Xızırlı günlərin sorağında

Xızırlı günlərin sorağında
(Xızır Nəbi bayramına ithafən)
Öncə özümüzdən başlayım.Biz, həmşərilər bu bayrama Xızır Nəbi xitabında bulunduğumzudan elə bu cür də yazacam.Təbrizdə və Təbriz civarında Xızır Nəbi adı ilə tanınan bayramın isminə hər eldə, hər elatda fərqli şəkillərdə rast gəlinir.Təbii ki, Xızır Nəbi, Xıdır Nəbi, Xıdır İlyas, Xan İlyas, Xıdır Əlləz adları ilə cüzi fərqlərlə bütün Türküstanda, yaxın şərqdə, Anadoluda və Azərbaycanda tanınan bayram bir sıra mədəniyyətlərin vəhdətindən mütəvəlliddir.Əlbəttə, kökü Şamanizmdən tutmuş İslama, Zərdüştlüyə qədər uzanan bu bayramdan hamı özü üçün nəisə tapa bilir.
Əvvəlcə onu deyim ki, atamın əmisi oğlu Mahmud Paydarla indicə danışdım və təəssüf hissi mənim qəlbimi büsbütün çulğaladı.Əmioğlu Mahmudun səsi olduqca qüssəli gəlirdi, Təbrizdə bayramdan heç əsər-əlamət yox idi.Bu gün doğma Təbrizdə Xızır Nəbinin sönük qeyd olunmasının tək səbəbi Güney Azərbaycanında, ümumən İranda baş verən iğtişaşlardır.
Küçə iğtişaşlarında minlərlə insanın həlak olduğunu, vəziyyətin çox gərgin xarakter aldığını qeyd edən əmioğlu Təbrizin bayram ovqatında olmadığını bildirdi.
Onu tam anlayır və sözlərinə haqq qazandırıram, fəqət elə bayramların məhz bugünlərdə bizə lazım olduğunu, ekstremal vəziyyətlərdə tək sarılacaq nöqtənin folklorumuzun, mifologiyamızın, Novruzumuzun olduğunu ona dübarə aşılamaq istədim.Deyəsən, azacıq buna nail oldum da…
Xızır Nəbi bayramının rişlələri ən qədim çağların dərinliyinə qədər işləyir.O qədər qədim ki, canına hopmadığı ayin, ritual, mərasim qalmamış. Qışın “oğlan çağı” nda Kiçik çillənin tən ortasında – 9-10 fevralda keçirdiyimiz bayramı bəzi bölgələrin qışın tən ortasında qeyd etdiyini görürük.Bildiyimə görə Naxçıvanda-Şərur rayonunun bəzi kəndlərində – Aşağı Yaycıda fevralın 5-i, bəzilərində isə – Təzəkənddə, Çalxanqalada fevralın 14-ü, 15-də keçirilir.Hətta mərhum yazıçımız Əzizə xanım Cəfərzadənin Xızır Nəbi bayramının fevralın son 10 günündə – yəni Boz ayda keçirilməsi haqqında söhbətlərini uşaq yaddaşımın ən isti bir hücrəsində indi də mühafizə edirəm.Yadımdadır ki, Əzizə xanım ovaxtlar radioda Çərşənbələr, Xıdır Nəbi və s.Novruzqabağı mərasimlər haqqında şövqlə danışar, biz də ləzzətlə ona qulaq asardıq.
Əzizə xanım Xızır Nəbi bayramının bətnində bir çox dinlərdən elementlər olduğunu vurğulasa da, bu bayramı sırf türk düşüncəsinin təzahürü kimi qiymətləndirərdi.Türk coğrafiyasında bu bayramın daha təmtəraqlı keçirilmə gələnəyi yazıçımızın təsbitlərinə ən dolğun dəlildir.
Bəs ulus olaraq Xızır Nəbi günlərində neylərik?
Evdə mütləq fevralın 9-u axşamçağında plov dəmləyərik. Çillə gecəsi və Səddə bayramında boranı plova üstünlük veririksə, Xızır Nəbidə daha sanballı, xuruşu, aş-qarası daha bol olan plovu bayram süfrəmizə yaraşdırırıq: ya səbzi plov, ya döşəmə plov, ya müsəmma plov canımıza sinər olar.
Ümumiyyətlə, bu bayramda daha çox eşitdiyim sözlər bərəkət, halallıq, ruzi və.s məfhumlarla assosiasiya olunur.Yəqin ki, nənəmdən qulağımın çaldığı həmin sözlər bizi bu günə qədər addım-addım izləyir.Hə, bir də istilik sözü.Günəş, istilik, sıcaqlıq bu bayramın “olmazsa, olmaz” larındandır.
Evdə mütləq şəkərçörəyi hazırlayarıq, bəzən bayramı bəhanə edibən 3-4 gün əvvəldən daraşırıq müxtəlif növ şirniyyata, bişintilərə.Xızır Nəbiyə uyğun oldu-olmadı dürlü-dürlü təamlardan nəsibimizi alarıq.
“Xıdıra Xıdır deyərlər,
Xıdırın payın verərlər” söyləyib döşənərik təamlara.
Xıdır yalan olar, biz gerçək, gecənin ənginliyinə kimi yeyib nuşicanlıq edər, toqqamızın altını düpbədüz etməmiş süfrədən əl çəkmərik.
“Pay” dedim və həmən türk mifologiyasındakı Xızırın rolunu düşündüm.Əski türk düşüncəsində dirilik rəmzini özündə ehtiva edən bu qutsal obraz həm də bərəkəti, firavanlığı, yaşıllığı simvolizə edir.Anadoluda – bahar çağında Xızır Əlləz adı ilə bu bayramın keçirilməsi qəanətlərimi bir qədər də gücləndirir.Anadolunun bəzi yörələrində may ayının 5-i başlayıb, 6 –ısı gecəsinə kimi qutlanan Xızır Əlləz bütövlükdə yaşıllığın, suyun, təbiətin simgəsi sayılır.Görünür, məhz buna görə bayramı qutlayanlar daha çox yaşıllıq olan yerlərə, təbiət qoynuna üz tuturlar.Anadoluda Xızır Əlləz günlərində sədəqə vermək, dua eləmək, hətta “qurban kəsmə” kimi adətlərə də rast gəlinir.”Xızır sopası” deyilən ayin də var ki, Xızırın müqəddəs çubuğunun sayəsində insanın ağrı-acısına məlhəm olmasına hesablanır.
Qaqauz türklərində – böyüklər demiş Haqq oğuz türklərində də Xızır Əlləz mayın 6-da qeyd olunur və bayram 3 gün müddətində davam edir.Qohum-əqraba, qonşular, simsarlar, müsafirlər bir evə yığışar, yeyib-içə,. bəzən gecədən sabaha qədər küçələrdə qutlamalar yaparlar.Alban, qaqauz və bolqarların müştərək yaşadığı Qaraqurd kəndində (Ukraynada, Odessa şəhərinin ətrafında) festivallar da təşkil olunarmış.Küçələrdə uzun masalar düzənlənər, süfrələr açılar, hər kəs evindən azuqə gətirər, törənlər keçirərlər.Ertəsi gün uşaq və yeniyetmələrin at yarışları, güləş göstəriləri müxtəlif idman oyunlarını qapsayar.Yəqin ki, Ukrayna-Rusiya savaşı bu adətlərə də böyük ölçüdə təsirsiz ötüşmür.Görünür, dünyadakı savaşlar təkcə məzlum insanlara deyil, həm də gələnəklərimizə, adətlərimizə, bayramlarımıza qarşı elan edilib.Harda türk varsa, onun sağlamlığı, salamatlığı yönündəki çabalarımız boynumuzun borcu olmalıdır.Güneydəki yurdlarımız – Təbrizimiz, Ərdəbilimiz, Urmiyamız, Zəncanımız, Xoyumuz, Miyanəmiz, Sərabımız, Qəzvinimiz, Marağamız, Mərəndimiz, Əhərimiz və başqa şəhərlərimiz yağıların 200 illik kələk torundan qurtulmalı, Azərbaycanın mübarək başı azman bədəninə qovuşmalıdır.
Baş Təbrizdirsə, demək İsmayıl babamın ocağı da başa layiq şəkildə bayramları qutlamaq şansına mütləq yetişəcək.
Bu yazımın adını “Xızırlı günlərin sorağında” qoyarkən, həm də cahanda əmin-amanlığın xiffətini çəkmiş oluram.Atamız, Böyük Öndərimiz Atatürkün təbiri ilə desək ,“Yurdda sülh, cahanda sülh” çağırışı ilk növbədə istiqbalımız üçün yol xəritəsini çəkmiş olur.
Türk millətinin hər savaşı əslində, barış naminə, hüzur naminədir.Barış içində, hüzur içində olmağımız həm də bayramlarımıza, folklorumuza, mifologiyamıza sahiblənməyi şərtləndirir.Ən azı ona görə ki, daha Xızırlı günlərin sorağında qalıb, “heyif o bayramlardan…” deməyək!



Turan Uğur,AYB-nin üzvü, yazıçıTURAN UĞURUN DİGƏR YAZILARIDAHA ÇOX MƏLUMAT BURADAOxuyun >> Gözündə tük varZaur Ustacın şeirləri haqqındaYAZARLAR.AZI>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<II>>Mustafa Müseyiboğlu adına kitabxana<<I
28 yanvar – 3 fevral,
Bakı
Turan Uğur,
AYB-nin üzvü, yazıçı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


