Weather Data Source: havadurumuuzun.com

Şairlərin qibləsi – Dədə Ələsgər

Dədə Ələsgər -205
Mübarək Novruz bayramı günlərində millətimizə əta olunan Aşıq Ələsgər elə bir ədəbi hadisədir ki, onun haqqında yazdığım məqaləni ilin hər günü paylaşmaq olar.”Olar” nədir, labüddür, əfzəldir.Belə bir ədəbi düha elə Novruz günlərində, bahar çağında doğulmalı idi ki, ulusumuzun hiss, duyğu, fəhm tərcümanına çevrilsin.
Yeri gəlmişkən, “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı “Türküstan” qəzetindən də oxuya bilərsiniz!

Bu il Dədə Ələsgərin doğulmasından 205, vəfatından isə 100 il ötür. Deyəsən, şair Məmməd Aslan demişdi: “Möminlərin bir qibləsi var, şairlərin iki – Biri Füzulidir, biri isə Dədə Ələsgər” Hər ikisini çox sevdiyimdən hər ikisindən dəflərlə yazmışam. Ancaq bu dəfə daha rahat, daha arxayın yazmağımın səbəbləri var.Xatırlayıram ki, 2024- cü ilin sentyabrın 30-da paytaxtımız Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bəndənizi daha da fərhləndirmişdi.Aşıq Ələsgərin neçə-neçə qoşmalarını, gəraylılarını, təcnislərini, cığalı-təcnislərini müxtəlif məclislərdə əzbər deyən, onun şeiriyyatına vurğun olan birisi kimi “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı sizə təqdim edirəm.

Şairlərin qibləsi – Dədə Ələsgər

Türk, bəy türk, bay türk, gözəlliyə bayılan türk, aləmə görk olan türk – Göytürk, ey əhli-Türküstan,
əhli-Turan , əhli-Azərbaycan, Qorqud atanın ocağında yurd salanlar, bir əlinizdə qolça qopuz, bir əlinizdə isə əmud olsun, gürz olsun, toppuz olsun, dillərimizdə dastanlarımız, laylalarımız, oxşamalarımız olsun, gərək ki…

Ələsgər haqq sözün isbatın vеrə,
Əməlin mələklər yaza dəftərə,
Hər yanı istəsə, baxanda görə,
Təriqətdə bu sеvdalı gərəkdi.
(A.Ələsgər)
Xoş sədalı gərəkdirsə, o səda Göyçədən, Ağkilsədən gəlməli. Göyçəm, deyim, Göyçəli aşığım deyim, aşiqim deyim, qələndərim, dərvişim deyim, vəlim, dəlim ey Ələsgərim, o seyrangahda nə var nə yox, bir üzübəri gələrsənmi, çərşənbə günündə olsa daha xoş olar bizimçün, olmasa da qəbulumuzdur.Axı indi də müjgan oxunu atanlar eyzən sənin gözəllərinə bənzərlər, doğru buyurursuz çeşmə başı indi görüş yeri deyil, dədə Ələsgər! O köşək gözlü bulaqları, əfsus ki, indi planşetlər, telefonlar əvəzləyib.Hər elmdən hali, hər sahədən vaqif olan ozanımız, bir işarət eyləsəm kafidirmi sənə?

Seyrangahda cüt gözəlin
Mail oldum birisinə,
Dərd məndədi, dərman onda
Biri ləbdi, biri sinə…
(Aşıq Alı)
-söylərkən bunu yar ləbindən zövq, məşuq sinəsindən ləzzət alanların təcnisi saya bilərik.Belə misraları bir Türk övladı kimi sevənlərin şüarı, sevilənlərin himni kimi də oxumaq olar.Niyə olmur ki?! Təki zadəgan kimliyimizin, romantik vücudumuzun dəliqanlılığından biraz da çəkinməyək, əksinə,
iftixar hissi duyaraq Aşıq Alı, Miskin Abdal, Aşıq Şenlik,
Aşıq Ələsgər kimi ulularımıza sahib çıxaq!

Ələsgər qurbandı bеlə gəlinə,
Sona kimi cumub еşqin gölünə,
Gümüş kəmər xub yaraşır bеlinə
Yaxası qızıldan düymələnibdi.
(A.Ələsgər)
Yaxası qızıldan düymələnən, çərşənbə nədir elə şənbə də, bazar günləri də çeşmə başında dayanıb, zülfünü çiyninə, tellərini üzünə tökən şux gözəllərə qoşma qoşan aşığımız, Dədə Ələsgərin Ağkilsə kəndində, Göyçə mahalında, həm də bir Novruz bayramı günündə xalqımıza əta olunması görəsən lütfi-kərəm deyil, bəs nədir, əcəba?!


1821-ci ildə, mübarək Novruz bayramı günlərində qədimim Göyçədə doğulan Ələsgərin yolu-yörəsi bir ulusun yolu kimi səciyyələnməlidir.Alməmməd kişinin evindən sonra növbə aşıq Alı xeybəsinə çatacaqmış da, ocağı ocaq, qucağı qucaq əvəz edəcəkmiş, sən demə. Künyəsi “dədə” olan aşıq Ələsgərin sadəcə gözəllərə şeir qoşması kimi bəsid düşünməmək lazım, onu təsəvvüfdən, irfandan ayırmayacaq məqamlar büsbütün ozanımızın şair qəlbini bütün dövrlərdə çulğamışdı.Amma hələ var o gözəlliyə tapınmağa, hələ çox var, hələ el aşığını bir tanıyaq, bir sevək.Axı sevməyin yolu tanımaqdan keçir.

Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
Sinəmdədi еşqin şirin çеşməsi,
Ləzzəti mеyl еdib ay əməndədi.

Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi –
Onlar da yazdığı, ayə, məndədi.

Kişi gərək zəhmət çəksin, dər salsın ,
Süfrə açsın, ad qazansın, dər salsın.
Dərsi azlar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.
(A.Ələsgər)
Həcər, Telli, Müşgünaz, Gilə, Pərzad, Əsli, Gövhər, Güləndam, Güllü, Mələk və daha neçə bu cür mələkxislət qızcığazları tanımıram, bəs, bunlar kimlərdir? Aşıq Ələsgərdən soruşmaq səlahiyyətində olsaydıq sorardıq, mənə qalsa deyərdim ki, onlar şairin qoşmalarına, təcnislərinə, şeirlərinə yol tapmış sıradan kəndli qızlarıdır. Hər eldə, hər obada rast gələcəyimiz bu sayaq pərilər yolunu azanı ozan, yolundan çıxanı canan eləməzmi?!
-Edər, Ələsgəri də etmişdi, hələ 14-15 yaşında ikən…Qızcığazın da adı Səhnəbanu idi.Kərbəlayi Qurbanın canparəsi idi Səhnəbanu.
Aşığın Səhnəbanuya olan yeniyetməlik eşqinin qənimi Kərbəlayi Qurban adlı birisi olmuş. Qurban kişinin yosma, nazənin qızına qurban getməyə hazır və razı olan bir aşıq tanıyırıq: Aşıq Ələsgər.
Aşıq Ələsgərin aşıqlığı aşiqliyindən doğurdu. Nəyi qəsd elədiyimi açıq söyləyim.Kamalına kamal, camalına camal çatmayan, didarı kimi kirdarı da gözəl olan Aşıq Ələsgərin əlinə saz, dilinə söz alması bir ürəkbulandıran, canodlayan olaydan sonra olmuş desək – yanılmarıq.Yenə mal-dövlət hərisliyi gün kimi ortada görünməkdədir.Səhnəbanunun əmisi pullu Məhərrəm bu eşqin qənşərində xar kimi bitsin, gözəl bir növrəstəni öz oğluna arvad, özünə gəlin etməkdə olsun, biz də Ələsgər kimi bir yeniyetməni təkcə aşiq yox, həm də aşıq etmiş olaq.Biz – yəni onu sevənlər.

Ov kеçdi bərədən, ata bilməzsən,
Uçdu gеtdi əldən, tuta bilməzsən,
Yеrisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sən də yat.

Neyləyəsən ki, Səhnəbanuya olan sevgi əhvəlatı başlar-başlamaz bitəcəkmiş, lakin könlünə məlhəm olan Kəlbəcərli qızı Anaxanım 40 yaşında Ələsgərə yar, övladlarına ana olacaqmış.Buna qədər isə Ələsgəri Səhnəbanuya bir ər kimi nəvaziş göstərmək yerinə, ustad aşıq Alıya şəyird qismində qul-kəntərlik etmək nəsib olmuş . Axı dəryaların qaydasıdır ümmana baş vurmaq – Aşıq Alı ümmanına.O Alı ki gözəllər səfinə səcdə eylərdi.
Aşıq Ələsgərin sazla olan şəklini görmüsüz yəqin ki! Mütləqdir ki, görmüsüz.Solaxay idi ozanımız.Sol əli ilə sazı çalar, sağ əli ilə pərdələyərmiş.Bunu nəvəsi İslam Ələsgərin xatirələrindən də bilmək olar.Solaxaylıq isə fenomenallıq nişanıdır, buna rəğmən dədə Ələsgərin mütəvazilik süzülən əyin-başından, təvazökarlıq tökülən çöhrəsindən, dürlü-dürlü kəlamlar düşən dodaqlarından bunları eşitmək olar:
“Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım” yaxud da
“Yazıq Ələsgərəm azdır kamalım, vacibdir ki, bir ustaddan dərs alım” deyən Ələsgərin ustadı kim idi, Aşıq Alı idi.”Ələsgərin
doğru-dürüst təhsili yoxmuş” deyirlər. Necə olur ki, İrəvandan, Şəmsəddin elindən göndərilən bağlamalara, həcvlərə aşıq Ələsgər tutarlı cavab verə, el məclislərində Qurani-kərimdən dəlillər gətirə, “Ələsgərəm hər elmdən haliyəm”- deyə, lakin biz onun adını oxumaq-yazmaq bilməyən birisi kimi qələmə verək.Zənnimcə, bu bir qədər qarışıq, dolaşıq məsələdir. Açığı bu mənə əsla inandırıcı gəlmir.Yenə də böyüklərin, Ələsgər ocağına yaxın olanların sözlərinə inansaq demək olar ki, o fəhmlə, kəskin hafizəsi ilə bir çox dünyəvi elmlərə vaqif olubmuş. Daim Nəsimidən, Füzulidən, Hafizdən iqtibas edən, sitat gətirən, hecada bütün şəkil, formalarda şeir deyən, dastan söyləyən Ələsgərin ustadı təkcə Aşıq Alı deyildir ki, mən bu cərgəyə Ağ Aşığı, biraz irəli gedib, Qurbanini, Tufarqanlı Abbası, Sarı Aşığı da əlavə edərdim.Ələsgər xalqın sinəsindən gələn atalar sözlərində, bayatılarda, laylalarda, hikmətli kəlamlarda gizlənib.
İnsafdırmı gülə həmdəm xar ola, insaf deyil, fəqət xar kimi yurdumuza pərçim olan bədxah qonşuların ucbatından doğma Göyçəlilərimiz kimi, Dədə Ələsgər də qərib həyatı yaşayıb, öz yurdundan didərgin düşüb.Çox qeylü-qallar yaşayan aşığın son günləri, son illəri olduqca ağır keçib. Vaxtilə el-el, oba-oba gəzib toy-düyünlərdə məharət göstərən Dədə Ələsgər dəfələrlə nakəslərin, yolkəsənlərin, quldurların, həramilərin, çapovulçuların ziyanxorluqlarını görüb, hətta Göyçənin Qızbulaq kəndində “Əsli və Kərəm” dastanını söyləmiş, səhərisi gün bir keşişin hücumuna da məruz qalıbmış.”Bəsirət gözü açıq olanların, batini görənlərin nəsibi bu cahanda zillət çəkməkdir”, deyirlər.Ələsgər də bu səbəbdən istisna deyil, lafı laf, sözü söz olan, əməli əməl sayılan Ələsgər kişi seçib gövhəri saf eyləmişdi.
Aşıq Alı kimi, Aşıq Ələsgər də dildən dilə, ağızdan ağıza keçib gəlib.Ələsgər irsinin öyrənildiyi üçün Hümmət Əlizadəyə və aşığın nəvəsi, araşdırmaçı İslam Ələsgərə borcludur söz xiridarları.1956-cı ildə ilk dəfə ruhunu rəhmətlə andığımız İslam Ələsgər babasının kitabını nəşr etdirib. Ələst aləmində kim “bəli” demişdi, yadınızda deyil, heç kəs izah edə bilmir.Ələsgər isə məndən soruşub Rəbbimiz – deyərdi.
“Ələstidən bəli dedim, nə xoş kamaldır yüküm”- deyən, 105 il yaşayan Ələsgərin yükü mənim yükümdür, yurddaşımın, qardaşımın, sirdaşımın yüküdür.Bu yük 44 Günlük Zəfər savaşımızdan sonra demək olar ki, xeyli azalıb, bir əlcə, bir çəngə qalıb.Yeri gəlmişkən, sentyabrın 30-da başkəndimiz Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bizə daha bir başucalığı gətirdi.
Başın ucalığı isə bütün zamanlarda millətə şərəf və xeyir gətirər – irəlini daha yaxşı görmək naminə bundan gözəl bəxşiş ola bilərmi?!
Hə, indi “şairlərin qibləsi” şəhərimizdə, düz bir addımlığımızdadır.Gəl də, kərəmini, lütfünü bizə az eyləmə, Dədə Ələsgər!

(Məqaləmdə Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin xatirələrinə və şəxsi qənaətlərimə söykənmişəm)

Turan Uğur,
AYB-nin üzvü, yazıçı

TURAN UĞURUN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top