ASKEF-in 10 İllik Yubileyi Essam Deluxe Otelində Qeyd Olundu

ASKEF-in 10 İllik Yubileyi Essam Deluxe Otelində Qeyd Olundu
ASKEF – Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının mərkəzi ofisi Antalya şəhərində yerləşir. Federasiyanın başında duran, təşkilatı uğurla idarə edən və inkişaf etdirən Genel Başkan hörmətli Savaş Ünaldır. Onun rəhbərliyi ilə ASKEF bu gün yalnız Türkiyədə deyil, bütün türk dünyasında tanınan və nüfuz qazanan beynəlxalq platformaya çevrilmişdir.
14 fevral tarixində ASKEF-in 10 illik yubileyi münasibətilə möhtəşəm tədbir Bakı şəhərində yerləşən Essam Deluxe Hoteldə keçirildi. Tədbir Genel Başkanımız hörmətli Savaş bəyin izni ilə yüksək təşkilatçılıq səviyyəsində və səmimi işgüzar mühitdə baş tutdu.
Tədbir öncəsi çay süfrəsi arxasında təşkilatçılar və ziyalılar bir araya gəldilər. ASKEF Azərbaycan rəhbəri, Prezident mükafatçısı, yazıçı Sona Abbasəliqızı İsmayılova, Əli Vəliyev, Vüqar Abduyev və digər dəyərli ziyalılarımız yubileyin əhəmiyyətini vurğulayaraq tədbiri açıq elan etdilər. Qeyd olunmalıdır ki, Sona Abbasəliqızı İsmayılova uzun illərdir ASKEF-in Azərbaycan üzrə fəaliyyətini uğurla koordinasiya edir və Orta Asiya təmsilçisi kimi türk dünyası arasında ədəbi-mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayır.
ASKEF-in əsas məqsədi türk dünyasının birliyinə xidmət etmək, ortaq dilimizi, dinimizi, tariximizi, milli mətbəximizi, ədəbiyyatımızı və mədəniyyətimizi yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Federasiya hər konfrans və tədbirdə müxtəlif ölkələrdən olan türkdilli ziyalıları bir araya gətirərək ortaq dəyərlər ətrafında birləşdirir.
Bu gün ASKEF-in təmsilçiləri Fransa, Danimarka, İsveçrə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərir. Türkiyənin isə dörd bir yanından yaş fərqinə baxmadan şairlər, yazıçılar, alimlər, professorlar, universitet müəllimləri, iş adamları, polkovniklər və müharibə veteranları ASKEF tədbirlərinə qatılırlar.
14 fevral tarixində keçirilən yubiley tədbirində də çoxsaylı ziyalılar və qonaqlar iştirak etdilər. Çıxışlarda ASKEF-in 10 illik fəaliyyəti, türk dünyasının mənəvi birliyi və gələcək layihələr geniş müzakirə olundu.
Tədbirin yüksək səviyyədə təşkilinə görə Essam Deluxe Otel rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürümüzü bildiririk. Eyni zamanda, tədbirin təşkilində əməyi keçən bütün təşkilatçılara və dəstək göstərən dəyərli ziyalılara minnətdarlığımızı ifadə edirik.
Qeyd edək ki, ASKEF-in növbəti böyük tədbiri 22 mart tarixində Türkiyənin Afyon şəhərində keçiriləcək. Həmin gün böyük söz ustadı Aşıq Ələsgərin 205 illiyi və eyni zamanda vəfatının 100-cü ildönümü qeyd olunacaq. Bu mötəbər tədbirə Bakıdan 15 nəfər ziyalımızın qatılması planlaşdırılır.
ASKEF 10 il ərzində böyük yol qət edərək türk dünyasının mənəvi birliyinə xidmət edən mühüm mərkəzə çevrilmişdir. Bu birlik sadəcə coğrafi deyil, ortaq mədəni və mənəvi bağların möhkəmləndirilməsidir.

Bir daha yubiley tədbirində iştirak edən hər kəsə təşəkkür edir, ASKEF-ə yeni uğurlar arzulayırıq.
Prezident mükafatçısı
Yazıçı
ASKEF Azərbaycan rəhbəri və Orta Asiya təmsilçisi
Sona Abbasəliqızı İsmayılova


