Weather Data Source: havadurumuuzun.com

Azərbaycan Memarlıq İrsinin Qorunması və Dayanıqlı Şəhərsalma Strategiyaları: 2026-cı İl “Şəhərsalma və Memarlıq İli” Konteksti

Azərbaycan Memarlıq İrsinin Qorunması və Dayanıqlı Şəhərsalma Strategiyaları: 2026-cı İl “Şəhərsalma və Memarlıq İli” Konteksti

Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yalnız milli önəmli təşəbbüs deyil, eyni zamanda Azərbaycanın urbanist-memarlıq irsinin qorunması və müasir şəhərsalma standartlarına uyğun kompleks inkişaf strategiyasının həyata keçirilməsi üçün strateji bir addımdır.

Azərbaycan memarlıq məktəbi əsrlər boyu öz unikal estetik vizual dili, monumental strukturaları və regional mədəniyyət elementlərinin harmonik birləşmələri ilə seçilmişdir. Təəssüf ki, tarixi dövrlərdə baş vermiş müharibələr, işğal və destruktiv fəaliyyət nəticəsində bir çox mədəni irs nümunələri və memarlıq abidələri ciddi ziyan görmüşdür. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında icra edilən restavrasya və urban rekonstruksiya layihələri yalnız memarlıq irsimizi qorumaqla kifayətlənmir, onu müasir urban planlaşdırma prinsipləri və ekoloji dayanıqlılıq parametrləri əsasında yenidən formalaşdırır. Bu proses həm vizual estetika, həm də şəhər ekosistemlərinin funksional tarazlığı baxımından strateji əhəmiyyət kəsb edir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı şəhərsalma və infrastruktur bərpa işləri, regionlarda müasir, funksional və ekoloji davamlı yaşayış mühitinin yaradılmasına xidmət edir. Hazırlanan Baş planlar yalnız yaşayış, sənaye və ictimai zonaların harmonik yerləşməsini təmin etmir, eyni zamanda yaşıllıq koridorları, park və açıq məkanların optimal yerləşdirilməsini də nəzərə alır. Bu yanaşma urban ekosistem ilə insan rifahı arasında davamlı balansın qorunmasına imkan yaradır.

Şəhərsalma və memarlıq ekoloji prinsiplərlə sıx inteqrasiya olunmuşdur. Su-kanalizasiya infrastrukturu, enerji təchizatı sistemləri, tullantıların idarə olunması, yaşıllıqların təşkili və küçələrin ölçü parametrləri şəhər atmosferinin mikro və makro dövranına birbaşa təsir göstərir. Dar küçələr və sıx tikilmiş binalar hava keyfiyyətini pisləşdirir, istilik adaları və ştil effektləri yaradır, nəticədə insan sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən müasir şəhərsalma strategiyalarında yaşıllıqların genişləndirilməsi, piyada və nəqliyyat axınlarının optimal təşkili və tullantı idarəetməsinin səmərəliliyi prioritet hesab olunur.

Azərbaycanın urbanistika və memarlıq təcrübəsi beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın şəhərsalma siyasətindəki liderlik mövqeyini və dayanıqlı urban inkişaf strategiyasını dünya ictimaiyyətinə nümayiş etdirəcək.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək təşəbbüslər Azərbaycanın tarixi memarlıq irsinin qorunması, rekonstruksiya və modern urban planlaşdırma prinsiplərinin inteqrasiyası baxımından misilsizdir. Bu layihələr həm ekoloji dayanıqlılığı təmin edir, həm tarixi-mədəni irsin qorunmasını dəstəkləyir, həm də insanların sosial rifahını artırır, gələcək nəsillər üçün yaşıl, sağlam və funksional şəhər mühiti təmin edir.

100 ildən artıq tarixi olan və on minlərlə üzvü ilə fəaliyyət göstərən “Azərbaycan Qadınları Respublika Cəmiyyəti ” İ.B. bütün sahələrdə olduğu kimi, bu milli təşəbbüsdə də Möhtərəm Prezident İlham Əliyevin yanında olacaq. Biz üzərimizə düşən hər vəzifəni məsuliyyətlə yerinə yetirərək, Azərbaycanın inkişafı və dayanıqlı şəhərsalma vizyonunun realizasiyasına tam dəstəyimizi göstərəcəyik. Bu yalnız bir təşəbbüs deyil, xalqımızın və gələcək nəsillərin rifahına olan birgə strateji məsuliyyətimizdir.

“Azərbaycan Qadınları
Respublika Cəmiyyəti”
İ.B. sədri
Bahar Qasımova

Top