100 İLİN TÖHFƏLƏRİ

100 İLİN TÖHFƏLƏRİ
Azərbaycan Radiosu-100, Azərbaycan Televiziyası -70
Ənənələrimizi, milli-mənəvi dəyərlərimizi ehtiva edən – bütöv bir türk millətinin, Azərbaycan xalqının aynasına çevrilən Azərbaycan Radio və Televiziya Verilişləri QSC təkcə yaxın keçmişimizin deyil, həm də bugünümüzün haqq səsidir.Mənəvi irsimizin layiqli daşıyıcısı olan bu mübarək məkan hərdaim dövlət – millət vəhdətinin təcəssümü rolunda, qiyafəsindədir.Bir əsri haqlayan radiomuzda “Bulaq”, “Axşam görüşləri”,
“Şənbə söhbətləri” kimi proqramların mütəmadi efir dalğalarında dinlənilməsi həmin gələnəklərə sədaqət nümunəsidir.Bu həm də bir vəfa borcudur – ulularımıza, ucalarımıza ehtiramın əsl təzahürüdür.
Fevralın 14-də yaranmasının 70 illiyini qeyd etdiyimiz Azərbaycan Televiziyası da son illərdə çağdaşçı mövqeyi, yenilənmə görkəmi, vizual tərəqqisi ilə ənənələrdən gələn missiyaya yeni tərz qazandırıb.Xəbərlərə hər zaman böyük önəm verən Ana televiziyamız 44 günlük Zəfər Savaşımzda ən operativ, ən dəqiq xəbər mənbəyi kimi çıxış etdi.Xalqımızı gecə-gündüz cəbhə bölgələrindən alınan yeniliklərlə tanış elədi, Azərbaycan auditoriyasını işğaldan azad edilmiş torpaqlarımızla qovuşdurmağa nail oldu.Nə xoş ki, sevincli, fərəhli xəbərləri ilk olaraq bu məbəddən almağa müvəffəq olduq.”Xəbər” demişkən, AzTV öz proqram siyasətində xəbərlərə daha çox yer ayıraraq qlobal informasiya savaşında Dövlətimizin müdafiəçisi kimi çıxış edir.
Qeyd edək ki, AzTV – nin “Həftə” Analitik-İnformasiya proqramı həftəlik xəbərlərin toplusu kimi yayımlanır və Əməkdar jurnalist Rövşən Raqifoğlunun təqdimatında izləyicilərə uğurla çatdırılır.
Maarifləndirici verilişlərə də böyük üstünlük verən televiziya ənənəyə sədaqət nümayiş etdirərək Vətənimizə hizmətdə bulunur.
“Vətənim” –Akademik Rafael Hüseynovun müəllifi və aparıcısı olduğu veriliş belə adlanır.Hər həftənin 1-ci günü Mədəniyyət Tv-də yayımlanan veriliş öz sanbalı, publisistik yükü ilə seçilir.AzTV illərdir tamaşçılara klassik Azərbaycan ədəbiyyatını sevdirən – o taylı – bu taylı, güneyli-quzeyli, Təbrizli-Bakılı məmləkətimizi Nizami, Məhsəti, Füzuli, Xətib Təbrizi, Əssar Təbrizi kimi ədəbi dühalarla bir daha tanış etməyi özünə qutsal bir borc sayır.Rafael müəllim həm radiomuza, həm də televiziyamıza 50 ildən artıq verdiyi töhfələrlə bu gün də bizim azman alimimiz, etibarlı tədqiqatçımızdır.

Milli ruha sarılmış, qədim köklərə söykənmiş
“Türk yurdu”, “Tarixin izi ilə”, “Anın tarixi”
“Tarixin oyunu” kimi verilişlərin müntəzəm yayımlanması, “Vətənim Azərbaycan”, “Divarların sirri”, “Otuz ikidən biri” kimi maarifləndirici, elmi-kütləvi, elmi-publisistik proqramların ərsəyə gəlməsi qənaətlərimizi bir daha təsdiq edir.
Mədəniyyət Tv-də ayda 2 dəfə izləyicilərin görüşünə gələn “Türk yurdu” verilişi təkcə Azərbaycan auditoriyasını yox, həm də bütün türk dünyasını əhatə edir.Bu verilişdə çözələnən mövzular: ortaq türk dilləri, ortaq türk folkloru, ortaq türk mifologiyası, habelə
“Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri”, “Türkoloji Qurultay -100” kimi mövzular günün həm tələbi, həm də prioritetidir.Verilişin ssenari müəllifləri Mahir Qərib, Turan Uğur, quruluşçu rejissoru Elnur Qədirov, rejissoru Aqil Abbasovdur.Şair Əkbər Qoşalının təqdimatında “Türk yurdu” verilişi bu gün ən çox baxılan proqramlardandır.
”Tarixin izi ilə” verilişində əksini tapan Qərbi Azərbaycan mahallarının zəngin tarixi bizi yurd yerlərimizə kökləyən vacib məsələ kimi çıxış edir.Bu həm də cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarından ilhamlanan yurddaş, peşəkar televiziyaçılarımızın önəmli görəvinin, vacib missiyasının göstəricisidir.
Bu il Prezident sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini nəzərə alaraq, “Divarların sirri” verilişinin də funksiyasını təqdirəlayiq hesab edirik.
Tarixi binalarımızın – “Səadət” sarayının, “İsmailiyyə” nin, “Filarmoniya” nın “Dövlət Kukla Teatrı” nın və.s tarixçəsi olan binaların xüsusiyyətini memarlıq tərəfdən araşdırmaq film estetikasında əla bir verilişin ərsəyə gəlməsini şərtləndirir.Xalq artisti Mehriban Zəkinin təqdimatında hazırlanan veriliş AzTV-nin -“Xüsusi layihələr studiyası” nın uğurlu layihələrindəndir.Ssenarisi yazıçı Turan Uğura məxsus olan verilişin quruluşçu rejissoru istedadlı gənclərdən olan Şövkət Fikrətqızıdır.
“Otuz ikidən biri” –Bəli, məhz Abşeron, Bakı kəndlərinə həsr olunan veriliş belə adlanır.Artıq 3 ildir efir həyatı yaşayan verilişin müəllifi Xanım Parlakdır.Abşeronun qədim kəndlərinin qədim adətlərinə işıq salmaq verilişin yaradıcı heyətinin mübarək missiyasıdır. Novxanı, Maştağa, Nardaran, Balaxanı, Qala – daha neçə-neçə kəndlərimizin yaşayış tərzini, məşğuliyyətini bugünkü qloballaşan, kürəsəlləşən dünyada izləyicilərə aşılamaq əsl yurddaşlıq vəzifəsidir.
AzTV bu gün müasir trendlərə də uğurla qoşulur.
Gənclərlə disskusiyalara yer ayıran
Mədəniyyət Tv “2X2” tok-şousu ilə hər həftə izləyicilərə – tələbələrə auditoriya qismində çıxış etməyə şərait yaradır.Verilişdə ən müasir mövzular – “karyera qurmaq bacarığı”, “süni zəka”, “rəqəmsal bacarıqlar” kimi istiqamətlər tez-tez müzakirə edilir.Auditoriyanın sərbəst sual vermə vərdişlərinin formalaşması olduqca uğurlu yanaşmadır.Ssenari müəllifi Faizə Mehdiyeva, quruluşçu rejissor Bəhram Yaqublunun səyləri nəticəsində tok-şou baxımlı bir verilişə çevrilib.Proqramın sonunda qaliblərin elan edilməsi, onlara hədiyyələrin təqdim olunması da stimullaşdırıcı vasitə kimi düşünülüb.Bu verilişdə özəlliklərdən birinin də aparıcının –spikerin televiziya aparcıları sırasından deyil, kənar mütəxəssislər arasından seçilməsidir.
Bu gün serial çəkmək prosesinə bütün dünyanın qoşulduğunu rəhbər tutsaq, bu cəhətdə də AzTV yeniliklərə imza atan tərəf kimi görünər. İlk dəfə
2 hissəli tarixi məzmunda film ərsəyə gətirmək -“Azərbaycan Atabəyləri” kimi bədii-sənədli filmi uğurla təqdim etmək televiziya kollektivinə müyəssər oldu.Vaxtilə “Fatehlərin divanı” kimi çoxseriyalı film-tamaşanın davamı qismində 5 seriyalı
”Tarixin divanı” adlı bədi televiziya filminin bugünlərdə yayımlanması da əla effekt verdi.Filmə Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda izləmək imkanımız oldu.
Həm texniki cəhətdən, həm də gənc kadrları ilə yenilənən Azərbaycan Televiziyası çoxşaxəli, çoxmərtəbəli missiyasını başarı ilə yerinə yetirir.AzTV xəbər vermək, maarifləndirmək, əyləndirmək kimi təyinatlarının haqqını verərək yeni on illiklərə, yüz illiklərə doğru iri addımlar atır.
Bir sözlə, 100 ilin töhfəsi kimi görünən Azərbaycan Radiosu və Televiziyasının hazırkı nailliyyətləri bizi sevindirir.Odur ki, AzTV ailəsini təbrik edir, Televiziya Günündə kolleqalarımıza uğurlar diləyirik.Əziz həmkarlar, hər zaman görən gözümüz, yazan əlimiz, deyən dilimiz olasınız!
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


