Weather Data Source: havadurumuuzun.com

TÜRK KİMLİYİ VƏ TURANÇILIQ: KÖKDƏN MƏFKURƏYƏ

TÜRK KİMLİYİ VƏ TURANÇILIQ: KÖKDƏN MƏFKURƏYƏ
(Milli kimlik, Türk, Turan, Turançılıq məfkurəsi və Türklərin ilk inanc sesitemi barədə qeydlər)

Milli kimlik bir millətin özünü tanıması, dəyərlərini qoruması və fərdlərin həmin millətə mənsubiyyətini dərk etməsidir. Bu anlayış dil, mədəniyyət, tarix, inanc (din), vətənpərvərlik və milli ideya kimi elementləri özündə birləşdirir.
Milli kimlik insanı öz köklərinə bağlayır. O, cəmiyyətin birliyini və gücünü qoruyur. Milli kimlik olmadan xalqın gələcəyi də möhkəm ola bilməz.
Bu fürsətdə Milli kimlik, Türk, Turan, Turançılıq məfkurəsi və eləcə də Türklərin ilk inanc sesitemi barədə müəyyən qeydlər və subyektiv baxışlarımı qələmə almaq istəyirəm:

Millik kimlik…
Hər bir insanın həyatda bir neçə mənsubiyyəti ola bilər. Onlar aşağıdakılardan ibarətdir:
1. Milli kimlik (insanın öz milləti, dili, mədəniyyəti, inancı və mahiyyətinə bağılılığı);
2. Coğrafi kimlik (insanın hansı coğrafi məkana aid olması və hansı yerdə, hansı məkanda dünyaya göz açması, böyüyüb boya-başa çatması);
3. Dini kimlik (insanın hansı din və inanca mənsub olması, hansı mövcud din və inanca, etiqad sisteminə bağlılığı).
Burada milli kimlik dedikdə, bir insanın və təbii olaraq bir millətin özünəxas olan dili, adət-ənənələri, mədəniyyəti, inancı (dini), özünüifadə gerçəkliyi, dünyagörüşü, davranış və ünsiyyət dəyərləri nəzərdə tutulur.
Heç şübhəsiz bir insan və bir millətin coğrafi və eləcə də dini və inanc kimliyi onun milli kimliyindən sonra yer alır. Çünki bir insanın milli kimliyi bəlli olmadıqda, onun dünyagörüşü, inancı, davranışı və bütün dəyərləri sarsılır, ayrı-ayrı zamanlar və eləcə də müxtəlif olaylar zamanı fərqli və əcnəbi təsirlərə məruz qalaraq büdrəyir və beləliklə də öz mahiyyətini itirir.
Bu məqamda xüsusilə bir məsələyə qarşı diqqətli olmaq zəruridir. O da milli kimlik məsələsində ifrata varmamaq, özünü digər millətlər və milli azlıqlardan üstün tutub, başqalarına yuxarıdan aşağı baxmamaqdan ibarətdir. Çünki bu mövzuda ifrata varmaq insanı və bütövlükdə bir milləti uyğun sahədə faşizm baxışa və faşist yanaşmasına sürükləyə bilər. Əslində hər bir insan və hər bir millət öz milli kimliyinə sahib çıxmaqla yanaşı digər xalqlar və millətlərə sayğı ilə yanaşmalı, bu sahədə ayrıseçkilik və ədalətsizlikdən ciddi şəkildə çəkinməlidir. Həyatın bu qəbil sahələrində tolerantlıq və multikulturalizm ənənələrinə sadiq olmaq olduqca zəruridir. Bu baxımdan, milli kimlik və mənsubiyyəti açıqlamaq, onu yaymaq və təbliğ etmək əsla qəbahətli bir iş deyil. Əsil qəbahət insanlar və vətəndaşlar arasında milli ayrıseçkilik, ixtilaf və pərakəndəlik salmaq, separatçılığa meyillilik və xüsusilə də bütün bunların təməlində dayanan ifrat səviyyəli millətçilik meyilləridir.

Türk sözünün mənası…
“Türk” sözü əsasən “güclü, qüvvətli”, “əzəmətli” və “törəmək/çoxalmaq” mənalarını daşıyır. Orxon-Yenisey abidələrində (VI əsr) bu termin həm dövlət, həm də xalq adı kimi istifadə olunaraq, cəsur və yüksək məna mənalarını ifadə edir. Həmçinin, qədim mənbələrdə türk sözü üçün “doğma”, “yaxın” və insan/adam mənalarının da qeyd edildiyi bildirilir.

Turan sözünün mənası…
“Turan” türklərin vətəni mənasını verir. Turan adı Azərbaycanda daha çox oğlan, nadir hallarda isə qız uşaqlarına verilən addır. Burada “tur” ifadəsi türk sözünün qısaldılmış forması, “an” şəkilçisi isə əski türk dilində məkan mənasını bildirən sözlər yaratmaq üçün işlədilib. Buna misal olaraq Muğan və Şirvan sözlərini göstərmək olar. Belə ki, Muğanda məqsəd, muğların yaşadığı torpaqlar, Şirvanda məqsəd isə şirlərin məskunlaşdığı yerlər mənasındadır. Əlbəttə, digər baxışa görə, “Turan” ifadəsinin sonunda yer almış “an” şəkilçisi fars dilinə aid olub, cəm (lar, lər) mənasını yetirir. Belə olan halda onun mənası türklər kimi izah edilir.
Turan elləri tarixən indiki İranın şimal-şərqində, Orta Asiya, Xəzər dənizinin şərqi, Qazaxıstan çölləri, həmçinin, Altay və Ural dağları arasındakı geniş coğrafi ərazini əhatə edən, türk xalqlarının vətəni hesab olunan məskəndir. Turan, həm də türk xalqlarının vətəni, türksoylu xalqların yaşadığı yer və ya “türklər ölkəsi” mənasını verən, tarixi-coğrafi və ideoloji bir termindir.
Turan əsasən Turan düzənliyi (Turan ovalığı) və ətraf dağlıq əraziləri əhatə edir. Turanın coğrafi ərazisi əsasən Aral gölünün şərqində yerləşən, müasir Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan) və Mərkəzi Asiyanın bir hissəsini əhatə edən tarixi-coğrafi bölgədir. Bu əraziyə Xarəzm, Buxara, Kokand kimi bölgələr və Əfqanıstanın şimal hissəsi də daxildir. Ümumiyyətlə, coğrafi məna baxımından tarixən Orta Asiya, Xarəzm, Buxara, Qazaxıstanın şimalı və ətraf bölgələri Turan adlandırılmışdır.
Tarixi baxımdan, qədim dövrlərdən etibarən bu ərazi köçəri türk tayfalarının məskunlaşdığı və Turan imperiyasının hökm sürdüyü geniş bir coğrafiyanı ifadə edir.
XIX əsrdən etibarən Turan həm də türk xalqlarının məskunlaşdığı geniş arealı (Orta Asiya, Sibir, bəzən daha geniş) ifadə edən siyasi və mədəni bir terminə çevrilmişdir. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, Turan bölgəsi tarixən İran-Turan müharibələri, qədim köçəri mədəniyyətlər və türk dünyasının formalaşdığı coğrafi ərazi kimi tanınır.
İdeoloji olaraq, həmin termin Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və digər türk bölgələrini (Türkistan) əhatə edən bütöv türk dünyasını təmsil edən coğrafi və mədəni anlayışdır.
Türklərin müxtəlif qolları vardır. Buna Oğuzlar, Qazaxlar, Özbəklər, Qırğızlar, Uyğurlar, Türkmənlər, Tatarlar, Başqırdlar, Yakutlar, Çuvaşlar və s. daxildir. Onların ümumilikdə Oğuz, Qıpçaq, Karluq, Sibir və s. kimi dil qruplarına bölünür.
Əldə olan statistik bilgilərə əsasən, müasir dövrümüzdə dünyada bütöv türk dünyasının ümumi əhalisinin sayı 200 milyondan çoxdur. Onların əsas hissəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan müstəqil türk dövlətlərdə, qalanları isə Rusiya, İran və Çin ərazisində, həmçinin, dünyanın bir sıra digər ölkələrində məskunlaşıb.
Türk dünyası öz görkəmli şəxsiyyətləri ilə siyasət, hərbi iş, mədəniyyət, incəsənət, elm və ədəbiyyat sahələrində dərin iz qoymuş, xalqların tarixi taleyini formalaşdıran liderlər və mütəfəkkirlərlə zəngin olmuşdur. Buna misal olaraq Atilla, Mete Xan (Oğuz Xan), Əmir Teymur, Babur, Alp Arslan, Əlişir Nəvai, Piri Rəis, Nizami Gəncəvi, Fatih Sultan Mehmet, Sultan II Mehmed (Fateh), Sultan Süleyman Qanuni, Osman Qazi (Osmanlı dövlətinin qurucusu), Məhəmməd Qaşqarlı (dilçi), Məhəmməd Füzuli, Yunus Əmrə, Memar Sinan, Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk, Heydər Əliyev, Rəcəb Tayyib Ərdoğan və başqalarını göstərmək olar.
Adları sadalananlar dünya düzənində türk birliyi, mədəniyyəti və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynamışlar.
Türk dünyasının ortaq dəyərləri isə əsrlərdən bəri formalaşan zəngin mənəvi və mədəni irsi əhatə edir. Bura fərqli ləhcə və şivələrinə rəğmən ortaq kökənli dil, tarix, adət-ənənələr (qonaqpərvərlik, böyüklərə hörmət), “Dədə Qorqud”, “Manas” və “Koroğlu” kimi dastanlar, Novruz bayramı, həmçinin, inam, dürüstlük, əxlaq, şəfqət və humanist prinsipləri daxildir…

Turançılıq məfkurəsi…
Turançılıq məfkurəsi Avrasiya məkanı və eləcədə də bütün dünyada yaşayan türk, monqol, fin-uqor və digər Ural-Altay dilləri ailəsinə mənsub xalqların mədəni, etnik və siyasi birliyini müdafiə edən millətçi bir məfkurədir. Geniş mənada bütün Turan xalqlarının birliyini, xüsusi mənada isə türk xalqlarının (Türkçülük) bir araya gəlməsini nəzərdə tutur. Turançılıq, sadəcə siyasi deyil, həm də mədəni bir “Turan” coğrafiyası və birliyi yaratmaq, xalqların köklərinə qayıtmasını təşviq edən bir baxışdır.
Müasir dövrümüzdə dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur: Onlar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan ibarətdir. Bu ölkələr əsasən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq edirlər. Bundan əlavə, Şimali Kipr Türk Respublikası (tanınmamış), həmçinin, Rusiya Federasiyası, Çin Xalq Respublikası və Moldova Respublikasının tərkibində digər muxtar türk respublikaları və qurumları da mövcuddur.
Turan ellərində yerləşən dövlətlərin yeraltı və yer üstü sərvətlərini, eləcə də türk dünyasının əhali baxımdan 200 milyon nəfərdən çox olduğunu nəzərə aldıqda, Turançılıq məfkurəsinin dünyada böyük potensiala və parlaq gələcəyə malik olduğunu söyləmək mümkündür.

Türklərin ilk inanc sesitemi…
Türklərin dövlətçilik təcrübəsi və ənənəsi ilə yanaşı, həm də xüsusi inanc sistemi olmuşdur. Belə ki, türklər dövlətsiz olmadığı kimi, həm də inancsız və Tanrısız olmamışlar. Onların əsas inanc sistemi isə Tanrıçılıq və ya Tenqriçilikdən ibarətdir. Tanrıçılıq qədim türk və monqol xalqlarının daha öncəki, təxminən 7-8 min il əvvəl yaranmış xüsusi bir inanc sistemidir.
Gök Tanrı (Səma Tanrısı) kultuna, əcdadlara hörmətə və şamanist elementlərə əsaslanır, tək Tanrı inancı ilə ruhlara sitayişi birləşdirir. Tanrıçılıq (Tenqriçilik) müqəddəs kitab və ruhani təbəqəsi olmayan, təbiətlə vəhdətə dayanan təbii bir dindir.
Tanrıçılıq dini Tanrıya ibadət etməklə yanaşı Animizm (təbiətdəki bütün canlı və cansız varlıqların – ağaclar, daşlar, çaylar, dağlar, hava hadisələrin bir ruhu, şüuru və ya gizli gücü olduğuna dair inancdır), Şamanizm (ruhlar aləmi ilə fiziki dünya arasında körpü qurduğuna inanılan “şaman” (kam) vasitəsilə icra olunan, qədim dövrlərdən bəri Sibir, Orta Asiya və digər yerli xalqlar arasında yayılmış, magiya, ruhlara inanc və trans halına əsaslanan inanc sistemidir) və Totemizm (ibtidai insanların müəyyən bir heyvan, bitki və ya təbiət hadisəsi (totem) ilə qan qohumluğu, ortaq əcdad və müqəddəs bağ olduğuna inandıqları, totemə sitayiş edib onu qoruyucu saydıqları ilk dini-ictimai inanc forması) bu inancın əsas xəttini təşkil edir. Burada od, su, külək və torpaq müqəddəs sayılır. Bu inanca görə, Təngri (Göy Tanrı) ali yaradıcıdır, lakin yer üzündəki həyat, bərəkət və təmizlik bu dörd ünsürün tarazlığı ilə qorunur. Bunu da qeyd etmək lazımdır ki, Tenqri sözü Tanrı sözünün qədim türk dilindəki deyiliş şəklidir. Bir baxışa görə, Tenqriçilikdəki “Tengri” anlayışı İslamdakı “Allah” anlayışının sintezi və tərcüməsidir. Türk dillərində bu söz kainatın Ali qüvvəsi mənasını ifadə edən, müqəddəs varlığı bildirən bir isimdir. O, həm də Orxon abidələrində ilk oxunan söz olmuşdur…
Türk xalqlarında və o cümlədən Odlar Yurdu Azərbaycan türkləri arasında göy (mavi) rəng digər mənalarla yanaşı, həm də sevincin, şadlığın və xoş xəbərin simvolu bilinir. Bu isə bilavasitə göy rəngin öz adını Tanrı məkanı Göydən alması ilə ilgilidir…

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
26.02.2026

Top