Ana Dili Kimliyimiz Qürurumuzdur…
Ana Dili Kimliyimiz Qürurumuzdur…
Dil – bir millətin yaddaşı, ruhu və taleyidir. Ana dili isə insanın ilk nəfəsi, ilk duası, ilk sevgisi qədər müqəddəsdir. İnsan dünyaya göz açdığı andan etibarən anasının laylası ilə tanış olur və o layla onun taleyinə yazılan ilk söz, ilk kimlik nişanəsi olur.
Ana dili sadəcə ünsiyyət vasitəsi deyil – o, bir millətin tarixinin, mədəniyyətinin, ədəbiyyatının, düşüncə tərzinin daşıyıcısıdır. Əsrlər boyu xalqımız müxtəlif çətinliklərdən keçsə də, dilini qoruyaraq varlığını qoruyub. Dilimizi yaşatmaq, əslində, millətimizi yaşatmaq deməkdir.
Böyük mütəfəkkir və şairimiz Məhəmməd Füzuli ana dilində yaratdığı ölməz əsərlərlə göstərdi ki, dil milli ruhun aynasıdır. Mirzə Cəlil Məmmədquluzadə isə ana dilinin sadəliyi və saflığı uğrunda mübarizə apararaq millətin oyanışına xidmət etdi. Onların qələmi ilə ana dili təkcə ədəbi vasitə deyil, həm də milli dirçəliş bayrağı oldu.
Azərbaycan dili dövlət müstəqilliyimizin rəmzidir. Ümummilli lider Heydər Əliyev ana dilimizin qorunması və inkişafı üçün mühüm qərarlar qəbul edərək onun dövlət dili statusunu möhkəmləndirdi. Bu siyasət bu gün də davam etdirilir və Azərbaycan dili beynəlxalq arenada öz layiqli yerini tutur.
Ana dili insanın kimliyidir. Kimliyini itirən millət zamanla tarix səhnəsindən silinər. Ona görə də dilimizi qorumaq hər birimizin mənəvi borcudur. Uşaqlarımıza ana dilini sevdirək, onu saf və düzgün danışmağı öyrədək. Çünki dilimiz nə qədər saf olsa, ruhumuz da bir o qədər saf olar.
Ana dili – keçmişlə gələcək arasında qurulan körpüdür. Bu körpünü qorumaq, onu möhkəm saxlamaq bizim əlimizdədir. Hər bir sözümüzdə, hər bir yazımızda, hər bir çıxışımızda ana dilimizin zənginliyini yaşadaq.
Unutmayaq:
Dilini sevən millət özünü sevər.
Dilini qoruyan millət gələcəyini qoruyar.
Ana dilimiz bizim kimliyimizdir, varlığımızdır, qürurumuzdur!
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.


