İş adamı Sahil İmanov: “Azərbaycanda işsizlik deyil, işləmək problemi var”

İş adamı Sahil İmanov: “Azərbaycanda işsizlik deyil, işləmək problemi var”
Tanınmış iş adamı Sahil İmanov Azərbaycanda əmək bazarı ilə bağlı sərt və diqqətçəkən açıqlama verib.
O, bu barədə şəxsi sosial media hesabında paylaşım edərək şirkətlərində aylardır açıq vakansiyalar olmasına baxmayaraq, işçi tapmaqda ciddi çətinlik yaşadıqlarını bildirib.
Sahil İmanovun sözlərinə görə, uzun müddət ölkədə işsizlik problemi olduğunu düşündüyünü, lakin real sektorun içində vəziyyətin tamam fərqli olduğunu gördüyünü qeyd edib:
“Mən elə bilirdim ki, həqiqətən işsizlik problemi var. Amma reallıq başqadır. Bizim şirkətlərdə aylardır açıq vakansiyalar var. Elanlar veririk, amma müraciətlər çox azdır. Müraciət edənlərin əksəriyyəti isə real iş şərtlərinə uyğun gəlmir. Açıq deyim: biz işçi tapa bilmirik”, – deyə iş adamı bildirib.
İmanov vurğulayıb ki, problem təkcə ixtisaslı kadr çatışmazlığı ilə məhdudlaşmır:
“Söhbət yalnız peşəkar işçilərdən getmir. Biz adi təmizlikçi belə tapa bilmirik”.
Onun sözlərinə görə, cəmiyyətdə “Azərbaycanda iş yoxdur” fikri formalaşıb, lakin faktiki vəziyyət tam fərqlidir:
“İş yerləri var. Çoxlu iş yerləri var. Sadəcə işləmək istəyənlərin sayı azalıb. Hamı divanda, kresloda oturub rahat ofis işi axtarır. Sahə işi və real əməyin tələb olunduğu sahələrə maraq demək olar ki, yoxdur”.
Sahil İmanov hesab edir ki, bu yanaşma dəyişməzsə, yaxın illərdə əmək bazarında daha ciddi problemlər yarana bilər:
“Əgər bu tendensiya davam edərsə, bir neçə ildən sonra əsas problem işsizlik yox, peşəkar işçi çatışmazlığı olacaq. Bu isə birbaşa ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək”.


