On Bir Ayın Sultanı – Ya Şəhri Ramazan, Xoş Gəldin

On Bir Ayın Sultanı – Ya Şəhri Ramazan, Xoş Gəldin
On bir ayın sultanı, könüllərin nur qapısı, duaların göyə qanadlandığı müqəddəs zaman – Ya Şəhri Ramazan, xoş gəldin…
Ramazan ayı İslam aləmində sadəcə bir təqvim ayı deyil. Bu ay, insanın nəfsi ilə üz-üzə qaldığı, ruhunun dərinliklərinə enərək özünü tanıdığı, Yaradanla bağını yenidən qurduğu ilahi bir fürsətdir. Bu ayda nazil olan müqəddəs Qurani-Kərim bəşəriyyət üçün bir hidayət çırağı, bir mərhəmət məktubu oldu. Ramazan – vəhyin yer üzünə endiyi, qaranlıqların nurla əvəzləndiyi aydır.
Tarixin səhifələrini vərəqlədikcə görürük ki, Ramazan ayı yalnız ibadət ayı deyil, həm də böyük dönüşlərin ayıdır. Bədr döyüşü Ramazanda baş verdi – sayca az olan möminlərin iman gücü ilə qalib gəldiyi bir ilahi zəfər. Bu ayda qazanılan qələbələr yalnız meydanlarda deyil, qəlblərdə də yaşandı. İnsan öz daxilindəki qorxuya, tamaha, qürura qalib gəldikcə həqiqi zəfərə çatdı.
Ramazan – səbr məktəbidir. Oruc yalnız aclıq və susuzluq deyil, dilin qeybətdən, gözün haramdan, qəlbin kin və nifrətdən qorunmasıdır. Bu ay insanı saflaşdırır, qəlbi yumşaldır, mərhəməti artırır. İftar süfrələri təkcə ruzi paylaşımı deyil, könül birliyidir. Zəkat və fitrə isə sosial ədalətin, paylaşma ruhunun canlı təcəssümüdür.
Bu ayın gecələri ayrı bir aləmdir. Xüsusilə Qədr gecəsi – min aydan daha xeyirli olan gecə… O gecə səma qapıları açılar, dualar nur kimi yüksələr, tövbələr qəbul olar. İnsan o gecə öz taleyinə yenidən dua yazar, ümidini təzələyər.
Ramazan bizə xatırladır ki, dünya fanidir, zaman əmanətdir, insan isə məsuliyyət daşıyan bir varlıqdır. Bu ayda atılan hər xeyir addımı, deyilən hər xoş söz, edilən hər dua əbədi iz buraxır. Ramazan qəlbləri birləşdirən, incikləri barışdıran, ailələri süfrə başında birləşdirən müqəddəs bir çağırışdır.
Ya Şəhri Ramazan… Sən gələndə şəhərlər sakitləşir, könüllər yumşalır, gözlər yaşla, dodaqlar dua ilə islanır. Sən gələndə insan özünü daha çox insan hiss edir. Sən gələndə səma daha yaxın, mərhəmət daha geniş olur.
Gəl ki, qəlbimiz təmizlənsin. Gəl ki, ruhumuz dirçəlsin. Gəl ki, birliyimiz möhkəmlənsin.
On bir ayın sultanı, ilahi nurun daşıyıcısı – Xoş gəldin, Ya Şəhri Ramazan…
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.


