Mən qəlbimlə görürəm

Mən qəlbimlə görürəm
Unutmayaq:- Tanıyaq və Tanıdaq Qazimiz Vasif Allahverdiyev
Gözlərimi itirməzdən öncə mənim bir arzum var idi:-Qarabağımızın azad olunması. Hansı məclisə və toya gedərdimsə, Qarabağın azad olunmasını arzu edərdim. Düzü heç vaxt o torpaqları görməmişdim. Bunu məni tanıyan hər bir insan təsdiqləyə bilər. İndi isə ən böyük arzum uğrunda döyüşdüyüm müqəddəs Qarabağ torpağına toxunmaq və onu görə bilməkdir. Həmişə o torpaqları görməyi, orada ailəmlə gəzməyi arzu edərdim. İndi torpaqlar bizdədir, amma çox təəssüf ki mən o torpaqları görə bilmirəm deyir Qazimiz Vasif!
Gizir Allahverdiyev Vasif Bayram oglu 1987-ci noyabr ayının 1-də Beyləqan rayonu Kəbirli kəndində anadan olmuşdur. 2005-ci ildə 11 sinifi bitirib. 2006 cı ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. Gədəbəydə yerləşən 171 nömrəli hərbi hissədə əsgər kimi xidmət etmiş, 2007ci ilin iyul ayında xidmətimi bitirmişdir. 2009-cu ildən Beyləqan rayonunda yerləşən 702 nömrəli hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır. 27 sentyabr 2020 ci ildə başlayan döyüş əməliyyatları zamanı döyüş maşın komandiri olaraq vəzifə borcunu yerinə yetirmək üçün Fizuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştitrak etmişdir.
Vasif deyir:- döyüşün ilk günlərindən başlayaraq dayanmadan irəliləyirdik. Düşmənin mühəndis maniələri möhkəm qurulsada biz ruh yüksəkliyi ilə həmin maniyələri qorxmadan keçirdik. Döyüşün başladığı bir neçə saat olardı ki düşmənin bir neçə postlarını, bölmələrini, eşalonlarını, avtomobil texnikalarını və zirehli texnikalarını məhv edərək qənimət kimi götürmüşdük. Ordumuz bir addım geri atmadan düşmənin dərinliyinə doğru gedirdi. Şiddətli döyüşlər davam edirdi. Deyərdim ki, müharibənin müqəddəratını elə bu ilkin fazada olan döyüşlər həll etdi. Çünki ilk başdan düşmən bizim qələbəyə nə qədər iddialı olduğumuzu və yaxşı silahlandığımızı gördü. Məhz bu qorxu sonrakı döyüşlərdə düşməni silahlarını atıb qaçmağa məcbur etdi. Mən olduğum döyüşlər haqqında deyə bilərəm ki, düşmənin bizdən mövqe üstünlüyü var idi. Onlar yuxarıdan aşağı atır, biz isə yuxarı doğru qalxırdıq. Əsgərlərimizin ruh yüksəkliyi çox böyük idi. Yaralananlar belə, döyüş meydanını tərk etmək istəmirdilər.
Fizuli uğrunda gedən döyüşlərdə ön cəbhədə səngərdə idim və birdan yanıma mərmi düşdü. Sonra gözlərim qaraldı, ardınca hiss etdim ki, başımı sarıdılar. Məni BTR-ə mindirdilər. Əvvəl olduğumuz yerə çatmağa 50 m qalmış BTR-i vurdular. Hiss etdim ki, BTR hardasa 10-15 dəfə fırlandı. BTR ortadan yanmağa başlamışdı. Tez məni içindən çıxardılar. Məni BTR-dən çıxaran gizir Məmişli Sahil idi. Ömrüm boyu mən ona borcluyam. Çox təəssüf ki, müharibə dayandığı gün o da şəhid oldu. Fizulidə hospitala gedənə qədər özümdə olmamışam. Amma sonra dedilər ki, danışıb qardaşımın nömrəsini vermişəm. Ad və soyadımı demişəm, amma o anı xatırlaya bilmirəm. Oradan isə vəziyyətimin ağır olduğunu nəzərə alıb Bakıya göndərdilər. Artıq mən orada heç nə görmürdüm. Ona görə də Bakıya nə ilə gətirildiyimi görə bilmədim. Məncə helikopterlə gətirildim. Çünki həm tez çatdım, həm də əgər ambulans maşını olsaydı, mən maşın səsini eşidərdim.Bakıda Mərkəzi Klinik Hərbi Hospitaldan məni Tədris-Cərrahiyyə Klinikasına göndərdilər. Həkimlər deyir ki, ora gələndə nəbzim çox zəif olub. Amma yadımdadır ki, qolumdan saatı açanda narahat oldum.
Müqəddəs torpaqlarımız mənfur düşmən tapdağından azad edildi. Allahdan ümidimi üzmürəm. Düzü, bu həyata alışmaq mənim üçün çox çətindir. Göz insan üçün nə qədər əhmiyyətlidirsə, onsuz yaşamaq da bir o qədər çətindir. Həmişə bütün işlərimi özüm görmüşəm. Heç kimdən asılı olmamışam. İndi isə həyat yoldaşım sağ olsun ki, qulluğumda dayanıb. Mənim mənəvi bacılarım Günay xanım və Elnarə xanım həmişə mənim yanımdadaırlar. Zamanla məhz mənim kimi qazilərimizi düşünüblər yada salan bacı və qardaşlarımla qarşılaşanda hiss edirik ki, biz tək deyilik. Bəzən gündüz və gecə saatlarını dəyişik salıram, bəzi gecələr isə heç yatmıram. Mən əvvəl bütün həyatımı hərbiyə həsr etmişdim. Uşaqlara çox az vaxt ayıra bilirdim. İndi isə onlarla daha yaxınam. Amma çox istərdim ki, onları səslərindən yox, gözlərindən tanıyım. Onların necə böyüdüyünü öz gözlərimlə görüm. Bu gün mən xoşbəxtəm ki, vətənim üçün iki oğul övladı böyüdürəm və onlara ən ali dəyərləri doğru-düzgün aşılamağa çalışıram.
Əsgərlərimizə hər zaman döyüşlərə hazır olmağı və döyüş texnikalarından ən mükkəməl şəkildə istifadə etməyi, onu sona kimi yerə qoymamağı tövsiyə edərdim. Hər biri vəzifə borcunu dərindən dərk etməlidir. Hər bir əsgərimiz vətənə xidmət etdiyi üçün qürur duymalıdır. Bu gün xidmət etdikləri dövlət Azərbaycan xalqınındır və bu dövlətlə qürur duymağa dəyər. Əsgərlərimizə can sağlığı və xidmətlərində uğurlar arzu edirəm.Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında müalicə alıram. Həkimlər sağ olsunlar, mənə çox diqqət göstərirlər.
Gözlərimin heç olmasa birinin görməsini çox istərdim. Əvvəlki kimi görə bilməsəm belə, ən azı gündüzü gecədən ayırmaq istərdim. Öz vəzifə borcumu yerinə yetirdiyim üçün qürur duyuram.

Xalqımızın sevinci, Ordumuzun qələbəsi, Şəhidlərimizin Zəfəri mənim görməyimdi!
Vətəni sevmək azdır ,Onu qorumaq gərək!
Vətənim demək azdır, Vətənin olmaq gərək!(Z.V)

Zülfiyyə Vəliyeva
ADPU ETM-nin Böyük Elmi işçisi
Respublikanın Əməkdar müəllimi.


