qazanırsan halal varını,
Ağ çiçək sanırsan qışın qarını.
Əymədin heç zaman dağ vüqarını,
Qalan ömrünü də kişi tək yaşa.
Eşitdin hər kəsin qəm fəryadını,
Tarixə yazmısan öz soyadını.
Göylərə ucaltdın kişi adını,
Qalan ömrünü də kişi tək yaşa.
Heç zaman yalana əl çalmamısan
Yaltaqlıq eləyib alçalmamısan
Bir gün də mənasız yaşamamısan,
Qalan ömrünü də kişi tək yaşa.
Qaraya ağ deyib yarınmadın sən,
Heç kimin boynuna sarılmadın sən.
Sənin soykökünə, nəslinə əhsən,
Qalan ömrünü də kişi tək yaşa.
Vicdanla görübdü hər işi Vaqif,
Dərdli adamların dərdişi Vaqif,
Sən kişi oğlusan, ay kişi Vaqif,
Qalan ömrünü də kişi tək yaşa.
2 mart, 2026
KƏNDDƏ YAŞAYARAM
QALAN ÖMRÜMÜ
Doğma kəndimizə çıxıb gedirəm,
Şəhərin «əlini» sıxıb gedirəm.
Mən şələ-küləmi yığıb gedirəm.
Vurub qoltuğuma solan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.
Gülləri soluxan mən yaz kimiyəm,
Pas atıb çürüyən dəryaz kimiyəm.
Telləri qırılmış bir saz kimiyəm,
Bu şəhər eylədi talan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.
Yadımdan çıxmadı bir an da kəndim,
Yaşadı ürəkdə, həm qanda kəndim.
Bu qərib şəhərdə bitib-tükəndim,
Fələk qıra bilər hər an ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.
Elə bil qəfəsdə yaşıyıram mən,
Ürəkdə dərd yükü daşıyıram mən.
Birtəhər çıxaraq bu cəhənnəmdən,
Gedib söndürərəm yanan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.
Təzə arzu ilə, yeni nəfəslə,
Canımda can olan sevdiyim kəslə,
Üz tutub gedirəm böyük həvəslə,
Şəhərdə saxlayıb yalan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.
Unuda bilmədim bir an dağları,
Saxlayıb izimi o kənd yolları.
Qaçmaq istəyirəm günəşə sarı,
Qırx ildir bürüyüb duman ömrümü,
Kənddə yaşayaram qalan ömrümü. 25 fevral, 2026
GƏLƏRSƏNMİ BİZƏ DE
Bir yaz günü biz görüşdük səninlə,
Ay batanda tez öpüşdük səninlə.
Beşinci gün oda düşdük səninlə,
Beşinci gün gələrsənmi bizə de?
Könlüm səni doğma sanır, yar sanır,
Bu sevgini unutmayıb hey anır.
Beşinci gün canım yanır, odlanır,
Beşinci gün gələrsənmi bizə de?
Mən bir vaxtlar cavan idim, nə dərdim,
Nə bir kədər, nə də qayğı bilərdim.
Beşinci gün sənə məktub göndərdim,
Beşinci gün gələrsənmi bizə de?
Qocalsam da gözlərində gözüm var,
Kül altında qaralmayan közüm var.
Beşinci gün sənə xəlvət sözüm var,
Beşinci gün gələrsənmi bizə de?
Bu sevgini oda yapdı ayrılıq,
Qılınc kimi kəsdi, çapdı ayrılıq.
Beşinci gün bizi tapdı ayrılıq,
Beşinci gün gələrsənmi bizə de?
Əlli ildir qəlbimdəsən hələ sən,
Əlli ildir bənzəyirsən gülə sən.
Beşinci gün sığal verib telə sən,
Beşinci gün gələrsənmi bizə de?
Bu sevgimiz nağıl kimi bitiəcək,
O xoş günlər ilim-ilim itəcək.
Beşinci gün ömrüm sona yetəcək,
Beşinci gün gələrsənmi bizə de?
fevral, 2026
Müəllif: Vaqif İSAQOĞLU
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


