Weather Data Source: havadurumuuzun.com

XOCALI-tarixin susmayan səhifəsi

XOCALI-tarixin susmayan səhifəsi

Tarix hər xalqın taleyində silinməz izlər buraxır. Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən ağır səhifələrdən biri də 1992-ci ilin 26 fevralında baş verən Xocalı faciəsidir. Bu hadisə təkcə bir şəhərin süqutu deyildi – bu, insanlığa qarşı törədilmiş amansız cinayət idi.

O gecə Xocalı mühasirədə idi. Silahsız, müdafiəsiz mülki əhali – qadınlar, uşaqlar, qocalar – çıxış yolu axtarırdı. Dondurucu fevral şaxtasında insanlar yalnız bir ümidlə hərəkət edirdi: sağ qalmaq. Lakin qaçmağa çalışan dinc sakinlərin üzərinə açılan amansız atəş, qarın üzərinə sərilən cansız bədənlər göstərdi ki, burada hədəf yalnız hərbi mövqe deyil, insan həyatının özü idi.

Rəsmi məlumatlara görə, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə insan yaralandı, girov götürüldü və itkin düşdü. Bu rəqəmlər sadə statistika deyil – hər biri yarımçıq qalmış bir ömür, dağılmış bir ailə, sönmüş bir ocaq deməkdir.

Xocalı faciəsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, mülki əhaliyə qarşı yönəlmiş zorakılıq aktı kimi qiymətləndirilir və dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Çünki Ədalət- yalnız bir xalq üçün deyil, bütün bəşəriyyət üçün vacib anlayışdır.

Bu gün Xocalı Azərbaycanın milli yaddaşında əbədiləşdirilmiş bir and yeridir. Hər il fevralın 26-da xalqımız kimi , “Azərbaycan Qadınları Respublika Cəmiyyəti “İ.B. üzvləri də şəhidlərin xatirəsini ehtiramla yad edir, həqiqətlərin tanınması üçün səylərini davam etdirir. “Xocalıya ədalət!” çağırışı artıq beynəlxalq platformalarda səslənən bir həqiqət səsidir.

Azərbaycanın əzəli torpaqları illərdir ki, düşmən işğalı altında idi. Minlərlə şəhid vermiş xalqın ümidini Ali Baş Komandan sərkərdə – İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Zəfər Naminə çevirdi. Onun qətiyyəti, uzaqgörən siyasəti və xalqla birgə əzmkarlığı sayəsində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi kəndlər, şəhərlər və strateji yüksəkliklər bir-bir azad olundu.

Bu Zəfər yalnız hərbi qələbə deyil. O, bir millətin birliyinin, dövlətçiliyə sadiqliyin, müstəqillik məfkurəsinə bağlılığın təcəssümüdür. Bugünkü Azərbaycan isə güclü, müstəqil və demokratiya prinsiplərinə sadiq bir ölkə kimi formalaşmaqdadır. Dövlətimizin qurucusu Heydər Əliyevin ideyaları əsasında müasir idarəçilik sistemi inkişaf edir, vətəndaş cəmiyyəti möhkəmlənir, insan hüquq və azadlıqlarına daha çox diqqət yetirilir.

Xocalı kimi unudulmaz faciələr bizə bir daha xatırladır ki, müstəqillik və azadlıq asan qazanılmır. Lakin bu mübarizənin nəticəsi olaraq Azərbaycan bu gün həm torpaqlarını azad edib, həm də demokratik dəyər və prinsiplərlə daha da güclənməkdədir.

Unutmaq olmaz. Unutdurmaq olmaz.
Xocalı və digər qurbanlar qarşısında borcumuz – əmin-amanlıq, ədalət və azadlıq yolunda daha da əzmlə çalışmaqdadır.

 

AQRC İ.B. sədri
–Bahar Qasımova

Top