FAİQİN “ŞUŞA”SI

DOXSAN BEŞİNCİ YAZI
FAİQİN “ŞUŞA”SI
(Faiq Balabəylinin “Şuşa” şeiri haqqında)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri olacaq. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, bu mənim Faiq Balabəyli haqqında yazdığım ikinci yazıdır. Faiq Balabəyli mənim üçün şəxsiyyət olaraq müasir Azərbaycan ədəbiyyatının əsl şair həyatı yaşayan çox azsaylı nümayəndələrindən biridir. Yaradıcılığı isə ümumilikdə təbii, kövrək, səmimi notlar üzərinə köhnəlmiş həzin musiqi kimidir. Ney səsidir. Qanun melodiyaları, ud naləsidr. Onun haqqında oxuduğum ən dəyərli yazılardan biri bu gün də öz qüvvəsini itirməmiş filologiya elmləri doktoru, professor, tanınmış şair, bütün ruhu və canı ilə söz adamı Mahirə Nagıqızının qələmindən çıxıb. Mahirə xanım Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsində yazır: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.” Bəli həqiqətən bu belədir.
Azərbaycan ədəbiyyatında vətən mövzusu həmişə aparıcı xətt olub. Lakin elə məqamlar var ki, vətən artıq coğrafi anlayış olmaqdan çıxır, yaddaşa, yaraya, həsrətə və qürura çevrilir. Məsələn müqəddəs ocaq olan Şuşamız. Şuşa haqqında çox şeirlər yazılıb və yazılacaq. Mənim ən çox bəyəndiyim Rəşad Məcidin Şuşaya həsr etdiyi şeirlərdir. Onun təkcə “Dilimin şəhdidir, dadıdı Şuşa.” misrası özü bir aləmdir. Ancaq Şuşa haqqında yazılmış və hələ yazılacaq şeirlər içərisində elə nümunələr var ki, onlar təkcə könülləri oxşamır, eyni zamanda tarixi yaşadır.
ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri məhz belə bir ruhun bədii-ideoloji cəhətdən poetik ifadəsidir. Bu şeir yalnız bir şəhərə ünvanlanmış poetik müraciət deyil, həm də illərlə ürəklərdə daşınan nisgilin, Vətən həsrətinin və nəhayət, qayıdış sevincinin bədii salnaməsidir.
Şairin müraciəti sadə, lakin son dərəcə təsirlidir:
“Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!”
Bu misralarda həm sevgi, həm ağrı, həm də məsuliyyət var. Şuşa burada sadəcə şəhər deyil, yaşlı, yorğun, lakin əyilməyən bir varlıq kimi təqdim olunur. “Qoca” sözü zamanın ağırlığını, “uca” isə mənəvi yüksəlişi ifadə edir. Şair şəhəri həm fiziki, həm də mənəvi baxımdan ucaldır.
Tarixi və mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. Bu şəhər həm muğamın, həm poeziyanın, həm də qəhrəmanlıq salnaməsinin məkanıdır. Şairin“özümüzdən çox uzaq, könlümüzə çox yaxın” ifadəsi məhz bu mənəvi bağlılığın poetik təzahürüdür.
Şeirin əsas emosional yükü“Axır ki, qayıtdıq, gözlərin aydın!” misrasında cəmlənir. Bu nida təkrarlandıqca şeir boyu bir ümid, bir zəfər notu güclənir. Həsrət yerini qürura verir.
Şair Şuşanı qadın obrazında təqdim edir:
“Qırmızı koftalı, yaşıl tumanlı, …
abırlı, həyalı, nurlu, imanlı…”
Bu təsvirlər milli koloritlə zəngindir. Şuşa burada ismətli, namuslu gəlin kimi təqdim olunur. Bu bənzətmə şəhərin paklığını, toxunulmazlığını və müqəddəsliyini vurğulayır. “Yaşıl meşələrdən qurşaq bağlayan, dumanı başına çalmatək çəkən” obrazı isə həm təbiətin gözəlliyini, həm də şəhərin əzəmətini canlandırır.
Şeirin ən təsirli hissələrindən biri dostu Xaqan haqqında yazılan bölümdür. Şair fərdi ağrını ümummilli ağrı ilə birləşdirir:
“Döyüşə-döyüşə tapdı şəhadət,
ruhu səndə qaldı…”
Burada şəhid obrazı təkcə bir insanın taleyi deyil, bütöv bir xalqın qurbanlıq tarixidir. “Gəmiyə çevrildi, üzdü” metaforası isə ruhun əbədiliyini, şəhidliyin ölməzliyini simvolizə edir. Şəhidin ruhunun quşa dönüb şəhərin başı üzərində dolaşması poetik baxımdan həm romantik, həm də mistik çalar daşıyır.
Şairin Şuşaya qayıdışı təkcə fiziki dönüş deyil, həm də mənəvi arınmadır:
“Doyunca əyilib içdim suyundan…”
Su burada həyatın, təmizliyin, yenilənmənin rəmzidir. Qaratikanların, böyürtkənlərin əlini dalaması isə ağrının belə doğma və şirin olduğunu göstərir. Bu, vətən torpağının hər daşının, hər tikanının belə əziz olması ideyasını ifadə edir.
“İsmətli, namuslu gəlin Şəhərim!” misrası ilə şair bir daha Şuşanı qadın obrazında ucaldır. Bu, şəhərin həm zərifliyini, həm də ləyaqətini ön plana çəkir.
“Şuşa” şeiri yalnız lirik nümunə deyil, həm də güclü publisistik çalara malikdir. Burada konkret tarix, konkret ağrı və konkret qayıdış var. Şeir oxucunu passiv müşahidəçi kimi saxlamır; onu emosional olaraq prosesə cəlb edir.
Faiq Balabəyli bu əsərlə göstərir ki, Şuşa təkcə coğrafi məkan deyil – o, milli yaddaşdır, mənəvi dirənişdir, zəfər rəmzidir. Şairin təkrar etdiyi “Axır ki, qayıtdıq!” nidası bir fərdin deyil, bütöv bir xalqın səsidir.
Faiq Balabəylinin “Şuşa” şeiri Azərbaycan poeziyasında qayıdış motivinin ən təsirli ifadələrindən biri kimi dəyərləndirilə bilər. Burada həsrət, sevinc, şəhidlik, təbiət gözəlliyi və milli qürur bir araya gəlir. Şuşa həm yaralı, həm məğrur, həm də əbədi yaşayan bir obraz kimi təqdim olunur.
Bu şeir oxucuya bir həqiqəti xatırladır: Vətən itirilə bilər, lakin unudula bilməz. Və bir gün mütləq qayıdış baş verir.
Axır ki, qayıtdıq… Gözlərin aydın, Şuşa!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, çox dəyərli oxucum! Bu gün bu gözəl insanın – tanınmış ŞAİR Faiq Balabəylinin doğum günüdür. Təbrik edirəm, Qardaş! Gün o gün olsun ki, belə şeirləridən Təbriz üçün, Dərbənd üçün, … və neçə-neçə bax bu yazımı, elə bu dildəcə oxuyub anlayan şəhərlərimiz üçün yazasan İnşəAllah!
23.02.2026. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


