Weather Data Source: havadurumuuzun.com

İlk Su Çərşənbəsi – 24 Fevral 2026

İlk Su Çərşənbəsi – 24 Fevral 2026

24 fevral 2026-cı il tarixində xalqımızın qədim inanclarından süzülüb gələn müqəddəs bir gün – İlk Su Çərşənbəsini qarşılayırıq. Bu çərşənbə Azərbaycan xalqının minillik yaddaşında təbiətin oyanışının, həyatın yenidən dirçəlişinin və ruhun saflaşmasının başlanğıcı kimi yaşayır.
Su – yaradılışın əsası, həyatın mayasıdır. Qədim türk mifologiyasında su müqəddəs sayılmış, ona and içilmiş, onun paklayıcı gücünə inanılmışdır. Su Çərşənbəsi də məhz bu inamın, bu dərin mənəvi bağın təntənəsidir.
Azərbaycanın qədim bayramı olan Novruz bayramı öncəsi qeyd olunan dörd ilaxır çərşənbənin birincisi Su Çərşənbəsidir. Bu mərhələ kainatın yaranış fəlsəfəsini özündə daşıyan dörd ünsür – su, od, yel və torpaq anlayışına əsaslanır. İlk olaraq su oyanır, axar sular canlanır, buzlar əriyir, təbiət nəfəs almağa başlayır.
Xalq inanclarına görə, bu gün səhər tezdən axar suyun üzərindən atlanmaq, su ilə üz yumaq insanı il boyu xəstəliklərdən və mənfi enerjidən qoruyar. Çünki su yalnız fiziki deyil, həm də ruhi təmizlənmənin rəmzidir. O, insanın içindəki yorğunluğu, qüssəni, narahatlığı yuyub aparır.
Su Çərşənbəsi bizə xatırladır ki, həyat daim axardadır. Dayanmaq, donmaq, buz bağlamaq insanın təbiətinə ziddir. Axan su kimi təmiz, şəffaf və davamlı olmaq – həyat fəlsəfəmizin özüdür.
Bu gün yalnız təbiət deyil, insan qəlbi də oyanmalıdır. Keçmişin ağırlıqlarını suya tapşırıb, yeni arzulara, yeni ümidlərə yol açmaq zamanıdır. Hər damla su bir dua, hər axar çay bir ümiddir.
Qoy 2026-cı ilin İlk Su Çərşənbəsi hər evə bərəkət, hər ürəyə aydınlıq, hər qəlbə saf niyyət gətirsin. Sularımız daim duru, ömrümüz axar, niyyətlərimiz təmiz olsun.
Bayramınız mübarək olsun!

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top