Məni məndən alan dünya

Məni məndən alan dünya
Bəzən insan dayanıb geriyə boylananda anlayır ki, yaşadıqları sadəcə günlərin ardıcıllığı deyil. Hər an, hər nəfəs, hər sükut bizi bizdən alıb başqa birinə çevirən görünməz əllərin izidir. Dünya – bu böyük səhnə, bu qədim meydan – neçə-neçə taleləri yazıb, neçə ürəkləri yandırıb, neçə ümidləri göyə qaldırıb.
“İnsan bəzən yaşadığını sanır, halbuki dünya onu yazır.”
Məni məndən alan dünya…
Bəzən bir körpənin gülüşündə məni uşaq kimi saflaşdırdı, bəzən bir ananın göz yaşında məni min illərin kədərinə qərq etdi. Hər sevincdə bir parça məni aldı, hər ayrılıqda bir parça məni apardı.
“Hər ayrılıq insanın içindən bir ‘mən’i aparır.”
Tarix boyu insan eyni sualı verib: “Mən kiməm?”
Cavab isə hər dövrdə dəyişib. Müharibələr, zəfərlər, ayrılıqlar, qovuşmalar… Dünya insanı yoğurdu, formalaşdırdı, bəzən sındırdı, bəzən də yenidən yaratdı.
“Sınan ürək ya dağılır, ya da dua olmağı öyrənir.”
Dünya bəzən imtahandır. Sevdiklərini alar, səni səbrlə tanış edər. Səni gücünlə üz-üzə qoyar, ruhunun dərinliyini göstərər.
“Allah insanı ən çox sevdiyi yerdən imtahan edər.”
Amma dünyanın məni məndən aldığı ən böyük yer sevgi oldu…
Bir baxış, bir söz, bir toxunuş – insanın taleyini dəyişməyə yetərmiş. Ürək birinə bağlananda ruh öz evini tapır. Sən var olanda dünya daha işıqlı, daha mənalı olur.
“Sevgi insanın taleyinə yazılan ən gözəl imzadır.”
Sevgi dəyişdirir. Amma sədaqət ucaldır.
Sədaqət – getməyən, vaz keçməyən, zamanın sərt küləklərinə sinə gərən bir anddır. Məsafələr uzansa da, illər keçsə də ürəyin istiqaməti dəyişmir.
“Həqiqi sevən gözləyişi cəza deyil, əmanət kimi qoruyar.”
Məni məndən alan dünya…
Məni səndə sınadı, amma yenə sənə bağladı. Hər ayrılıqda içimə bir ümid əkdi.
“Ümid qovuşmağın əvvəlcədən ürəyə düşən müjdəsidir.”
Ümid insanın içində sönməyən çıraqdır. Gecə nə qədər qaranlıq olsa da, o işıq yanır. Sənin yolunu göstərir, səni ayaqda saxlayır.
“Sevgi sədaqətlə qorunanda zamana məğlub olmur.”
Bəlkə qovuşmaq sabah deyil. Bəlkə bir az da yol var. Amma sədaqətlə atılan hər addım bizi bir-birimizə yaxınlaşdırır.
Və günün sonunda insan yenə göyə baxır. Bir dua pıçıldayır:
“Ey Rəbbim, ümidimi əlimdən alma. Sevgimi sədaqətlə qoru.”
Çünki dünya nə qədər böyük olsa da, sevən ürəklərin görüş yeri yenə eyni nöqtədə – Allahın yazdığı taledədir.
Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.


